25 Oktyabr – Qubadlı Şəhəri Günü doğma torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlığın, xalqımızın sarsılmaz birliyinin və Qubadlının yenidən dirçəlişinin rəmzidir. Qarabağ və Şərqi Zəngəzurun qədim yaşayış məskənlərindən olan Qubadlı zəngin tarixi, füsunkar təbiəti, mədəni irsi və doğma yurda bağlı insanları ilə seçilir. Bu diyar Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunduğu, nəsillərin xatirələrinin yaşadığı torpaqlardandır. Zəngəzur mahalının qədim tarixi-etnoqrafik bölgələrindən biri olan Qubadlı ərazisində müxtəlif dövrlərə aid arxeoloji və memarlıq abidələri mövcuddur. Son Tunc – İlk Dəmir dövrünə aid Xırman yeri yaşayış məskəni, Koroğlu qalası, Qalaça və Maltəpəsi kimi tarixi abidələr bu diyarın qədim keçmişindən xəbər verir. Bu abidələr Qubadlının Azərbaycanın tarixi və mədəni irsində tutduğu mühüm yeri nümayiş etdirir. Qubadlının təbiəti də özünəməxsus gözəlliyi ilə seçilir. Əsasən dağlıq relyefə malik olan rayonun ərazisindən Həkəri və Bərgüşad (Bazarçay) çayları keçir. Bu çaylar bölgənin təbii landşaftının formalaşmasında və su ehtiyatlarının zənginliyində mühüm rol oynayır. Zəngin bitki örtüyü, meşəliklər və çoxsaylı bulaqlar bölgənin təbii sərvətlərini təşkil edir. Rayonun əlverişli təbii şəraiti tarixən kənd təsərrüfatının, xüsusilə əkinçilik və heyvandarlığın inkişafına imkan yaradıb.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər ərzində ağır dağıntılara məruz qaldı. Doğma yurdlarından didərgin düşən sakinlər məcburi köçkünlük həyatının çətinliklərini yaşasalar da, öz torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Qubadlıya qayıdış arzusu hər bir qubadlının qəlbində yaşayan və nəsildən-nəslə ötürülən müqəddəs bir istəyə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələyə çevrildi. Azərbaycan ordusunun gücü, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində işğal altında olan ərazilərimizin azadlığı təmin edildi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunması tarixi Zəfərin mühüm hadisələrindən biri oldu. Qubadlının azad olunması uzun illər doğma yurdlarından uzaq qalan sakinlərə öz torpaqlarına qayıtmaq ümidi verdi. Həmin il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlı şəhərində Dövlət Bayrağını ucaltması isə bu tarixi günlərin unudulmaz hadisələrindən biri oldu. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü elan edildi. Bu əlamətdar gün hər il xalqımızın qəhrəmanlığını, şəhidlərimizin fədakarlığını və doğma torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizəni ehtiramla yad etmək məqsədilə qeyd olunur. Bu gün Qubadlıda bərpa və quruculuq işləri davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr rayonun inkişafına, infrastrukturun yenilənməsinə və sakinlərin doğma yurdlarına qayıdaraq rahat yaşayışının təmin olunmasına yönəlib. Qubadlı şəhərində və rayonun kəndlərində yol, yaşayış, təhsil, səhiyyə və digər sahələr üzrə bərpa işləri həyata keçirilir. Aparılan quruculuq tədbirləri şəhərin tarixi görkəminin qorunması ilə yanaşı, müasir tələblərə uyğun yenidən dirçəlməsinə istiqamətlənib. Qubadlının qədim tarixi, zəngin təbiəti və azadlıqdan sonra başlayan dirçəlişi Azərbaycanın milli iradəsinin və quruculuq əzminin parlaq nümunəsidir. Bu əlamətdar gün doğma torpaqların qədrini bilməyin, milli birliyi qorumağın və keçdiyimiz tarixi nailiyyətləri gələcək nəsillərə ötürməyin vacibliyini bir daha xatırladır.
Fatimə Bayramova
“H.B. Zərdabi küçəsi 96” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi) ərazi partiya təşkilatının fəalı