PDF Oxu

Siyasət

  • 599

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıya uzanan Zəfər yolu - ŞƏRH

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıya uzanan Zəfər yolu - ŞƏRH

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev

Bu cümlə Azərbaycanın ən yeni tarixinin qürur dolu cümləsidir. 25 Oktyabr tarixi bir rayonumuzun azadlığı ilə yanaşı, Böyük Zəfərə gedən yolun ən həlledici qapısının açıldığı gündür. Bu tarix Qubadlıdan başlayaraq Şuşaya qədər uzanan böyük yolun başlanğıcıdır.

Qubadlı Azərbaycanın ən füsunkar guşələrindən biridir. Həkəri və Bərgüşad çaylarının qovuşduğu, meşələri, bulaqları, səfalı yaylaqları ilə seçilən bir diyardır. Rayon 1933-cü ildə yaradılıb, 1963-cü ildən müstəqil rayon kimi fəaliyyət göstərib. Qubadlı təkcə təbiəti ilə deyil, insanları ilə də seçilirdi. Zəhmətkeş, vətənpərvər, elmə, təhsilə bağlı insanları ilə. Qubadlı neçə-neçə alim, müəllim, şair, qəhrəman yetişdirmişdi. Amma 31 avqust 1993-cü il isə Qubadlı üçün ən ağır gün oldu. Rayon erməni silahlı qüvvələri tərəfindən işğal edildi. O gün 30 minə yaxın insan bir gecənin içində evsiz qaldı. 94 yaşayış məntəqəsi, 1 şəhər, 93 kənd viran qoyuldu. 205 mədəniyyət obyekti, 12 tarixi abidə, 40-a yaxın məscid, 20-dən çox qəbiristanlıq vəhşicəsinə dağıdıldı. Qubadlının 23200 hektar meşəsi qırılıb daşındı, 7980 hektar əkin sahəsi yararsız hala salındı. Həkəri və Bərgüşad çaylarının hövzələrində ekoloji fəlakət törədildi. Qubadlıda Azərbaycan xalqına məxsus izlər silinməyə çalışıldı. Otuz il Qubadlı susdu. Daşları susdu, bulaqları susdu, küçələri öz sahiblərinin yolunu gözlədi. Qubadlılar isə çadırlarda, yataqxanalarda, qaçqın düşərgələrində yaşasalar da, bir an belə geri qayıdacaqlarına inamlarını itirmədilər. Hər evdə Qubadlıdan gətirilən bir ovuc torpaq, hər evdə Qubadlının açarı saxlanılırdı. Və o gün gəldi.. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi. Cəbrayıl azad edildi, Füzuli azad edildi, Zəngilan azad edildi. Növbə Qubadlıya çatmışdı. Bu yol asan yol deyildi. Çünki Qubadlı dağlıq rayondur, sıldırım qayalar, dərin dərələr, illərlə qurulmuş beton istehkamlar var idi hələ qarşıda. Düşmən Qubadlıda möhkəm dayanmışdı. Amma Azərbaycan əsgərinin qarşısında heç nə dayana bilmədi. Həkəri çayı keçildi, yüksəkliklər bir-bir alındı, xüsusi təyinatlılarımız düşmənin gözləmədiyi istiqamətdən Qubadlı şəhərinə daxil oldu.

25 oktyabr 2020-ci il isə tariximizə qızıl hərflərlə yazıldı. Həmin gün Qubadlı şəhəri ilə yanaşı Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Xanazax, Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq, Xocamsaxlı, Əfəndilər kimi onlarla kənd azad edildi. Bu müjdə xalqa çatdırılanda bütün Azərbaycanın gözü yaşlı idi. Bu sevinc göz yaşları idi, bu qürur göz yaşları idi.Qubadlının azad edilməsi müharibənin taleyini dəyişən hadisə idi. Qubadlı azad olunmaqla Laçın dəhlizi Azərbaycan Ordusunun atəş nəzarətinə keçdi. Ermənistandan Qarabağdakı qruplaşmaya gələn silah, sursat, canlı qüvvə yolu kəsildi. Düşmənin təminatı dayandı, ordusu pərakəndə düşdü, mənəvi cəhətdən sarsıldı. Beləliklə,Qubadlı Şuşaya gedən cənub qapısını açdı. Füzuli-Hadrut-Qubadlı-Laçın-Şuşa xətti ilə irəliləyən ordumuz üçün geniş imkan yarandı. Şuşa fatehlərinin dağları aşaraq, meşələri keçərək etdiyi o əfsanəvi yürüş məhz Qubadlı zəfərindən sonra mümkün oldu. Hərbi tarixçilər yaxşı bilir ki, Qubadlı olmasaydı, Şuşa əməliyyatı bu qədər uğurlu alınmazdı. Bu gün böyük ümidlə danışılan Zəngəzur dəhlizinin ilk addımları da məhz Qubadlıda atıldı. Qubadlı Ermənistanla sərhəddə yerləşir. Qubadlının azadlığı gələcəkdə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi ideyasının hərbi-siyasi təməlini qoydu. Buna görə də Qubadlının azadlığı qələbəmizi yaxınlaşdıran tarixi addım idi.

Qubadlının azadlığından cəmi 13 gün sonra Şuşa azad edildi. Cəmi 14 gün sonra isə Laçın azad edildi. Bu üç tarix bir-birinə bağlıdır. Qubadlı, Laçın və Şuşa! Bu üçbucaq Qarabağın açarı idi. Qubadlı bu açarın ilk dişi idi. Bu gün Qubadlıya həyat qayıdır. Qubadlıya öz sahibləri qayıdır. Bu qayıdış otuz illik həsrətin sonudur, bu qayıdış böyük qələbənin bəhrəsidir. Rayonda geniş quruculuq işləri gedir. Qubadlı yarımstansiyası istifadəyə verilib, rayonun elektrik təminatı tam bərpa olunub. Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Mahmudlu-Qubadlı avtomobil yolları sürətlə çəkilir. Bu yollar təkcə yol deyil, bu yollar Qarabağı yenidən dirçəldən həyat damarlarıdır. Qubadlı şəhərinin və kəndlərinin baş planları təsdiqlənib, evlərin layihələri hazırdır, məktəblər, bağçalar, xəstəxanalar tikilir.Ən gözəl mənzərə isə insanlarımızın qayıdışıdır. İllər sonra doğma həyətinə qədəm qoyan ağsaqqalın torpağı öpüb ağlaması, illər sonra öz ocağında çörək bişirən ananın sevinci, Qubadlı məktəbində yenidən eşidilən zəng səsi, küçələrdə oynayan uşaqların gülüşü. Bu səslər Qubadlının dirçəlişinin səsidir. Bu səslər otuz il susan bulaqların yenidən coşmasıdır. Artıq ilk ailələr Qubadlıya köçüb. Onlar öz evlərində, öz yurdlarında yeni həyata başlayıblar. Qubadlı bizə bir həqiqəti öyrətdi. Torpaq heç vaxt unudulmur. İnsan öz kökündən ayrı düşə bilər, amma kök onu həmişə geri çağırır. Qubadlıya qayıdan hər bir ailə bu çağırışa səs verən ailədir. Onlar sübut edir ki, Azərbaycan xalqı öz torpağına bağlı xalqdır.

25 Oktyabr artıq şanlı Qubadlı Şəhəri Günüdür. Bu gün Prezident İlham Əliyev tərəfindən təsis edilib və hər il böyük təntənə ilə qeyd olunur. Bu gün qürur günüdür, bu gün qayıdış günüdür, bu gün zəfər günüdür. Bu gün təkcə qubadlıların deyil, hər bir azərbaycanlının bayramıdır. Çünki Qubadlı azad olanda hər bir azərbaycanlının evinə sevinc gəldi.

Qubadlı bizimdir! Qarabağ Azərbaycandır!

Bu torpaqlarda bundan sonra həmişə Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan muğamı eşidiləcək.

Esmira Məmmədova

YAP Naxçıvan şəhər təşkilatı “Əliabad qəsəbəsi” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdiri

Digər xəbərlər