Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 25 oktyabr - Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında qürur, Zəfər və qayıdış günü kimi yaşayır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Qubadlı şəhərinin işğaldan azad edildiyi gün - 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təsis edilib. Bu əlamətdar gün 27 illik həsrətin bitdiyi, tarixi ədalətin bərpa olunduğu gündür.
Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 1 şəhər, 93 kənd, tarixi abidələr, məktəblər dağıdılmış, təxminən 40 min qubadlılı doğma yurdundan didərgin düşmüşdü. Birinci Qarabağ müharibəsində rayon 238 şəhid verib.
Tarixi dönüş 2020-ci ilin payızında baş verdi. Vətən müharibəsinin 29-cu günü - 2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Qubadlı şəhərinin azad olunmasını elan etdi: “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Qubadlının azad edilməsi hərbi-strateji baxımdan müharibənin taleyini həll edən əməliyyat idi. Cəbrayıl və Zəngilan istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurulduqdan sonra Ordumuz çətin dağlıq relyefdə, sıldırım qayalıqlardan keçərək, düşmənin 21 səngərini yararaq Qubadlıya daxil oldu. Əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı, Zilanlı kəndləri, daha sonra Qubadlı şəhəri və Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli, Xanlıq kəndləri azad edildi. Bu qələbə ilə Laçın dəhlizinə və Gorus-Qafan yoluna nəzarət ələ keçdi.
Bu qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirildi. “Qubadlının azad olunmasına görə” medalı təsis edildi və 5876 hərbi qulluqçumuz bu medalla təltif olundu.
Bu gün Qubadlıda həyat yenidən canlanır. Prezident İlham Əliyev azadlıqdan sonra dəfələrlə Qubadlıya səfər edib, 23 dekabr 2020-ci ildə şəhərdə Azərbaycan bayrağını ucaldıb. İndi Şərqi Zəngəzurun qərb qapısı olan Qubadlıda genişmiqyaslı bərpa-quruculuq işləri, minatəmizləmə əməliyyatları aparılır.
Qubadlı sakinləri artıq doğma yurdlarına qayıdır. Bu qayıdış təkcə bir rayonun deyil, bütöv Azərbaycanın Böyük Zəfərinin davamıdır.
Məmməd Məmmədbəyov
YAP Qusar rayon təşkilatının fəalı