Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğal siyasəti və bölgədə demoqrafik reallıqları dəyişdirməyə yönəlmiş addımları uzun illər regionda sülhün və sabitliyin bərqərar olmasına mane oldu. İrəvanın siyasətinin ağır nəticələrini yaşayan Azərbaycan vətəndaşları doğma yurdlarından didərgin düşdülər. Qubadlı da bu faciədən kənarda qalmadı.
31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun əhalisi məcburi köçkün həyatına məhkum oldu. Doğma evlərindən uzaqda yaşamaq, ata-baba məzarlarını ziyarət edə bilməmək, uşaqlıq xatirələri ilə bağlı məkanlardan ayrı düşmək Qubadlı sakinləri üçün ağır sınağa çevrildi. İşğal dövründə rayonun yaşayış məntəqələrinə, tarixi-mədəni irsinə və infrastrukturuna ciddi ziyan dəydi.
Bununla belə, qubadlılılar öz doğma torpaqlarına qayıdacaqlarına inamlarını itirmədilər. Azərbaycan xalqının birliyi, dövlətimizin qətiyyətli siyasəti və ordumuzun gücü bu arzunun gerçəkləşməsi üçün tarixi zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız bir-birinin ardınca işğaldan azad edildi.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunması xalqımızın Zəfər salnaməsinə qızıl hərflərlə yazıldı. Bu qələbə hərbi-strateji əhəmiyyətinə görə də mühüm hadisə idi. Qubadlının azad edilməsi Laçın istiqamətində irəliləyiş üçün əlverişli imkanlar yaratdı və müharibənin sonrakı gedişinə əhəmiyyətli təsir göstərdi.
Bu tarixi qələbənin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, hərbçilərimizin misilsiz şücaəti dayanır. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq, adları Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
2020-ci il dekabrın 23-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağı ucaldıldı. Dövlət başçısının səsləndirdiyi “Qubadlıya öz sahibləri qayıdıb” sözləri illərlə doğma yurda qovuşmaq həsrəti ilə yaşayan insanların sevincini və tarixi ədalətin bərpasını ifadə edən rəmzi bir çağırışa çevrildi.
Qubadlının azadlığına qovuşması yeni bir dövrün başlanğıcı oldu. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayona səfərləri, burada həyata keçirilən quruculuq tədbirləri və verilən tapşırıqlar doğma yurdun yenidən dirçəldilməsi istiqamətində mühüm addımlardır.
Dövlət başçısının 2021-ci il oktyabrın 25-də Qubadlıya səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi, Xanlıq–Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində iştirakı bərpa prosesinin ardıcıl xarakter daşıdığını göstərdi. Hər yeni layihə Qubadlının gələcəyinə, burada həyatın yenidən canlanmasına xidmət edir.
Qubadlıda yaşayış məntəqələrinin bərpası, yol və kommunikasiya infrastrukturunun qurulması, sosial obyektlərin tikintisi, təhsil və səhiyyə müəssisələrinin yaradılması istiqamətində işlər aparılır. Məqsəd sakinlərin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışını təmin etmək, şəhəri müasir tələblərə uyğun inkişaf etdirməkdir.
Qubadlının gələcək inkişafında yol infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 5-də imzaladığı “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam mühüm əhəmiyyətə malikdir. Sərəncama əsasən, yolun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 20 milyon manat ayrılması nəzərdə tutulub.
Yeni yol layihələri Qubadlının nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, ətraf yaşayış məntəqələrinin birləşdirilməsinə, iqtisadi fəallığın artırılmasına və bölgənin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Müasir yolların çəkilməsi, kommunal infrastrukturun qurulması və yeni yaşayış məhəllələrinin yaradılması Qubadlının gələcək simasını formalaşdıran əsas amillərdəndir.
Bu gün Qubadlı yalnız azad edilmiş şəhər deyil, həm də Böyük Qayıdışın, quruculuğun və gələcəyə inamın rəmzidir. İşğal illərində dağıntılara məruz qalmış şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və doğma torpaqlarda həyatın bərpası dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
Qubadlının inkişafı kənd təsərrüfatı, sahibkarlıq, istehsal, xidmət və turizm sahələri üçün yeni imkanlar vəd edir. Tarixi irsin qorunması, ekoloji tarazlığın təmin edilməsi və müasir şəhərsalma prinsiplərinin tətbiqi gələcək Qubadlının inkişafında mühüm yer tutur. Bütün bunlar doğma yurda qayıdacaq sakinlərin rahat yaşayışı, məşğulluğu və rifahı üçün vacibdir.
25 Oktyabr – Qubadlı Şəhəri Günü təkcə bir şəhərin azad edilməsinin ildönümü deyil. Bu tarix həm də milli birliyimizin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu gün Qubadlıya baxarkən dünənin ağrılarını, bu günün qürurunu və sabahın ümidlərini birlikdə görürük.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri