Ya sülh, ya da müharibə: hər iki halda üstünlük Azərbaycanın tərəfindədir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda əbədi sülhün bərqərar olmasına, həmçinin, bu regionun inkişafına maneə yaradan ən əsas problemdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində meydana çıxan bu münaqişənin həlli üçün beynəlxalq səylər isə artırılmaqdadır.
Qeyd edək ki, bir neçə gün öncə regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədləri bəyanatla çıxış ediblər. Həmsədrlərin bəyanatında bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb. Təbii ki, bu bəyanatın səsləndirilməsində bir sra səbəblər mövcuddur. İlk növbədə son dövrlərdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən, Avropa Parlamentinin və NATO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi konkret fikirlər, münaqişənin həlli ilə bağlı sərgilənən mövqelər həmsədrlərin işğalçı Ermənistanla daha ciddi tonla danışılmasının vacibliyini şərtləndirib. Digər tərəfdən, vasitəçilər dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox Ermənistanın maraqlarına cavab verən hazırki status-kvonun saxlanılması ümumilikdə bütün regionda sabitliyi təhdid edir və Ermənistanın işğalı davam etdirməsi regionda vəziyyəti daha da gərginləşdirə bilər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isterik, eyni zamanda, provakasion bəyanatlar verməklə rəsmi Yerevan indiyə qədər prosesdə nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən əl çəkmədiyini büruzə verir. Bu isə təbii ki, işğala məruz qalmış ölkə olaraq Azərbaycanın səbrini tükəndirməklə yanaşı, rəsmi Bakını münaqişənin həlli ilə bağlı digər alternativ yollara əl atmaq məcburiyyətində qoya bilər. Digər tərəfdən, istər iqtisadi, istərsə də hərbi cəhətdən Ermənistandan qat-qat üstün olan Azərbaycan ərazi bütövlüyünün bərpası ilə bağlı hüquqi müstəvidə də tam əsaslara malikdir. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, eyni zamanda, Helsinki Yekun Aktı ölkəmizin ərazi bütövlüyünün təminatı məsələsində tam hüquqi əsas yaradır.
ATƏT Minsk qrupunun həmsədrlərinin səfərinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə qeyd edib ki, keçən zaman ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müxtəlif bəyanatlar verilsə də, bu günədək sözügedən təsisatın fəaliyyətinin fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ciddi irəliləyiş qeydə alınmayıb: "İldə iki dəfə Azərbaycana və Ermənistana səfər edən həmsədrlər "missiyanın ortasındayıq" deyirlərsə, o zaman buradan belə bir məntiqi nəticə çıxarmaq olur ki, ATƏT-in Minsk Qrupu özünün fəaliyyət mexanizminin səmərəsizliyini etiraf edir. Bu isə qanunauyğun nəticədir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu bu günədək işğalçı Ermənistana ciddi təzyiq göstərməyib. Hansı ki, münaqişənin həllinə mane olan başlıca səbəb Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir. Buna görə də ATƏT-in Minsk qrupu ilk növbədə münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün İrəvana ciddi təzyiq göstərməli və öz funksiyasına müvafiq surətdə fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalıdır"-deyə, millət vəkili vurğulayıb. "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləridir və dünya siyasətinin əsas geostrateji konturlarını müəyyənləşdirən dövlətlərdir" deyən A.Mirzəzadə bildirib ki, kifayət qədər geniş imkanlara malik olan həmsədr ölkələr daha konkret təşəbbüslərlə çıxış etməli və münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə nail olmalıdırlar.
Millət vəkili, politoloq Rasim Musabəyov isə deyib ki, Minsk Qrupunun münaqişənin həllinə yönəlik fəaliyyəti qaneedici deyil: "Bu, bir faktdır ki, Azərbaycan yenilənmiş Madrid prinsiplərinə cavab verib-özünün konkret mövqeyini ortaya qoyub, Ermənistan isə hələ bu məsələ ətrafında manipulyasiya etməkdə və konkret mövqeyini bildirməməkdədir. Belə olan təqdirdə ATƏT-in Minsk Qrupu Ermənistana çox ciddi təzyiqlər etməli və İrəvandan yenilənmiş Madrid prinsiplərinə konkret cavab tələb etməlidir. Amma biz bunu müşahidə etmirik. Digər tərəfdən, ATƏT-in faktaraşdırıcı missiyası öz hesabatını təqdim etməli olduğu halda, hələ də bunu etməyib. Eyni zamanda, sözügedən hesabatda real faktlar əks olunmalı və ədalətli detallar yer almalıdır"-deyə, millət vəkili qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Beynəlxalq Böhran Qrupu da son hesabatında Dağlıq Qarabağda müharibənin başlama təhlükəsinin yarandığı barədə xəbərdarlıq etmişdi. Hesabatda bildirilir ki, ötən il ərzində Azərbaycanla Ermənistan arasında münasibətlər daha da pisləşib. Bu isə iki Cənubi Qafqaz respublikası arasında yeni bir hərbi münaqişənin başlamasına yol aça və nəticədə, bu dəfə daha çox insan tələfatı və dağıntı baş verə bilər. Sənəddə deyilir ki, hətta tərəflərdən biri cəbhə boyu genişmiqyaslı hücuma keçməsə belə iki ölkənin qoşunları arasında təmas xəttində arabir başverən kiçik atışmalar nəzarətdən çıxa bilər. Beynəlxalq Böhran Qrupu açıqlamasında Birləşmiş Ştatlar, Avropa İttifaqı, Rusiya və Türkiyəni hadisələrin belə bir istiqamətdə inkişafını qarşısını almaq üçün addımlar atmağa çağırıb. Hesabatda bildirildiyi kimi, regionda hərbi əməliyyatların başlayacağı təqdirdə baş verə biləcəklər isə hər kəsə bəllidir. Daha dəqiq desək, istər iqtisadi, istərsə də hərbi üstünlüyə malik, işğal altında olan ərazilərini azad etmək iqtidarında olan orduya sahib Azərbaycanın dövlət büdcəsini ianələr hesabına doldurmağa çalışan, aclığın və səfalətin etalonuna çevrilməkdə olan, bununla belə təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan üzərində qələbə əldə etməsi elə də çətin olmayacaq.
Yeri gəlmişkən, deyək ki, Goranboy rayonuna səfəri çərçivəsində bu rayonda məskunlaşmış Xocalı qaçqınları ilə görüşən Prezident İlham Əliyev də erməni işğalçı qüvvələrinin torpaqlarımızı zəbt etdiyini və bu işğala son qoymaq istəmədiklərini deyib. Ölkə başçısı, bildirib ki, danışıqlar gedir, amma hələ ki, nəticəsi yoxdur. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllinə çalışır. Bununla bərabər, bütün başqa variantlar da istisna edilmir: "Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, o, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilər. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır. Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ öz həllini tapsın. Lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası mütləq baş verəcək".
Bir sözlə, bu gün münaqişə ətrafında yaranmış vəziyyət tam bəllidir. Ya sülh, ya da müharibə. Hər iki halda üstünlük Azərbaycanın tərəfindədir.