YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, Lerik Rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyevanın, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikovun iştirak ilə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Lerik rayon təşkilatı tərəfindən təhsil sektorunda çalışan müəllimlərlə görüş keçirilib.
Görüşü açıb Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafından və Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdən danışan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib:= Partiyamızın VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan hədəflər ölkəmizin həyatında böyük əhəmiyyət daşıyır. Ən əsası dövlətçilik ənənələrinin qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində, ölkəmizin davamlı inkişafı istiqamətində, eləcə təhsil işçilərinin gənc nəslin formalaşmasında, şagirdlərin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlı yetişdirilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatların, müasir təhsil infrastrukturunun yaradılmasının və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə
toxunan Lerik Rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva çıxışında müəllimlərin üzərinə düşən məsuliyyəti vurğulayaraq, şagirdlərin bilikli, savadlı, müasir dünyagörüşünə malik və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Digər natiqlər=Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən, ölkəmizin inkişafından və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin bərpasının tarixi əhəmiyyətindən söhbət açıblar. Natiqlər, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, dövlətinə və xalqına sədaqətli ruhda yetişdirilməsinin, şəhidlərin əziz xatirəsinin yaşadılmasının və müharibə veteranlarının qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildiriblər.
Tədbirdə o da vurğulanıb ki, müəllimlər cəmiyyətin inkişafında əsas simadırlar. Təhsil sahəsində əldə olunan nailiyyətlərin davam etdirilməsi, gənclərin bilik və bacarıqlarının artırılması, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Tural Əliyev,
Lerik rayon Dəstər kənd məktəbinin müəllimi