Prezident təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli bayramı münasibətilə Prezident xanım Dalya Qribauskayteyə təbrik məktubu göndərib. Məktubda deyilir: "Milli bayramınız - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına sülh və rifah diləyirəm".