Prezident bir sıra Sərəncamlar imzalayıb
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətəndaşın biometrik informasiya texnologiyaları əsasında yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək. Elektron daşıyıcıda (çipdə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəricilər yerləşdiriləcək. Ölkə Prezidenti eyni zamanda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə də Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməli, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.
Ölkə Prezidenti İlham Əliyev həmçinin "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" da Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsəd kimi qarşıya qoyulub.
Nazirlər Kabineti 2011-ci ilin "Turizm ili" elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.