PDF Oxu

Siyasət

  • 570

Azərbaycan beynəlxalq dialoq və etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır - ŞƏRH

Azərbaycan beynəlxalq dialoq və etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır - ŞƏRH

Müasir dövrdə beynəlxalq münasibətlərin xarakteri dövlətlərin qarşılıqlı əlaqələrindən, ortaq problemlərin həllinə yanaşmasından və qlobal təhlükəsizliyin təmin olunmasına verdikləri töhfələrdən bilavasitə asılıdır. Dünyada siyasi və iqtisadi maraqların toqquşduğu, regional gərginliklərin artdığı bir şəraitdə dövlətlər arasında etimadın gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət vasitəsilə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən, mühüm siyasi tədbirlərin təşkil olunduğu və müxtəlif ölkələrin bir araya gəldiyi dövlətlərdən biri kimi tanınır.

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq diplomatiyada fəal mövqeyinin növbəti ifadəsi oldu. Müxtəlif dövlətlərin rəhbərlərini və nümayəndələrini bir araya gətirən bu tədbir Asiya məkanında təhlükəsizlik, sabitlik və qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynadı. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq təşəbbüslərə açıq olduğunu və dövlətlər arasında siyasi dialoqun genişlənməsinə önəm verdiyini göstərir.
Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərə dair mövqeyinin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıdı. Dövlət başçısı çıxışında ölkəmizin üzləşdiyi tarixi çətinliklərə, beynəlxalq hüququn tətbiqində müşahidə olunan problemlərə və ərazi bütövlüyü məsələsinə toxundu. Səsləndirilən fikirlər beynəlxalq hüququn bütün dövlətlər üçün eyni prinsiplərlə tətbiq edilməsinin vacibliyini bir daha gündəmə gətirdi. Çünki beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın qorunması və dövlətlərin hüquqlarına hörmət edilməsi davamlı sülhün əsas şərtlərindəndir.
Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün bərpası ilə nəticələnən proseslər beynəlxalq hüquq və suverenlik məsələlərinin nə qədər mühüm olduğunu aydın göstərir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında qalması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin vaxtında icra edilməməsi ciddi humanitar və siyasi problemlər yaratmışdı. 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin yerinə yetirilməməsi beynəlxalq qərarların icrası ilə bağlı mövcud çətinlikləri üzə çıxarmışdı. Uzun müddət davam edən danışıqlar prosesinin nəticəsiz qalması da münaqişənin həllini çətinləşdirən amillərdən biri idi.
2020-ci ildə baş vermiş Vətən müharibəsi regionun siyasi mənzərəsində əsaslı dəyişikliklər yaratdı. Azərbaycanın hərbi-siyasi uğurları nəticəsində işğal altındakı ərazilərinin böyük hissəsi azad edildi. Həmin il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat hərbi əməliyyatların dayandırılmasına və regionda yeni reallıqların formalaşmasına zəmin yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində bərpası ilə nəticələndi. Bu hadisələr Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.
Prezident İlham Əliyevin beynəlxalq auditoriya qarşısında bu məsələlərə diqqət yetirməsi Azərbaycanın keçdiyi tarixi yolun, üzləşdiyi çətinliklərin və əldə etdiyi nəticələrin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Dövlət başçısının mövqeyi onu da göstərir ki, beynəlxalq hüququn nüfuzu yalnız sənədlərin qəbul edilməsi ilə deyil, həmin sənədlərdə əks olunan tələblərin həyata keçirilməsi ilə müəyyənləşir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət beynəlxalq təhlükəsizliyin qorunması üçün vacib prinsip olaraq qalmalıdır.
AQEM-in fəaliyyəti də məhz qarşılıqlı etimadın gücləndirilməsi, fikir ayrılıqlarının dialoq yolu ilə müzakirəsi və əməkdaşlığın genişləndirilməsi məqsədlərinə əsaslanır. Asiya qitəsi geniş iqtisadi imkanları, mühüm nəqliyyat dəhlizləri və zəngin enerji ehtiyatları ilə dünya siyasətində xüsusi yer tutur. Bununla yanaşı, regionda təhlükəsizlik problemləri, iqtisadi rəqabət və geosiyasi maraqların toqquşması çoxtərəfli əməkdaşlığın vacibliyini artırır. Belə platformalar dövlətlərə ortaq maraqlarını müəyyənləşdirmək, fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək imkanı verir.
Azərbaycanın coğrafi mövqeyi bu proseslərdə ölkəmizə əlavə imkanlar qazandırır. Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi məkanda yerləşən respublikamız beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında, enerji təhlükəsizliyinin təmin edilməsində və regional iqtisadi münasibətlərin genişlənməsində fəal iştirak edir. Müasir infrastruktur layihələri, tranzit imkanları və beynəlxalq tərəfdaşlıqlar Azərbaycanın strateji əhəmiyyətini artırır. Şərqlə Qərb arasında bağlantıların gücləndirilməsi ölkəmizin iqtisadi inkişafına xidmət etməklə yanaşı, müxtəlif regionlar arasında qarşılıqlı asılılığın və əməkdaşlığın möhkəmlənməsinə də şərait yaradır.
Beynəlxalq tədbirlərin Bakıda təşkili Azərbaycanın yalnız siyasi müzakirələr üçün deyil, həm də iqtisadi və humanitar əməkdaşlıq üçün əlverişli məkan olduğunu nümayiş etdirir. Belə görüşlər zamanı müxtəlif ölkələrin nümayəndələri arasında əlaqələr qurulur, yeni tərəfdaşlıq imkanları araşdırılır və Azərbaycanın potensialı daha geniş auditoriyaya təqdim olunur. Turizm, nəqliyyat, rəqəmsal inkişaf, təhsil, elm və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindəndir.
Bununla belə, beynəlxalq nüfuzun möhkəmlənməsi yalnız mötəbər tədbirlərin keçirilməsi ilə məhdudlaşmır. Əldə olunan razılaşmaların həyata keçirilməsi, qarşılıqlı əlaqələrin davamlı xarakter alması və konkret nəticələrin əldə olunması da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın çoxtərəfli diplomatiyada iştirakı və müxtəlif beynəlxalq təşəbbüslərə verdiyi dəstək ölkəmizin əməkdaşlığa əsaslanan xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
AQEM-in 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və qlobal məsələlərin müzakirəsində iştirakının güclənməsi baxımından əlamətdar hadisədir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin suverenlik, ərazi bütövlüyü, beynəlxalq hüquq və regional təhlükəsizlik məsələlərinə münasibətini bir daha diqqətə çatdırdı. Azərbaycan öz milli maraqlarını müdafiə etməklə yanaşı, dövlətlər arasında dialoqun inkişafına, etimad mühitinin formalaşmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər