Müasir dünyada geosiyasi gərginliklərin artdığı, beynəlxalq təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi bir şəraitdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq hüququn aliliyinin təmin olunması və əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə bir şəraitdə Azərbaycanın paytaxtı Bakının mötəbər beynəlxalq tədbirə – Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünə ev sahibliyi etməsi ölkəmizin artan beynəlxalq nüfuzunun və fəal diplomatik mövqeyinin növbəti göstəricisi oldu.
2026-cı il oktyabrın 15-də keçirilən Zirvə Görüşü Asiya dövlətləri arasında siyasi dialoqun inkişafı, təhlükəsizlik məsələlərinin müzakirəsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı isə ölkəmizin xarici siyasət prioritetlərini, beynəlxalq hüquqa münasibətini və regionda davamlı sülhün təmin edilməsinə dair mövqeyini aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyevin çıxışında əsas diqqət yetirilən məsələlərdən biri beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi idi. Dövlət başçısı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən təsirli mexanizmlərin vacibliyini bir daha gündəmə gətirdi.
Azərbaycanın tarixi təcrübəsi göstərir ki, beynəlxalq hüququn yalnız bəyan edilməsi kifayət deyil, onun tələblərinin real həyatda yerinə yetirilməsi də təmin olunmalıdır. Ölkəmiz uzun illər Ermənistanın hərbi təcavüzü ilə üzləşib, ərazilərimizin bir hissəsi işğal altında qalıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərindən silahlı qüvvələrin çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icra edilməməsi beynəlxalq münasibətlər sistemindəki ikili standartların və selektiv yanaşmaların doğurduğu problemləri aydın göstərirdi.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, aparılan danışıqlar nəticə vermədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.
Bu tarixi Qələbə Azərbaycan xalqının iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və ordumuzun gücünün təntənəsi idi. Eyni zamanda, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn prinsiplərinə əsaslanan tarixi ədaləti təmin etdi.
Lakin Azərbaycanın məqsədi yalnız tarixi ədaləti bərpa etməklə məhdudlaşmır. Ölkəmiz müharibədən sonrakı dövrdə sülh gündəliyini irəli sürərək regionda uzunmüddətli sabitliyin təmin edilməsinə tərəfdar olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin Zirvə Görüşündə bu məsələyə diqqət yetirməsi Azərbaycanın gələcəyə yönəlmiş siyasətinin mühüm ifadəsidir.
Davamlı sülhün təmin olunması üçün dövlətlər beynəlxalq öhdəliklərinə əməl etməli, bir-birinin suverenliyinə hörmət göstərməli və fikir ayrılıqlarının həllində siyasi dialoqa üstünlük verməlidirlər. Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin maraqlarına uyğun dəyişən meyara çevrilməməli, bütün ölkələr üçün eyni prinsiplərlə tətbiq olunmalıdır.
Bakı Zirvəsinin əhəmiyyəti beynəlxalq hüquq və regional təhlükəsizlik məsələləri ilə yanaşı, Azərbaycanın çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfə ilə də müəyyən olunur. Ölkəmiz son illərdə müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir, dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasına və əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.
Azərbaycanın AQEM-ə sədrliyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında üzv dövlətlərə Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirərək, bu etimadı qarşılıqlı əməkdaşlığın mühüm göstəricisi kimi qiymətləndirdi.
Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, enerji imkanları və həyata keçirdiyi beynəlxalq layihələrlə Avrasiya məkanında mühüm əlaqələndirici rol oynayır. Bununla belə, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsi yalnız coğrafi amillərlə deyil, həm də müstəqil xarici siyasət, milli maraqların ardıcıl müdafiəsi və etibarlı tərəfdaşlıq prinsipləri ilə bağlıdır.
AQEM-ə sədrlik dövründə nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsi təşkilatın fəaliyyətinin genişləndirilməsinə xidmət edir. Bu istiqamətlər üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmlənməsi, yeni imkanların yaradılması və ortaq problemlərin həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Zirvə Görüşündə Laos Xalq Demokratik Respublikasının təşkilata üzv qəbul edilməsi əməkdaşlıq coğrafiyasının genişlənməsinin göstəricisi oldu. Azərbaycanın sədrliyinin 2028-ci ilədək uzadılmasına üzv dövlətlərin dəstək verməsi isə ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinə göstərilən etimadın ifadəsi kimi qiymətləndirilə bilər.
Bu qərarlar Azərbaycanın qarşıdakı dövrdə də AQEM çərçivəsində dialoqun inkişafına, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə və təşkilatın institusional imkanlarının gücləndirilməsinə töhfə verməsi üçün yeni imkanlar yaradır.
Müasir dünyada təhlükəsizlik, iqtisadi inkişaf, enerji təminatı, nəqliyyat əlaqələri və ekoloji problemlər bir-biri ilə sıx bağlıdır. Bu çağırışların həlli dövlətlər arasında əlaqələndirilmiş fəaliyyət və qarşılıqlı etimad tələb edir. AQEM kimi beynəlxalq platformalar müxtəlif maraqlara malik ölkələr arasında dialoqun davam etdirilməsi, ortaq məqsədlərin müəyyənləşdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır.
Azərbaycanın bu proseslərdə fəal iştirakı ölkəmizin beynəlxalq məsuliyyətini və çoxtərəfli əməkdaşlığa verdiyi əhəmiyyəti göstərir. Bakıdan dünyaya ünvanlanan mesaj həm də ondan ibarətdir ki, milli maraqların müdafiəsi ilə beynəlxalq əməkdaşlıq bir-birini istisna etmir. Əksinə, suverenliyə hörmət, bərabərhüquqlu münasibətlər və qarşılıqlı faydalı tərəfdaşlıq regional sabitliyin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradır.
AQEM-in VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil xarici siyasətinin və qlobal məsələlərin həllində fəal mövqeyinin növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin çıxışı ölkəmizin tarixi təcrübəsini, beynəlxalq hüquqa əsaslanan mövqeyini və regionda davamlı sülhə dair baxışlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələr əldə edilmiş tarixi Qələbəni möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini davam etdirmək, regional əməkdaşlığın inkişafına töhfə vermək və gələcək nəsillər üçün təhlükəsiz mühit yaratmaqdır.
Bakı Zirvəsi yalnız mühüm diplomatik tədbir deyil, həm də beynəlxalq münasibətlərdə ədalətin, qarşılıqlı hörmətin və əməkdaşlığın əhəmiyyətini ön plana çıxaran hadisə kimi yadda qalır. Zirvə Görüşü bir daha təsdiqlədi ki, davamlı sülhün təməli beynəlxalq hüququn aliliyinə, dövlətlərin suverenliyinə hörmətə və qarşılıqlı etimada əsaslanır. Azərbaycanın bu prinsiplərə söykənən siyasəti isə ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı