Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki dərin məzmunlu çıxışı regionun və qlobal aləmin diqqət mərkəzində dayanır. Bakının beynəlxalq məkanda getdikcə möhkəmlənən diplomatik nüfuzunu və dialoq platforması kimi aparıcı rolunu bir daha nümayiş etdirən bu möhtəşəm tədbir, regional təhlükəsizlik, əməkdaşlıq və sülh quruculuğu baxımından tarixi əhəmiyyət kəsb edir. Dövlət başçısı öz nitqində Asiya qitəsində etimad mühitinin gücləndirilməsi, nəqliyyat-logistika dəhlizlərinin inkişafı və Azərbaycanın qlobal təşəbbüslərdəki fəal rolu haqqında mühüm mesajlar verərək, müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin strateji mövqeyini bir daha aydın şəkildə ifadə etmişdir.
Prezident İlham Əliyevin zirvə görüşündəki proqram xarakterli çıxışı bir neçə strateji istiqaməti əhatə edir. Dövlət başçısının təqdim etdiyi geostrateji baxış xüsusilə regional təhlükəsizlik, nəqliyyat-logistika inteqrasiyası, çoxtərəfli diplomatiya və Asiya qitəsində sülhün dayanıqlılığı prinsiplərinə söykənir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi-siyasi faktörlarla məhdudlaşmır, bura həm də iqtisadi dayanıqlıq, energetika təhlükəsizliyi, rəqəmsal transformasiya və nəqliyyat dəhlizlərinin kəsintisiz fəaliyyəti daxildir. Azərbaycanın müəllifi və fəal iştirakçısı olduğu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorları Asiya ilə Avropa arasında ən etibarlı və qısa keçid yollarından birini formalaşdırıb. Dövlət başçısı vurğuladı ki, Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması və infrastrukturun modernləşdirilməsi AQEM üzvü olan dövlətlərin ticarət dövriyyəsinin genişlənməsinə və iqtisadi inteqrasiyasının dərinləşməsinə xidmət edir.
Milli suverenlik və beynəlxalq hüququn aliliyi məsələsi də Prezidentin çıxışında mərkəzi yer tutdu. Azərbaycanın BMT Nizamnaməsinin norma və prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyini xatırladan dövlət başçısı, Cənubi Qafqazda yaranmış yeni reallıqlara diqqət çəkdi. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın regionda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olunması üçün irəli sürdüyü təşəbbüslər, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri geniş təhlil olundu. Vurğulandı ki, münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli regional əməkdaşlıq və etimad mühitinin formalaşması üçün əsas şərtdir.
Eyni zamanda, Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin təşkilatlanma prosesinə, onun beynəlxalq nüfuzunun artırılmasına və daha çevik mexanizmlərə malik təşkilata çevrilməsi istiqamətindəki fəaliyyətlərə dəstəyini ifadə etdi. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi təcrübəsinə söykənərək, AQEM-də də inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, ədalətli beynəlxalq nizamın təşviqi və ikili standartlara qarşı mübarizə məsələləri ön plana çəkildi. Çıxışda ikitərəfli və çoxtərəfli diplomatiyanın sintezi, iqlim dəyişikliyi ilə mücadele və yaşıl enerjiyə keçid kimi qlobal çağırışlara qarşı Asiya ölkələrinin birgə səylərinin birləşdirilməsinin vacibliyi xüsusi qeyd olundu.
İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki proqram xarakterli çıxışı təkcə cari diplomatik mənzərənin təhlili ilə mahdudlaşmadı, eyni zamanda gələcək regional və qlobal əməkdaşlığın strateji konturlarını cızdı. Bu tarixi çıxış Asiya qitəsinin fərqli coğrafiyalarını, habelə müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətlərini ümumi mənafeyə – sülhə, sabitliyə və qarşılıqlı faydalı tərəfdaşlığa xidmət edən vahid məqsəd ətrafında birləşməyə dəvət etdi. Azərbaycanın müəllifi olduğu geostrateji layihələr və irəli sürdüyü sülh gündəliyi bir daha göstərdi ki, Bakı regional münaqişələrin həllindən qlobal miqyaslı təşəbbüslərə qədər hər bir prosesdə etibarlı, konstruktiv və uzaqgörən tərəfdaşdır.
Bakı Zirvə Görüşü və Prezident İlham Əliyevin konseptual nitqi AQEM-in transformasiya prosesinə və beynəlxalq müstəvidəki çəkisinin artmasına güclü təkan verdi. Bu tədbir Azərbaycanın xarici siyasətində yeni bir zəfər səhifəsi açmaqla yanaşı, ölkəmizin Asiya və Avropa arasında strateji körpü rolu oynayaraq, gələcək nəillər üçün daha təhlükəsiz, inteqrasiya olunmuş və firavan bir dünya qurmaq əzmini bütün bəşəriyyətə nümayiş etdirdi
Türkanə Kərimova
YAP Babək rayon təşkilatı