Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli liseydə keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Akif Xalıqov YAP-ın VIII Qurultayının ölkənin siyasi həyatında və partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rolunu qeyd edib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqinin dövlətin inkişaf strategiyasını, milli maraqların qorunmasını və cəmiyyət qarşısında duran prioritet vəzifələri əks etdirdiyini bildirib. Akif Xalıqov bu hədəflərin həyata keçirilməsində təhsil müəssisələrinin və partiya təşkilatlarının üzərinə düşən məsuliyyətdən danışıb.
Daha sonra çıxış edən YAP-ın VIII Qurultayının iştirakçısı Reyhanə Sadıxova qurultayda səsləndirilən fikirlərin ölkənin əldə etdiyi nailiyyətlərin qorunması və yeni inkişaf məqsədlərinin reallaşdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlərin partiya üzvləri üçün fəaliyyət proqramı olduğunu bildirərək, siyasi həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik dəyərlərinin təbliği və cəmiyyətlə əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
YAP fəalları Zamin Baxşıyev və Könül Nəhmətova çıxışlarında VIII Qurultayda qarşıya qoyulan vəzifələrin gündəlik fəaliyyətə tətbiqindən, partiya üzvlərinin ictimai fəallığının artırılmasından və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər. Onlar dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə çatdırılması, əhali ilə səmərəli ünsiyyətin qurulması və partiya üzvlərinin təşəbbüslərinin dəstəklənməsinin qarşıya qoyulan məqsədlərə çatmaqda mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, təhsilin inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, dövlətçilik prinsiplərinin təbliği və YAP Lənkəran rayon təşkilatının qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qurultayda müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında hər bir partiya üzvünün fəallığının və məsuliyyətinin vacibliyi vurğulanıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.