Rayonlarda sənaye potensialının artması iqtisadi tərəqqinin dərinləşməsində regionların çəkisinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, işsizliyin aradan qaldırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Prezident İlham Əliyevin rayonlara davamlı xarakter alan səfərləri regionların inkişafına dövlət qayğısını səciyyələndirən faktor kimi diqqəti cəlb etməkdədir. Dövlət başçısının bölgələrdə yeni iş yerlərinin yaradılmasını təmin edən müəssisələrin istifadəyə verilməsi, onlarla yeni obyektin təməlinin qoyulması ilə bağlı mərasimlərdə iştirakı intensiv xarakter alıb. Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq bu günə kimi respublikamızın bütün rayonlarına səfərlər edib. Elə təkcə dövlət başçısının bu günlərdə qərb bölgəsinə səfəri bunu bir daha təsdiqləyir.
İlham Əliyev: "Azərbaycanın bütün regionlarında aparılan işlərin məqsədi ölkəmizi daha da gücləndirmək və iqtisadiyyatımızın çoxşaxəliliyini təmin etməkdir"
Son illərdə, ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu da əsl inkişaf mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, bu proses ümumilikdə Qazaxın inkişafına mühüm elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Rayon ictimaiyyəti ilə görüş zamanı ölkə Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Qazaxda yaradılmış geniş imkanlardan Gürcüstanda yaşayan soydaşlarımız da istifadə edirlər: "Energetika sektorunda əldə edilmiş uğurlar bizim maliyyə imkanlarımızı artırır, dünyada mövqelərimizi möhkəmləndirir. Dünyada maliyyə-iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, 2010-cu ildə Azərbaycan böyük uğurlara nail oldu. 2010-cu ildə minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılmışdır. Azərbaycanda orta aylıq əməkhaqqı 400 dollardan çoxdur. Son yeddi ildə yoxsulluğun səviyyəsi 49 faizdən 9,1 faizə düşmüş, 900 mindən çox iş yeri açılmışdır. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli, daha da böyük işlər görməli, iqtisadiyyatımızı, sosial siyasətimizi daha da gücləndirməliyik. Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır".
Onu da diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin sərhəd bölgələrimizin inkişafına xüsusi diqqətlə yanaşması təsadüfi deyil. Çünki dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, hər şey sərhəddən başlayır. Digər tərəfdən Qazax rayonunun düşmənlə sərhəddə yerləşməsini nəzərə alsaq, o zaman bu bölgənin strateji əhəmiyyəti daha aydın hiss olunar. 692 kvadratkilometr ərazisi, 90 min nəfərdən çox əhalisi, 1 şəhər və 34 kəndi özündə birləşdirən Qazax rayonu bu gün düşmənə mətanətlə sinə gərir, öz inkişafı ilə onlara tərəqqi nümunəsi göstərir. 2003-2010-cu illərin müqayisəli təhlilini aparsaq, görərik ki, bu dövrdə rayonda ümumi məhsul istehsalı 3,7 dəfə, sənaye məhsulu 8,1 dəfə, kənd təsərrüfatı məhsulları 2,5 dəfə artıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 19,5 dəfə çoxalıb. 2003-2010-cu illərdə Qazaxda 150 müəssisə yaradılıb, 4126-sı daimi olmaqla 6226 yeni iş yeri açılıb. Bu dövrdə rayonda tikinti-quruculuq işlərinin aparılması diqqətdə saxlanılıb. Yeni səhiyyə və təhsil müəssisələri tikilib istifadəyə verilib. Rayonda, ümumilikdə, 3380 yerlik 9 yeni məktəb inşa olunub. Heydər Əliyev Fondu da bu prosesdə yaxından iştirak edib. Fondun təşəbbüsü ilə Qazaxda 4 məktəb tikilib. Rayonda mədəniyyətin inkişafı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı sistemində köklü islahatların həyata keçirilməsi də əldə olunan nailiyyətlər sırasındadır. Bu, bir daha göstərir ki, Azərbaycan yerləşdiyi regionda söz və nüfuz sahibidir. Ölkəmizin inkişafı istiqamətində atılan addımlar Azərbaycanı regionun lider dövlətinə çevirib. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətinin siyasi və iqtisadi kursunun reallığa əsaslanan prinsiplər üzərində qurulması və həyata keçirilməsi də bu prosesə əlavə güc qatır.
Ölkənin regionlarında yol-nəqliyyat infrastrukturu yenidən qurulur
Həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, bu illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyib. Dövlət başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir. Qazax-Sınıqkörpü avtomobil yolunun açılışı zamanı vurğulandı ki, Azərbaycanda əsas starteji magistrallarından biri olmaqla bu yolun salınması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yol Azərbaycanı Gürcüstanla birləşdirən ən mühüm magistraldır.
Ümumiyyətlə, bölgələrdə digər infrastruktur layihələrinin də uğurla davam etdirilməsi ilə bağlı davamlı tədbirlər ölkəmizin iqtisadi-sosial inkişafını daha da dərinləşdirəcək. Bütün bunlar da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün uğurla davam etdirilməsindən qaynaqlanır.