PDF Oxu

Siyasət

  • 581

YAP VIII Qurultayından irəli gələn vəzifələrin icrası və onların səhiyyə sahəsində əhəmiyyəti ilə bağlı müşavirə keçirilib

YAP VIII Qurultayından irəli gələn vəzifələrin icrası və onların səhiyyə sahəsində əhəmiyyəti ilə bağlı müşavirə keçirilib

Oktyabrın 23-də Bülbül prospekti 83 (Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-də) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələrin icrası və onların səhiyyə sahəsində əhəmiyyəti ilə bağlı müşavirə keçirilib.
Bülbül prospekti 83 (Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-də) ünvanında yerləşən müəssisənin ərazi partiya təşkilatının akt zalında keçirilən müşavirədə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və qarşıda duran prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan Bülbül prospekti 83 (Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-də) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, mərkəzin baş həkimi Rəxşəndə Əhmədova Prezident İlham Əliyevin qurultaydakı nitqində müəyyənləşdirilən strateji və ideoloji prioritetlərin əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinin səhiyyə sahəsinin inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb.
Qeyd olunub ki, müasir tibbi texnologiyaların tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tibb mütəxəssislərinin peşə hazırlığının artırılması və elmi əməkdaşlığın genişləndirilməsi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, əhalinin sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və pasiyent məmnuniyyətinin təmin edilməsi əsas prioritetlər sırasında qeyd olunub.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov çıxışında YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonrakı mərhələdə keçirilməsinin tarixi və siyasi əhəmiyyətinə toxunub. O, qurultayda müəyyənləşdirilən vəzifələrin uğurla həyata keçirilməsində partiya təşkilatlarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.
Abbas Pənahov ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunmasının, gənclərlə işin gücləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, şəhid ailələrinə və qazilərə diqqət və qayğının davam etdirilməsinin dövlətçilik və vətəndaş həmrəyliyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Müşavirədə çıxış edən Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-nin direktor müavini Toğrul Qurbanov səhiyyə müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, əmək intizamının gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasir diaqnostika imkanlarından səmərəli istifadənin əhəmiyyətini qeyd edib. O, müəssisənin fəaliyyətində peşəkarlığın, məsuliyyətin və vətəndaş məmnuniyyətinin əsas meyarlar kimi nəzərə alınmasının vacibliyini vurğulayıb.
Müəssisənin Həmkarlar İttifaqı Komitəsinin sədri Təranə Əliyeva isə səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək mühitinin yaradılması, kollektivdə həmrəyliyin möhkəmləndirilməsi, eləcə də əməkdaşların hüquq və mənafelərinin qorunmasının əhəmiyyətindən danışıb.
Müzakirələr zamanı Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində hər bir əməkdaşın üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin, milli maraqlara sədaqətin, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin və dövlətə, xalqa xidmət prinsipinin rəhbər tutulmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda bildirilib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi səhiyyə sisteminin inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, əməkdaşların peşə məsuliyyətinin artırılmasına və əhalinin sağlamlığının etibarlı qorunmasına mühüm töhfə verəcək.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər