Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Viyən kəndində təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq çıxış edən Viyən kənd ərazi partiya təşkilatının sədri Fəxri Hüseynov kənddə partiya fəaliyyətinin təşkili, üzvlər arasında həmrəyliyin gücləndirilməsi və əhali ilə işin daha səmərəli qurulmasının əhəmiyyətindən danışıb. O bildirib ki, VIII Qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılması yerli partiya təşkilatlarının təşəbbüskarlığından, məsuliyyətindən və fəallığından birbaşa asılıdır. Fəxri Hüseynov partiya üzvlərinin dövlət siyasətinin əsas istiqamətlərinin təbliğində, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, qurultayda qarşıya qoyulan vəzifələr partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini, əhali ilə əlaqələrin möhkəmləndirilməsini, ictimai-siyasi fəallığın artırılmasını və dövlətçilik ideyalarının ardıcıl təbliğini nəzərdə tutur. İqbal Əmənullayev vurğulayıb ki, hər bir partiya üzvü öz fəaliyyəti ilə ölkədə həyata keçirilən inkişaf siyasətinə dəstək verməli, milli maraqların qorunmasına və cəmiyyətin tərəqqisinə töhfə göstərməlidir.
Tədbirdə çıxış edən YAP fəalları Ramin Bayramov, Sevda Məmmədova və Layiq Qasımov qurultayda müəyyənləşdirilən vəzifələrin cəmiyyət həyatının müxtəlif sahələrində əhəmiyyətini vurğulayıblar. Çıxışlarda Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və partiya üzvlərinin təşəbbüslərinin dəstəklənməsi məsələlərinə toxunulub. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurla davam etdirilməsi hər bir vətəndaşın, xüsusilə də partiya fəallarının üzərinə mühüm məsuliyyət qoyur.
Tədbir çərçivəsində YAP-ın VIII Qurultayına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda qurultayın əsas məqamları, Prezident İlham Əliyevin çıxışından irəli gələn başlıca istiqamətlər və partiyanın qarşısında duran vəzifələr iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə dövlətçilik prinsiplərinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, yerli partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və qurultayda müəyyənləşdirilən vəzifələrin ardıcıl icrası ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, YAP-ın VIII Qurultayında qarşıya qoyulan məqsədlərə nail olmaq üçün partiya üzvlərinin birgə fəaliyyəti, fəallığı və təşəbbüskarlığı mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın davamlı inkişafına, milli maraqların qorunmasına və dövlətçilik ideyalarının daha geniş təbliğinə xidmət edən işlərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminlik ifadə olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.