29 Oktyabr — Türkiyə Cümhuriyyətinin elan olunduğu, milli iradənin dövlətçilik təntənəsinə çevrildiyi və türk xalqının tarixi əzminin bütün dünyaya nümayiş etdirildiyi möhtəşəm gündür. Bu əlamətdar tarix yalnız Türkiyə xalqının deyil, bütün Türk dünyasının qəlbində xüsusi yer tutur. Çünki Türkiyə Cümhuriyyətinin yaranması milli müstəqillik, azadlıq, suverenlik və müasir dövlət quruculuğu uğrunda mübarizənin parlaq nümunəsidir.
Türkiyə Cümhuriyyətinin qurucusu, böyük dövlət xadimi və görkəmli sərkərdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əldə edilən tarixi qələbə bir millətin öz taleyini müəyyənləşdirmək iradəsinin təntənəsi idi. 1923-cü il oktyabrın 29-da Türkiyənin respublika elan olunması yeni dövlətçilik mərhələsinin başlanğıcını qoydu. Atatürkün rəhbərliyi ilə həyata keçirilən islahatlar Türkiyənin siyasi, hüquqi, iqtisadi və ictimai həyatında köklü dəyişikliklərə yol açdı. Bu gün 29 Oktyabr Cümhuriyyət Bayramını qeyd edərkən yalnız keçmişin şanlı səhifələrini xatırlamırıq. Eyni zamanda, milli iradənin, dövlətə sədaqətin, xalq birliyinin və gələcəyə inamın hansı böyük nəticələrə gətirib çıxara biləcəyini bir daha dərk edirik. Türkiyənin keçdiyi tarixi yol göstərir ki, güclü dövlətin təməlində milli birlik, qətiyyətli rəhbərlik, xalqın iradəsi və müstəqilliyə sarsılmaz bağlılıq dayanır. Türkiyə Cümhuriyyətinin yaradılması uzun və ağır mübarizənin nəticəsi idi. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının üzləşdiyi böhran, Anadolu torpaqlarının işğal təhlükəsi və türk xalqının gələcəyi ilə bağlı yaranmış qeyri-müəyyənlik milli azadlıq hərəkatının başlanmasına səbəb oldu. Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan Qurtuluş savaşı xalqın azadlıq iradəsini vahid məqsəd ətrafında birləşdirdi. 1919-cu ildə başlanan milli mübarizə sonrakı illərdə mühüm hərbi və siyasi qələbələrlə davam etdi. Türkiyə Böyük Millət Məclisinin 1920-ci il aprelin 23-də fəaliyyətə başlaması milli suverenliyin təşkilatlanmış siyasi ifadəsinə çevrildi. 1922-ci il noyabrın 1-də səltənət ləğv edildi, 1923-cü il oktyabrın 29-da isə Cümhuriyyət elan olundu və Mustafa Kamal Atatürk ilk Prezident seçildi. Beləliklə, türk xalqı öz dövlətçilik tarixində yeni mərhələyə qədəm qoydu. Cümhuriyyət idarəçiliyi xalqın iradəsini dövlət hakimiyyətinin əsaslarından biri kimi təsdiqlədi. Atatürkün dövlətçilik fəlsəfəsinin mühüm cəhəti ondan ibarət idi ki, o, hərbi qələbəni son məqsəd deyil, milli inkişafın başlanğıcı hesab edirdi. Onun üçün müstəqilliyin qorunması ilə yanaşı, savadlı cəmiyyətin formalaşdırılması, təhsilin inkişafı, elmin və iqtisadiyyatın gücləndirilməsi, hüquqi dövlət quruculuğu da böyük əhəmiyyət daşıyırdı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mustafa Kamal Atatürkün şəxsiyyətinə, dövlətçilik irsinə və türk xalqının tarixindəki roluna həmişə böyük ehtiramla yanaşmışdır. Heydər Əliyevin Atatürk haqqında söylədiyi fikirlərdə diqqətçəkən əsas məqam onun yalnız tarixi şəxsiyyət kimi deyil, qurduğu dövləti yaşatmağı bacaran böyük rəhbər kimi qiymətləndirilməsidir. Ulu Öndərin bu mövqeyi dövlətçilik baxımından dərin məna daşıyır. Çünki dövlət qurmaq tarixi missiyadırsa, onu qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək və gələcək nəsillərə etibarlı şəkildə ötürmək də eyni dərəcədə böyük məsuliyyətdir. Atatürk Türkiyə Cümhuriyyətinin təməlini qoydu, milli suverenlik ideyasını dövlət idarəçiliyinin əsasına çevirdi və müasir Türkiyənin formalaşmasına rəhbərlik etdi. Heydər Əliyev isə Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, milli dövlətçilik institutlarının inkişafı və ölkənin gələcək tərəqqisi istiqamətində tarixi xidmətlər göstərdi. Heydər Əliyevin siyasi fəaliyyətində Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tuturdu. Ulu Öndər Azərbaycan və Türkiyə münasibətlərini sadəcə iki qonşu və dost ölkə arasındakı münasibətlər kimi deyil, ortaq tarixi köklərə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə söykənən qardaşlıq əlaqələri kimi dəyərləndirirdi. Onun məşhur “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan–Türkiyə münasibətlərinin mahiyyətini əks etdirən tarixi siyasi düstura çevrilmişdir. Bu sözlər xalqlarımızın ortaq mənəvi dünyasını, qarşılıqlı etimadını və gələcəyə yönəlmiş birliyini ifadə edir. Azərbaycan–Türkiyə münasibətlərinin müasir tarixində ən mühüm hadisələrdən biri 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd iki dövlət arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə yüksəltdi. Şuşa Bəyannaməsi siyasi dialoq, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar əlaqələr və Türk dünyasının birliyinin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm çərçivə müəyyənləşdirdi. Sənədin tarixi əhəmiyyəti yalnız imzalandığı məkanla bağlı deyil. Şuşa Azərbaycan xalqının milli yaddaşında xüsusi yeri olan, 2020-ci ildə işğaldan azad edilərək ölkəmizin suverenliyinin və tarixi Zəfərinin rəmzinə çevrilmiş şəhərdir. Məhz burada iki qardaş dövlətin müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi dərin siyasi və mənəvi məna daşıyırdı. Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr ortaq tarixi köklərdən güc alaraq müasir dövrün tələblərinə uyğun strateji məzmun qazanır. Bəyannamədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və milli maraqlarının qorunması kimi prinsiplərə xüsusi önəm verilir. Həmçinin iki ölkənin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının, təhlükəsizlik sahəsində əlaqələrinin və Türk dünyasının inkişafına yönəlmiş birgə fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə münasibətlərinin bugünkü səviyyəsini əks etdirmir, eyni zamanda gələcək əməkdaşlıq üçün strateji istiqamətlər müəyyənləşdirir.
Azərbaycan–Türkiyə münasibətlərinin indiki inkişaf mərhələsi Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qarşılıqlı etimadı və ortaq strateji baxışı ilə sıx bağlıdır. Hər iki dövlət başçısı müxtəlif beynəlxalq platformalarda xalqlarımızın qardaşlığını, ölkələrimizin müttəfiqliyini və regional sabitliyin təmin edilməsinin vacibliyini ardıcıl şəkildə vurğulayırlar. 2026-cı il ərzində də Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli təmaslar davam edib. Aprelin 17-də Prezident İlham Əliyev Antalyada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Sentyabrın 1-də isə iki dövlət başçısı Bişkekdə bir araya gələrək ikitərəfli münasibətlərin inkişafı, regional sülh və sabitlik məsələlərini müzakirə ediblər. Sentyabrın 15-də Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib, oktyabrın 21-də isə Prezident Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng edərək ikitərəfli əlaqələr və regional məsələlər barədə fikir mübadiləsi aparıb. Bu təmaslar münasibətlərin ardıcıl siyasi dialoq və qarşılıqlı dəstək əsasında inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan–Türkiyə münasibətləri müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığa çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ticarət, investisiyalar, müdafiə sənayesi, təhsil, mədəniyyət və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək bu tərəfdaşlığın əsas istiqamətlərindəndir. 2026-cı il oktyabrın 21-də telefon danışığı zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik etməsi də iki ölkə arasında qarşılıqlı ehtiramın və yaxın münasibətlərin ifadəsi oldu. Türkiyə Prezidenti, həmçinin Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə iştiraka dəvət edib.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü