PDF Oxu

Siyasət

  • 603

VIII Qurultayın vəzifələri müzakirəsi: «Həqiqəti musiqinin dili ilə çatdırmalıyıq»

VIII Qurultayın vəzifələri müzakirəsi: «Həqiqəti musiqinin dili ilə çatdırmalıyıq»

26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Şəmsi Bədəlbəyli küçəsi 98 üzrə (Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) ərazi partiya təşkilatında müşavirə keçirildi. Müşavirə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Partiya Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuşdu.

Tədbirə başlamazdan öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri ərazi partiya təşkilatının sədri, professor Mina Hacıyeva açdı. O, qonaqları salamladıqdan sonra sözü YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verdi.

Azər Süleymanov çıxışında vurğuladı ki, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi partiyamızın tarixində xüsusi yer tutur. O, Partiya Sədrinin qələbələrimizin başlanğıcının 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayında qoyulduğu barədə fikrini xatırlatdı. Bu yolun bu gün tarixi Zəfərlə taclandığını bildirdi.

Rayon təşkilatının sədri Partiya Sədrinin müəyyən etdiyi əsas vəzifələrə də toxundu. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, müstəqil və fəal xarici siyasəti, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ı sadaladı. Azər Süleymanov Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik qədər önəmli olduğu barədə fikrinə xüsusi diqqət çəkdi. O qeyd etdi ki, dövlət başçısının vurğuladığı kimi, ideoloji təxribatlara qarşı əsas sipər təhsil və vətənpərvərlikdir. Musiqi sənəti də bu sipərin mühüm tərkib hissəsidir, çünki milli musiqi xalqın yaddaşını, kimliyini və dəyərlərini nəsildən-nəslə ötürür. Azər Süleymanov Üzeyir Hacıbəylinin adını daşıyan Akademiyanın bu missiyada xüsusi yeri olduğunu bildirdi.

Azər Süleymanov Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqları da diqqətə çatdırdı. Bu tapşırıqlar ideoloji işin şablonlardan və formal tədbirlərdən uzaq, müasir formatda qurulması, Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasıdır. O vurğuladı ki, gənc ifaçıların konsertləri, yeni əsərlər, beynəlxalq səhnələrdəki çıxışlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmağın ən təsirli vasitələrindəndir. Rayon təşkilatının sədri bildirdi ki, qurultaydan sonra Nəsimi rayonunda ərazi partiya təşkilatlarında silsilə müşavirələr keçirilir. Bu müşavirələrdə Partiya Sədrinin müəyyən etdiyi vəzifələr müxtəlif sahələrin nümayəndələri ilə müzakirə olunur.

Daha sonra VIII Qurultayda Bakı Musiqi Akademiyasını təmsil etmiş tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyevaya söz verildi. Nərminə xanım qurultayla bağlı təəssüratlarını dinləyicilərlə bölüşdü. O, gənclərə dilimizi və tariximizi qoruyub gələcək nəsillərə ötürməyi tövsiyə etdi.

Ardınca Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə və BMA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Aqil Qafulov çıxış etdilər. Onlar dövlət başçısının nitqindən irəli gələn məsələlərdən və Yeni Azərbaycan Partiyasının üzvlərinin tarixi vəzifələrin icrasındakı rolundan söz açdılar.

Sonuncu olaraq BMA-nın «İnstrumental ifaçılıq» kafedrasının fortepiano fakültəsinin IV kurs SABAH qrupu tələbəsi Aytac Əlizadə çıxış etdi.

Çıxışlardan sonra Mina Hacıyeva incəsənət və mədəniyyətin ideoloji işin yenilənməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əsas dayaqlardan biri olduğunu vurğuladı. O, çıxışını belə yekunlaşdırdı: «Yeni musiqi yazılmalıdır. Gənc ifaçılar həm ölkə daxilində, paytaxtda və regionlarda, həm də xaricdə öz yaradıcılıqları vasitəsilə insanlara Azərbaycanın tarixi və bu günü haqqında həqiqətləri çatdırmalıdırlar. Bu, hamımızın çiynində duran mühüm vəzifədir və onu hər gün yerinə yetirməliyik».

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.

Digər xəbərlər