PDF Oxu

Siyasət

  • 615

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Haftoni qəsəbə ərazi partiya təşkilatında müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Haftoni qəsəbə ərazi partiya təşkilatında müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Haftoni qəsəbə ərazi partiya təşkilatında keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan Haftoni qəsəbə ərazi partiya təşkilatının sədri Rövşən Təhməzov partiyanın VIII Qurultayının ölkənin gələcək inkişaf istiqamətlərinin və təşkilati fəaliyyətin prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan məqsədlərin hər bir partiya üzvü üçün fəaliyyət proqramı olduğunu bildirərək, ərazi partiya təşkilatının bu istiqamətdə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən VIII Qurultayın iştirakçısı Ağamməd Şənmədov qurultayda aparılan müzakirələr və müəyyənləşdirilən əsas hədəflər barədə fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin çıxışının ölkənin siyasi, iqtisadi və sosial inkişafının gələcək istiqamətlərini aydın şəkildə ortaya qoyduğunu vurğulayıb. O, qeyd edib ki, bu hədəflərin reallaşdırılmasında partiya üzvlərinin fəallığı, təşəbbüskarlığı və dövlətçilik prinsiplərinə sadiqliyi mühüm rol oynayır. O, həmçinin qurultay qərarlarının yerli səviyyədə ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Haftoni qəsəbə ərazi partiya təşkilatının tədbirində çıxış edən məktəbin direktoru Elçin Səfərov təhsil sahəsində həyata keçirilən islahatların, gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna uyğun tərbiyəsinin əhəmiyyətini önə çəkib. O, dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsində müəllimlərin və təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib. O, eyni zamanda, partiyanın müəyyənləşdirdiyi hədəflərin cəmiyyətə çatdırılmasında təhsil işçilərinin fəal iştirakının vacibliyini qeyd edib.
YAP fəalı Fəridə Qasımova çıxışında partiya üzvlərinin ictimai-siyasi həyatda fəallığının artırılması, əhali ilə işin gücləndirilməsi və gənclərin partiyanın fəaliyyətinə daha geniş cəlb olunması məsələlərinə toxunub. O, partiyanın ideoloji prinsiplərinin təbliği, üzvlər arasında həmrəyliyin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin qorunmasının hər bir partiya üzvünün gündəlik fəaliyyətində əsas istiqamətlərdən biri olmalı olduğunu vurğulayıb.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Qurultayda müəyyənləşdirilən məqsədlərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin artırılmasının vacibliyi qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər