PDF Oxu

Siyasət

  • 712

Azərbaycançılıq Azərbaycandakı bütün xalqları bir araya gətirir

Azərbaycançılıq Azərbaycandakı bütün xalqları bir araya gətirir

Azərbaycan xalqı tarixən öz milli və dini dəyərləri ilə yanaşı, onunla birlikdə, qonşuluqda yaşayan xalq və millətlərin də bu dəyərlərinə hörmətlə yanaşıb. Onların rahat şəkildə ibadət etməsinə, milli və dini adət-ənənələrini yaşatmasına, qorumasına şərait yaratmışdır. Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bunu bir daha əsaslı faktlarla iştirakçıların nəzərinə çatdırdı: Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub.

Bir xalq nə vaxt tolerant ola bilir? O vaxt ki, özü milli-mənəvi keyfiyyətlərə malik olur. O zaman ki, qədimlərdən çağdaş dövrə qədər qoruyub gətirib çıxardığı dəyərləri olur. Humanistliyin, insanpərvərliyin nə olduğunu dərk edir. Qonşuya, yaşadığı yerdə başqa millətlərdən olan nümayəndələrə hörmətlə yanaşır, onlara dəyər verir. Ən əsası isə öz dəyərlərinə hörmətlə yanaşan xalq başqasının dəyərlərinə də eyni cür yanaşır. Belə olan halda isə o, tolerantlığa ən gözəl töhfələrini verə bilir.

Azərbaycan bu sahədə illərdir ki, bütün dünyaya nümunədir. Bir ölkədə müxtəlif dini etiqadı olan insanların birgə yaşaması, bir-birinə hörmətlə yanaşması, birlik nümayiş etdirməsi, qonşuluq münasibətlərini mədəni şəkildə qurması, kollektivləşmədə iştirakı onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir.

Müstəqillik illərində ölkədə kilsə və sinaqoqların tikilməsi, bərpa və yenidən qurulması ölkə başçısının bu sahəyə xüsusi diqqətinin göstəricisidir. Müasir dövrdə dünya ölkələrinin əksəriyyətinin multikulturalizmə qapılarını açmadığı bir dövrdə Azərbaycanın illərdir, bu sahədə qazandığı uğurlar nümunə dəyərindədir. Bu dəyərlər isə xalqımızın qədimliyi ilə müsirliyinin harmoniyasını təşkil edir, bu xalqın öz inkişaf meyarlarını milli-mənəvi dəyərləri üzərində qurmasını sübut edir. Dövlət başçısının dediyi kimi: Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.

Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.

Hər iki müharibədə gördük ki...

Ulu Öndərimiz 1993-cü ildə Təzəpir məscidində Məhəmməd peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə bu məsələyə münasibət bildirərərək deyirdi: “Azərbaycan respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”.

Sonrakı dövrdə bu vədə əməl olunmasının hər birimiz şahidi olmaqla yanaşı, həm də bu münasibətlərin bəhrəsini də gördük.

Həm Birinci Vətən müharibəsində, həm də 2020-ci ildə 44 günlük İkinci Vətən müharibəsində Azərbaycanda yaşayan millətlərin nümayəndələrinin şəhid olması, sağlamlıq imkanlarını itirməsi, bu ölkəni qorumaq üçün ayağa qalxmaları onu sübut etdi ki, dövlətimiz onlara qarşı həmişə diqqət və qayğı ilə yanaşıb, bu ölkəni onlara sevdirə bilmişdir.

İkinci Vətən müharibəsində şəhid olanların siyahısına nəzər salanda tolerantlığın bəhrəsini görmək olur. Bu o qədər fərqli bir hissdir ki... İnsan başqa millətlərdən olan şəhidlərin adları ilə qarşılaşdıqca qürur hissi keçirir. Deməli, biz övladlarımızla yanaşı, başqa millətlərdən olub bizimlə birgə yaşayan övladlara da vətənpərvərliyi aşılaya bilmişik. Onlara Azərbaycanı sevdirə bilmişik.

Düşünəndə bütün bunlar heç də asanlıqla əldə olunmayıb. Bir nəfərin sevgisini qazanmaq üçün uzun illər lazımdır. Deməli, onlar Azərbaycanı özləri üçün Vətən biliblər. Bütün bunlar isə təbii ki, burada onlara qarşı yaxşı münasibətlər kontekstində formalaşıb. Dini dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşıldığını görən, qonşuluq əlaqələrində hər zaman sayğı ilə qarşılaşan, yaxşı yaşamaları, övladlarının təhsil alması, sağlam böyüməsi üçün ətrafında hərtərəfli şəraiti görən, istədiyi sahədə fəaliyyət göstərən, iş qura bilən insanlar əlbəttə ki, yaşadıqları ölkəni öz Vətənləri kimi sevəcək, yeri gələndə onun ərazi bütövlüyü üçün canlarından keçəcəklər.

Bunun bir daha şahidi olduq. 44 günlük Vətən müharibəsində Qarabağın azad olunması üçün azərbaycanlılarla çiyin-çiyinə döyüşən ölkəmizdə yaşayan digər millətlərdən olan, fədakarlıq göstərən igidləri gördük. Onların vətənpərvərliyini, həmrəyliyini gördük. Bir də onu gördük ki, bəli, ölkəmizdə multikulturalizm sahəsində görülən işlər, tolerant yanaşma öz bəhrəsini verib. Və bütün bunlar isə dünyaya nümunə güçündədir. Necə ki, 44 günlük Vətən müharibəsi öz taktikası, gedişatı, düşünülmüş xətti ilə dünyanı heyrətə saldı, xalqın həmrəyliyi diqqətləri çəkdi, tolerantlıq da diqqət çəkən məsələlərdən biridir. Çünki bu, bizim dövlətimizin siyasətinin uğuru, qələbəsidir.

Qonşumuzun dini dəyərlərə münasibətinə isə dünya şahid oldu

İkinci Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza yollanan hər kəs bir kabus ilə qarşılaşdı. 1990-cı illərdə bu torpaqlardan zorla çıxarılan insanların qoyub gəldikləri imarət kimi evlərdən əsər-əlamət qalmayıb. Tarixi, dini, mədəni abidələr tamamilə dağıdılıb, daş üstündə daş qalmayıb. Prezident cənab İlham Əliyevin dediyi kimi: “…Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.

Bəli, təzyiqlərə məruz qalan dini ibadət ocaqlarında heyvan saxlanılması, həm də bizim müqəddəs dinimizin qəbul etmədiyi heyvan növünün saxlanılması erməni adlı varlıqların bir dinə münasibətlərinin göstəricisi oldu. Onlar bütün dünyaya sübut etdilər ki, qonşuya heç vaxt sayğı ilə yanaşmayıblar. Sübut etdilər ki, öz etiqad etdikləri dinə də hörmətləri yoxdur. Çünki öz dininə hörmətlə yanaşan insan ola bilməz ki, digər bir dinə bu qədər aqressiv yanaşsın. Özlərini bütün dünyada biabır edən, İslam kimi böyük dinə hörmətsizlikləri ilə nüfuzdan düşən erməni vandalizmi illər sonra da bu hərəkətlərinin cavabını verməli olacaqlar.

Qarabağda 65 məscid dağıdılmışdır

Dövlət başçısı Forumda ermənilərin yaşayış yerlərimiznə və dini abidələrimizə təcavüzkarlığına da münasibət bildirərərk deyib: Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır. Lakin Ermənistana qarşı nə sanksiya tətbiq olunmuş, nə də o, cəzalandırılmışdır. Bax, ikili standart budur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır.

Xeyirxahlıq və humanizm ünvanı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr, Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Fondun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələr hər zaman xüsusi minnətdarlıqla qarşılanır.

Artıq Fond tərəfindən işğaldan azad edilmiş torpaqlarda çox sayda mədəni-dini abidə və məscidlərin bərpa və tikintisi başa çatdırılıb, istifadəyə verilib, düşmənə göz dağı olub.

Bəli, dini dəyərlərin, multikulturalizm və tolerantlığın ünvanı olan Azərbaycan hər zaman humanist dövlət kimi diqqətləri cəlb edəcəkdir. Qonşuluqda sayğılı, bütün millətlərə hörmətlə yanaşan, onlara öz qapılarını açan ölkəmiz bizim qürur yerimizdir. Fəxr edirik ki, belə möhtəşəm keyfiyyətlərə malikik. Qürur duyuruq ki, belə zəngin mənəvi keyfiyyətlərə malik ölkənin vətəndaşlarıyıq.

Azərbaycançılıq Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu, xalqımızın ən yüksək milli-mənəvi dəyəridir.

Mətanət Məmmədova

Digər xəbərlər