PDF Oxu

Siyasət

  • 606

Azərbaycanın beynəlxalq dialoqun inkişafında fəal iştirakı

Azərbaycanın beynəlxalq dialoqun inkişafında fəal iştirakı

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın siyasi, iqtisadi və diplomatik inkişaf strategiyasını, beynəlxalq münasibətlər sistemində artan rolunu və yeni geosiyasi reallıqlara yanaşmasını əks etdirən mühüm mesajlarla zəngindir. Çıxışın əsas xəttini milli birlik, dövlət suverenliyi, beynəlxalq hüquq, iqtisadi dayanıqlılıq və mədəniyyətlərarası əməkdaşlıq prinsipləri təşkil edir. Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı Azərbaycanın beynəlxalq dialoqun inkişafında fəal iştirakını və bu sahədəki təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Ölkəmiz qlobal problemlərin həllində qarşıdurma əvəzinə əməkdaşlığın, birtərəfli yanaşmalar əvəzinə qarşılıqlı anlaşmanın üstünlük qazanmasını vacib hesab edir. Bu mövqe beynəlxalq platformaların yaradılması və müxtəlif ölkələr arasında təmasların təşviqi ilə müşayiət olunur.

Müasir dövrdə fərqli siyasi baxışlara, dini inanclara və mədəni ənənələrə malik cəmiyyətlər arasında ünsiyyətin zəifləməsi fikir ayrılıqlarının qarşıdurmaya çevrilməsi riskini artırır. Dialoqun əsas məqsədi fərqləri aradan qaldırmaq deyil, onları qarşılıqlı hörmət çərçivəsində uzlaşdırmaqdır. Azərbaycanın beynəlxalq təşəbbüsləri də bu yanaşmanın təşviqinə, ortaq maraqların müəyyənləşdirilməsinə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan forum sonrakı illərdə müxtəlif ölkələrin, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdiyi geniş müzakirə məkanına çevrilib. Bu təşəbbüs Bakını fərqli coğrafiyaları və baxışları bir araya gətirən, qlobal humanitar məsələlərin müzakirəsinə şərait yaradan mühüm platformalardan biri kimi önə çıxarır. Forumun ardıcıl keçirilməsi Azərbaycanın mədəniyyətlərarası münasibətlərə uzunmüddətli strateji istiqamət kimi yanaşdığını göstərir.

Azərbaycanın beynəlxalq dialoq prosesindəki mövqeyini gücləndirən digər amil ölkəmizin multikulturalizm təcrübəsidir. Müxtəlif dini və etnik qrupların birgəyaşayış ənənələri, dini abidələrin qorunması və qarşılıqlı hörmət mühiti mədəni müxtəlifliyin ictimai həyatın ayrılmaz hissəsi olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev ikili standartlar yanaşmasının yararsızlığını faktlarla əsaslandırdı və Cənubi Qafqazda bərqərar olan yeni sülh şəraitini bütün dünya üçün nümunəvi model kimi diqqətə çatdırdı.

Prezidenti İlham Əliyev çıxışında tədbir çərçivəsində yaranmış yüksək etimad mühitinə toxunaraq “həmrəyliyi, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik” fikrini ifadə etmişdir. Dövlət başçısının qeyd etdiyi bu mühüm məqam Forumun müxtəlif sivilizasiya nümayəndələri üçün təkcə rəsmi nitqlərin dinlənildiyi məkan deyil, məhz həqiqi qarşılıqlı etibarın və konstruktiv dialoq mühitinin bərqərar olduğu qlobal platforma olduğunu növbəti dəfə nümayiş etdirmişdir. Strateji baxımdan böyük əhəmiyyət daşıyan bu fikirlər müasir beynəlxalq sistemdə yaşanan dərin ziddiyyətlər fonunda müstəsna dəyər kəsb edir. Ölkə başçısı öz nitqində aydın şəkildə bəyan etdi ki, dünyadakı qütbləşməyə və beynəlxalq hüququn aşınmasına qarşı ən kəsərli cavab məhz Azərbaycanın irəli sürdüyü dinc birgəyaşayış modelidir. Ölkəmizin zəngin multikultural kökləri və Cənubi Qafqazda formalaşdırdığı yeni sülh şəraiti ədalətli beynəlxalq nizamın mümkünlüyünü sınaqdan çıxarmışdır.

Elmin Məmmədov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər