PDF Oxu

Siyasət

  • 586

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr 1 saylı RETSİ-nin ərazi partiya təşkilatında müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr 1 saylı RETSİ-nin ərazi partiya təşkilatında müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) ərazi partiya təşkilatında keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri Əlizamin Həmidov YAP-ın VIII Qurultayının partiyanın gələcək fəaliyyətinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qurultayda səsləndirilən ideya və təşəbbüslərin partiya təşkilatlarının fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmasının, üzvlər arasında ideoloji maarifləndirmə işinin gücləndirilməsinin və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra çıxış edən VIII Qurultayın iştirakçısı Asif Məmmədov qurultayda müəyyənləşdirilmiş hədəflərin ölkənin gələcək inkişafı və partiyanın cəmiyyət həyatında rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, partiya üzvlərinin dövlətçilik maraqlarının qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasında fəal mövqe nümayiş etdirməli olduqlarını diqqətə çatdırıb. Asif Məmmədov, həmçinin ərazi partiya təşkilatlarında işin səmərəliliyinin artırılmasının və üzvlərin təşəbbüskarlığının dəstəklənməsinin əhəmiyyətindən danışıb.
YAP fəalı Elvin Mirizadə çıxışında gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, onların dövlətçilik ideyalarına və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məsələlərinə toxunub. O, partiyanın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsində hər bir üzvün şəxsi məsuliyyətinin, fəallığının və təşəbbüskarlığının mühüm rol oynadığını qeyd edib.
Digər YAP fəalı Emil Ağayev isə qurultayda müəyyənləşdirilən məqsədlərin gündəlik fəaliyyətə tətbiqinin vacibliyini vurğulayıb. O, partiya üzvləri arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsinin və ölkədə aparılan islahatların mahiyyətinin vətəndaşlara düzgün çatdırılmasının əhəmiyyətindən bəhs edib. Emil Ağayev partiyanın ideoloji prinsiplərinə sadiqliyin və ümumi məqsədlər naminə birgə fəaliyyətin nəticəyönümlü işin əsas şərtlərindən olduğunu bildirib.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, ölkədə həyata keçirilən islahatlar, dövlət siyasətinin prioritet istiqamətləri və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında müzakirələr aparılıb. İştirakçılar qurultayın qərar və tövsiyələrinin yerli təşkilatların fəaliyyətində rəhbər tutulmasının əhəmiyyətini qeyd ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər