PDF Oxu

Siyasət

  • 661

Qlobal dialoqdan yeni dünya nizamına: Azərbaycanın strateji həll modeli - ŞƏRH

Qlobal dialoqdan yeni dünya nizamına: Azərbaycanın strateji həll modeli - ŞƏRH

2026-cı il oktyabrın 27-də Bakı növbəti dəfə qlobal mədəniyyətlərarası diplomatiyanın və strateji təfəkkürün mərkəzinə çevrildi. “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi, 100-dən artıq ölkədən 500-dən çox xarici qonaq və ümumilikdə 2000-dən çox iştirakçını bir araya gətirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Forumda etdiyi proqram xarakterli və dərin analitik çıxış yalnız mədəniyyətlərarası dialoqun çərçivələrini müəyyən etmədi, həm də müasir beynəlxalq münasibətlər sistemindəki böhranlardan çıxış yolunu, Azərbaycanın müstəqil inkişaf modelini və Cənubi Qafqazda bərqərar olan yeni geopolitik reallıqları qlobal ictimaiyyətə növbəti dəfə təqdim etdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir”. 2011-ci ildən əsası qoyulan bu təşəbbüs Azərbaycan Avropa ilə Asiya arasında cəsarətli nəqliyyat və enerji körpüsü olmaqla yanaşı, həm də sivilizasiyalararası səmimi dialoqun ən etibarlı məkanı olduğunu təsdiqləyib.

Dövlət başçısı qeyd etdi ki, iki əsr müstəqillikdən məhrum qalan xalqımız müxtəlif siyasi sistemlərin təzyiqinə baxmayaraq, öz dilini, dəyərlərini və azərbaycançılıq ideologiyası ətrafında milli birliyini qoruyub saxlaya bilmişdir. Bu il oktyabrın 18-də müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edən müasir Azərbaycan dövləti göstərdi ki, “Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik”. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün etnik və dini qrupların vahid bir ailənin üzvləri kimi “Dəmir yumruğ”a çevrilərək bir nöqtəyə vurması bu milli ahəngdarlığın və sarsılmaz birliyin heyrətamiz təzahürü idi.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın öz ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsindən danışarkən müasir qlobal arxitekturanın ən ağrılı nöqtəsinə – BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalması və ikili standartlar probleminə toxundu. BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamə və ATƏT-in Minsk qrupunun üzvü olan dünyanın aparıcı dövlətləri 30 il ərzində Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədən, keçmiş münaqişəni dondurulmuş vəziyyətdə saxlasa da, Azərbaycan 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri ilə BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək beynəlxalq hüququ təkbaşına icra etdi. Baxmayaraq ki, BMT Baş Assambleyasının qətnamələri tövsiyə xarakteri daşısa da, Təhlükəsizlik Şurasının sülh-təhlükəsizlik sahəsində qəbul etdiyi qərarlar BMT Nizamnaməsinin 41 və 42-ci maddələrinə əsasən məcburi sayılsa və qərarların icrası üçün müxtəlif sanksiyalar və ya sülhməramlı qüvvələrdən istifadə nəzərdə tutulsa da, icra mexanizminin qeyri müəyyənliyi bu məsələdə də ikili standartlar siyasəti üçün zəmin yaradır. Bu baxımdan, Azərbaycan lideri açıq şəkildə bəyan etdi ki, “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır”.

Buna görə də, ölkəmizin İkinci Qarabağ müharibəsində əldə etdiyi nəticə təcrübə dünyanın müxtəlif ərazilərində baş verən münaqişələr və qlobal diplomatiya üçün presedent xarakteri daşıyır. Azərbaycan Prezidentinin sözləri ilə desək: “Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır”.

Qeyd edək ki, ikili standartlar özünü təkcə beynəlxalq təşkilatların qlobal məkandakı müxtəlif ölkələr arasındakı münaqişələrlə bağlı selektiv yanaşmada göstərmir. Beynəlxalq təsisatların təcavüzkara sanksiya tətbiq etməməsi ilə yanaşı, həm müstəqil ölkələrə necə yaşamağı diktə etməyə çalışması qəbulolunmazdır. Azərbaycan öz nümunəsində göstərdi ki, hər hansı kənar diktə və ya ideoloji təhdid qətiyyətli milli müqavimətlə cavablandırılır. Prezident İlham Əliyev müasir beynəlxalq təcrübədə mövcud olan münaqişələrin və problemlərin optimal həlli yolunu da aydın şəkildə ifadə edir: “Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir”.

Müharibədə böyük Zəfər qazanan tərəf olmasına baxmayaraq, qalib Azərbaycanın müharibə dayanan kimi Ermənistana sülh təklif etməsi dünya hərb və diplomatiya tarixində unikal hadisədir. Azərbaycan qisasını döyüş meydanında aldı, özünün tarixi milli dəyərlərinə uyğun olaraq sülh və regional sabitlik naminə gələcəyə baxmağı seçdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə Ermənistanla sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda müstəqil dövlətlər tarixində heç vaxt mövcud olmayan tamamilə yeni geopolitik nizam yaratdı. Bu, Azərbaycanın münaqişələri necə bitirmək barədə dünyaya təqdim etdiyi əvəzsiz təcrübədir.

Ölkəmizin geosiyasi çəkisi təkcə hərbi və diplomatik uğurlarla bitmir. Azərbaycan bu gün iki qlobal supergüclə – Çin və ABŞ ilə strateji tərəfdaşlıq formatına malik olan, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji sənədlər imzalayan nadir ölkələrdəndir. Ölkəmiz beynəlxalq və regional təşkilatlarda böyük iş – rəhbərlik, təşkilatçılıq və təşəbbüskarlıq təcrübəsinə malikdir. Məhz Azərbaycanın təşəbbüsü ilə 2009-cu ilin oktyabrında Türk Dövlətləri Təşkilatı təsis olunub, ölkəmiz 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olub, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edib, COP29, WUF13 və sayı artıq onlarla ölçülən beynəlxalq humanitar, iqtisadi, idman və digər tədbirlərə ev sahibliyi edib. Ötən il noyabrın 16-da Azərbaycan Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv qəbul olunub. Elə bu ay Bakıda artıq iki ildir dövlətimizin rəhbərlik etdiyi və qarşıdakı iki il üçün də sədrlik hüququ qazandığı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşü keçirildi. 2027-ci ildə sədrliyini qəbul edəcəyi 57 üzv dövləti (bu dövlətlərin 56-sı BMT üzvüdür) birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə (16-cı İslam Sammitinə), 2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək paytaxt Bakı artıq illərdir Şərqlə Qərbin kəsişməsində universal geosiyasi mərkəz, sivilizasiyaların birlikdə dostluq, anlayış və qarşılıqlı hörmət prinsipləri əsasında yanaşı mövcud olduğu, yaşadığı və inkişaf etdiyi nadir nümunə olduğunu sübut edir.

Müstəqilliyimizin iqtisadi təməli isə tamamilə daxili resurslara və xalqın zəhmətinə söykənir. Hazırda xarici ölkəmizin borcu ÜDM-in 5 faizindən bir az artığını təşkil edir ki, bu da dünyada ən aşağı borc səviyyələrindən biridir və Azərbaycanın tam maliyyə müstəqilliyini təmin edir. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanda müstəqillik dövründə qazanılan bütün nailiyyətlər müstəsna olaraq xalqının öz zəhməti sayəsində, heç bir beynəlxalq yardım alınmadan, mümkün olmuşdur. Ölkəmiz 1990-cı illərin əvvəllərinin dağıntı, işğal, iqtisadi böhran, ictimai-siyasi xaos, sosial ruh düşkünlüyü, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru qətiyyətli, əzmkar tarixi yol keçib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi. Beləliklə bizim iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz - bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır”. Bu gün Cənubi Qafqazda sabitliyin baş sütunu olan Azərbaycan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, qlobal enerji təhlükəsizliyinin əvəzolunmaz iştirakçısıdır. Bunun əsas səbəbi isə odur ki, “biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik”.

Azərbaycan lideri İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqi bir daha göstərdi ki, daxili risksiz, sarsılmaz hərbi gücə, möhkəm iqtisadiyyata və zəngin multikultural ənənələrə malik Azərbaycan regional liderlikdən qlobal səviyyədə söz sahibliyinə doğru inamla addımlayır. Bakıdan ucalan bu sülh, ədalət və müstəqil inkişaf çağırışı proqnozlaşdırılması çətinləşən müasir dünya üçün Azərbaycanın nümunəvi tutarlı strateji həll düsturudur.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər