Oktyabrın 27-də Azərbaycanın paytaxtı Bakıda mədəniyyətlər arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqinə həsr olunmuş “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli açılış mərasimi keçirilib. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların vahid gələcək naminə bir araya gəldiyi bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Mərasimdən əvvəl xatirə fotosu çəkdirilib. Daha sonra dövlət başçısı Forumun açılış mərasimində çıxış edərək mədəniyyətlərarası dialoqun əhəmiyyəti, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ortaq gələcəyin qurulmasında əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüb.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanda hökm sürən milli həmrəyliyin, qarşılıqlı hörmətin və anlaşmanın cəmiyyətin ən mühüm dəyərlərindən biri olduğunu vurğulayaraq qeyd edib ki, ölkədəki bütün xalqları ortaq milli ideyalar ətrafında birləşdirən əsas amillərdən biri azərbaycançılıq məfkurəsidir. Bu ideologiya müxtəlif etnik və dini mənsubiyyətə malik insanları vahid amal ətrafında bir araya gətirərək ölkədə milli birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı bu birliyin Azərbaycanın müstəqillik tarixinin ən çətin sınaqları ilə üzləşdiyi dövrlərdə özünü xüsusilə aydın şəkildə büruzə verdiyini bildirib. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin vahid mövqedən çıxış edərək Azərbaycanın milli kimliyinin qorunması, ədalətin bərpası və ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə apardıqlarını qeyd edib. Möhtərəm Prezidentimiz bu sarsılmaz birliyi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” ifadəsi ilə səciyyələndirərək, xalqın həmrəyliyinin və ortaq məqsəd ətrafında birləşməsinin Azərbaycanın tarixi Zəfərində mühüm rol oynadığını diqqətə çatdırıb.
Cənab İlham Əliyevin çıxışında 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını təmin edən həlledici tarixi mərhələlər kimi səciyyələndirilib. Hər iki hadisə nəticəsində işğala son qoyularaq ölkənin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə tam bərpa olunub.
Həmçinin hərbi əməliyyatlardan sonra Azərbaycanın Ermənistana sülh təklif etdiyini nəzərə çatdıran cənab Prezident bu addımın münaqişədən sonrakı münasibətlər baxımından diqqətəlayiq olduğunu bildirərək vurğulayıb ki, müharibələr tarixinə nəzər saldıqda, son qanlı toqquşmadan cəmi iki il keçməmiş sülhə nail olmağa yönələn belə bir təşəbbüsün nadir hallardan biri olduğunu qeyd etmək olar. Prezidentin fikrincə, bu yanaşma regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Cənab İlham Əliyev nitqində beynəlxalq münasibətlər sistemində ikili standartların mövcudluğuna toxunaraq, bu yanaşmanın Azərbaycanın üzləşdiyi məsələlərdə də özünü göstərdiyini bildirib. Dövlət başçısı Azərbaycanın şimalında və cənubunda yerləşən ölkələrə qarşı çoxsaylı sanksiyaların tətbiq olunduğunu xatırladaraq, Ermənistanın hərəkətlərinə münasibətdə analoji tədbirlərin görülməməsini beynəlxalq siyasətdəki qeyri-bərabər yanaşmanın nümunəsi kimi dəyərləndirib. O qeyd edib ki, ikili standartlara qarşı mübarizə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Prezidentin sözlərinə görə, ölkəmiz uzun müddət bu cür yanaşmalarla üzləşsə də, hazırda öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək torpaqlarında azad yaşayır.
Çıxışının davamında dövlət başçısı ikili standartların yalnız müharibə və münaqişələrə münasibətdə deyil, həm də tarixi və humanitar məsələlərin qiymətləndirilməsində özünü büruzə verdiyini diqqətə çatdırıb. O, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal etməsi, etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin düşməsi, eləcə də Qarabağda 65 məscid daxil olmaqla, dini və tarixi abidələrin dağıdılması barədə danışıb. Prezident bu hadisələrə baxmayaraq, Ermənistana qarşı beynəlxalq səviyyədə sanksiyaların tətbiq edilməməsini ikili standartların bariz təzahürü kimi təqdim edib və beynəlxalq siyasətdə ədalətli, vahid meyarların tətbiqinin vacibliyini vurğulayıb.
Həmçinin cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanın beynəlxalq əlaqələri və müxtəlif dövlətlərlə qurduğu əməkdaşlıq münasibətləri ölkəmizin beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirdiyini göstərir. Bu çərçivədə Çinlə 2025-ci ilin aprelində Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin, həmin ilin avqustunda isə ABŞ ilə Strateji Xartiyanın imzalanması xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Avropa İttifaqına üzv olan 10 dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin və ya sazişlərinin mövcudluğu Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişliyini əks etdirir.
Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyi və qarşıdakı illərdə ev sahibliyi edəcəyi mühüm tədbirlər də bu əməkdaşlığın göstəricilərindəndir. Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməsi və təxminən 60 ölkəni birləşdirən bu təşkilata sədrlik edəcəyi gözlənilir. Bu məsuliyyət ölkəmizin siyasətinə, dini və mənəvi dəyərlərinə, ənənələrinə göstərilən hörmətin ifadəsi kimi dəyərləndirilir. Bundan əlavə, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsi nəzərdə tutulur. 2022-ci ildən fəaliyyət göstərən və 50-dən çox ölkəni əhatə edən bu platformanın tədbirinə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanında rolunu bir daha ön plana çıxarır.
Beləliklə, Bakıda İslam Əməkdaşlıq Təşkilatının və Avropa Siyasi Birliyinin zirvə görüşlərinin keçirilməsinin nəzərdə tutulması Azərbaycanın müxtəlif mədəniyyətlər, dinlər və siyasi baxışlar arasında dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyətini nümayiş etdirir. Bu beynəlxalq tədbirlərin mahiyyətində dayanan əsas ideyalardan biri də mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ortaq gələcək naminə əməkdaşlığın genişləndirilməsidir.
Nərmin Alıyeva,
AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun kiçik elmi işçisi