PDF Oxu

Siyasət

  • 570

Dialoq və ortaq gələcək

Dialoq və ortaq gələcək

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı beynəlxalq əməkdaşlıq, qarşılıqlı anlaşma və sülh ideyalarının təşviqi baxımından mühüm hadisə kimi yadda qaldı. Müxtəlif ölkələri və beynəlxalq təşkilatları bir araya gətirən forum Azərbaycanın qlobal dialoq məkanında artan rolunu bir daha nümayiş etdirdi.

Forumun açılışında çıxış edən Möhtərəm Prezident İlham Əliyev mədəniyyətlərarası münasibətlərin əhəmiyyətinə, Azərbaycanın beynəlxalq mövqeyinə, müstəqil siyasətinə və ölkəmizin əldə etdiyi nailiyyətlərə toxunaraq müasir dünyanın qarşısında duran çağırışlarla bağlı mühüm mesajlar verdi.
Möhtərəm Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqil siyasətinin beynəlxalq mövqeyinə toxunaraq bildirdi: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb.” Bu fikir Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin əsasını aydın ifadə edir. Müasir dünyada dövlətin nüfuzu yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Eyni zamanda, milli maraqlara əsaslanan müstəqil qərarlar qəbul etmək, beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmaq və qlobal məsələlərdə prinsipial mövqe nümayiş etdirmək də mühüm əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasət xətti məhz bu prinsiplərə söykənir. Ölkəmiz beynəlxalq əməkdaşlığı dəstəkləməklə yanaşı, milli maraqlarını qətiyyətlə qoruyur və dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələrin inkişafına töhfə verir.
Möhtərəm Prezidentin çıxışında diqqət çəkən digər mühüm məqam Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi idi. Dövlət başçısı vurğuladı: “Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb.” Bu fikirlər Azərbaycan xalqının zəhmətini, iradəsini və müstəqil inkişaf yoluna sadiqliyini ifadə edir. Ötən onilliklər ərzində ölkəmiz mürəkkəb siyasi və iqtisadi şəraitdən keçərək öz inkişaf modelini formalaşdırıb, dövlət institutlarını möhkəmləndirib, iqtisadi potensialını genişləndirib. Əldə olunan nəticələr ardıcıl dövlət siyasətinin, xalqın birliyinin və milli maraqlar ətrafında səfərbərliyin təzahürüdür. Bu inkişaf yolu Azərbaycanın öz imkanlarına güvənərək gələcəyə doğru inamla irəlilədiyini göstərir.
Forumun əsas mövzusu olan mədəniyyətlərarası dialoq isə bu nailiyyətlərin beynəlxalq əməkdaşlıq müstəvisində daha geniş məna kəsb etməsinə imkan yaradır. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olub. Bu ənənə müasir dövrdə də ölkəmizin ictimai həyatında özünü göstərir. Multikulturalizm və dini dözümlülük Azərbaycanın mənəvi dəyərlərinin mühüm tərkib hissəsidir.
Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və 2011-ci ildən etibarən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir. Artıq ənənəyə çevrilmiş bu platforma müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və ekspertlərin qlobal problemləri müzakirə etməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq həll yollarının axtarılması üçün mühüm imkan yaradır.
Bu gün dünyada münaqişələrin, dini və milli zəmində qarşıdurmaların, ayrı-seçkiliyin və qarşılıqlı etimadsızlığın mövcud olduğu bir şəraitdə dialoqun əhəmiyyəti daha da artır. Belə bir dövrdə mədəniyyətlərarası anlaşmanın təşviqi yalnız mənəvi çağırış deyil, həm də beynəlxalq təhlükəsizliyin və davamlı inkişafın vacib şərtidir. Müxtəlif xalqların özünəməxsusluğuna hörmətlə yanaşmaq, fərqlilikləri qarşıdurma səbəbinə deyil, qarşılıqlı zənginləşmə imkanına çevirmək bəşəriyyətin ortaq məsuliyyətidir.
Bakıda keçirilən VII Forumun çoxsaylı ölkələri və beynəlxalq qurumları bir araya gətirməsi Azərbaycanın bu istiqamətdə gördüyü işlərin beynəlxalq miqyasını göstərir. Tədbir ölkəmizin yalnız ev sahibi kimi deyil, həm də dialoq və əməkdaşlıq təşəbbüslərinin irəli sürüldüyü etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Möhtərəm Prezident İlham Əliyevin forumdakı çıxışı bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində müstəqillik, milli maraqların qorunması, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq bir-birini tamamlayan prinsiplərdir. Ölkəmiz öz milli dəyərlərinə sadiq qalmaqla yanaşı, müxtəlif xalqlar arasında anlaşmanın möhkəmlənməsinə və daha təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə çalışır.
Nəticə etibarilə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, sülh və əməkdaşlıq təşəbbüslərinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Möhtərəm Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə ortaq gələcəyin qarşıdurma deyil, dialoq, etimad və qarşılıqlı anlaşma üzərində qurulmasının vacibliyini bir daha ön plana çıxarır.

Fəridə Xudiyeva
YAP Qazax rayon təşkilatının gənc partiya fəalı

Digər xəbərlər