PDF Oxu

Siyasət

  • 10

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır"

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır"

Cari ilin ötən ayları ölkə iqtisadiyyatının, heç şübhəsiz ki, növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd olunmalıdır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilən və ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla ölkə iqtisadiyyatının artımını təmin etməklə xalqın maddi rifahının durmadan yaxşılaşmasına gətirib çıxarıbdır.
İqtisadi prosesləri yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev demişdir: "Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunan uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statiskasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın".

Sənaye sektorunun inkişafı

Həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq yüksək artım tempi təmin edilib, həmçinin, infrastruktur əhəmiyyətli dərəcədə müasirləşdirilib və yeniləri qurulub. Sənaye sektorunun inkişafına yönəldilən investisiyalar ölkədə elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə imkan verir. Ötən illərdə olduğu kimi, bu il də sənaye istehsalındakı artım ÜDM-in tərkibində xüsusi çəkiyə malikdir. Belə ki, ötən il ərzində sənaye sahəsində məhsul istehsalı keçən illə müqayisədə 3,1 faiz artıb. Sənaye məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Qeyri-neft sektorunda prioritet məsələlər

Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artıb. Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik qaz hasil olunub. Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, kağız və karton istehsalı 22,9 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artıb. İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Sənaye məhsulunun artımı daha çox mədən sənayesinin payına düşsə də, Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq emal sənayesinin də ümumi istehsalda payı getdikcə artmaqdadır. Son illərdə qida məhsullarının, neft-kimya məhsullarının, sementin, metal məmulatların, məişət cihazlarının, avtomobillərin istehsalı davamlı olaraq artmaqdadır.

Yeni müəssisələr, yeni iş yerləri

Sənaye istehsalının artımında yeni yaranan müəssisələrin böyük rolu var. Əgər 2003-cü ildə ölkə üzrə 2421 sənaye müəssisəsi qeydə alınmışdırsa, bütün mülkiyyət növləri üzrə onların sayı 2005-ci ildə 2621-ə, 2006-cı ildə 2732-yə, 2007-ci ildə 2825-ə, 2008-ci ildə isə 2887-yə çatıb. Ötən ildə yeni sənaye müəssisələrinin yaranması dinamik xarakter daşımışdır. Son vaxtlar yeni müəssisələrinin yaranması, həm də yeni iş yerlərinin açılmasına inamla zəmin yaradır. Xüsusilə, sənaye sektorunun inkişafı, həmçinin, bu sahədə çalışanların əmək haqlarının artımına da öz təsirini göstərmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ildə sənaye işçilərinin orta aylıq əmək haqqı 457,5 manat təşkil etmişdir. Qeyri-dövlət sənaye müəssisələrində işçilərin əmək haqqı isə 584 manat olubdur.
İntensiv iqtisadi inkişaf imkan yaradır ki, sənaye potensialının artması bizim üçün ölkənin inkişafının mühüm prioritet istiqamətinə çevrilsin, sənayeləşmə prosesi yüksək sürətlə getsin. Bunun üçün zəruri valyuta ehtiyatları var. Yüksək inkişaf etmiş sənaye məhsullarının istehsalı və ixracı sayəsində ölkənin postsənaye erasına qədəm qoyması üçün zəruri potensial yaranıb.

Digər xəbərlər