PDF Oxu

Siyasət

  • 7

Ölkəmiz bu il də uğurlu inkişafını davam etdirəcək

Ölkəmiz bu il də uğurlu inkişafını davam etdirəcək

2010-cu il Azərbaycan üçün uğurlu il oldu. Artıq iki aya yaxındır ki, yola saldığımız 2010-cu il  xalqımızın və dövlətimizin taleyində mühüm uğurları ilə də yadda qaldı.  Baxmayaraq ki, ötən ildə dünyada iqtisadi və maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan  böyük uğurlara nail oldu. Ötən il ölkə iqtisadiyyatı daha 5 faiz artdı, ölkədə bütün sosial proqramlar uğurla həyata keçirildi, bütün infrastruktur layihələri icra edildi. 2010-cu il Azərbaycanda "Ekologiya" ili idi və bununla bağlı ətraf mühitin qorunması istiqamətində xeyli iş görtüldü və 6 milyondan çox ağac əkildi. 2010-cu ildə Azərbaycanın beynəlxalq münasibətlərində də uğurlu il oldu.

İqtisadi və sosial proqramlar uğurla icra olunub

2010-cu ili xarakterizə edən ən vacib faktor iqtisadi inkişaf tempi idi. Ötən il iqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artdı, inflyasiya isə cəmi 5,7 faiz təşkil etdi. Ölkəmizə 15 milyard dollar sərmayə qoyuldu, valyuta ehtiyatlarımız 20 milyard dollardan 30 milyard dollara qalxdı.
2010-cu ildə sosial sahədə də böyük işlər görüldü. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikildi və təmir edildi, 5 Olimpiya-İdman Mərkəzi tikildi. Minimum əmək haqqı və pensiyanın baza hissəsi qaldırıldı, ünvanlı sosial yardım proqramı uğurla icra edildi.
2010-cu ildə Azərbaycanda böyük infrastruktur layihələri icra edilib. Nəqliyyat, inşaat sektorunda, elektrik enerjisi güclərinin yaradılması işində böyük və önəmli addımlar atılıb. 2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodunun tikintisi başlanıb. Bakıda Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi başlanıb.
Ölkə Prezidentinin dediyi kimi, artıq iqtisadi durumumuz imkan verir ki, biz bu layihələri öz gücümüzlə, öz pulumuzla icra edək. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdı. Bu, ölkəmiz üçün tarixi bir hadisə idi. Yeni böyük su kəməri Bakını təmiz, keyfiyyətli içməli su ilə təmin edəcək və Bakının, demək olar ki, əsas problemlərindən biri olan su təchizatının yaxşılaşdırılmasına böyük töhfə verəcək.

Demokratik inkişaf siyasəti davam etdirilir

2010-cu ildə Azərbaycanda siyasi proseslər müsbət istiqamətdə inkişaf etdi. Azərbaycanda demokratiyanın inkişafı yolunda böyük və uğurlu addımlar atıldı. 2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf və ədalətli şəkildə keçirildi. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə öz əksini tapdı.
Azərbaycan xarici siyasət sahəsində də 2010-cu ildə böyük uğurlara nail oldu. Getdikcə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Həm ikitərəfli müstəvidə, həm regional formatda, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparılıb. Beynəlxalq təşkilatlarla əlaqələr qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulub.
Azərbaycan kiçik və müstəqilliyini yenicə bərpa etmiş bir ölkə olmasına baxmayaraq, artıq xaricdəki səfirliklərinin sayını 65-ə çatdırıb. Belə ki, səfirliklər kifayət qədər maddi-texniki baza və hazırlıqlı kadrlarla təmin olunub. Ona görə də, Azərbaycan beynəlxalq aləmdə özünün maraqlarını təmin edə bilir. Azərbaycanın həm dünya birliyinin bir hissəsi, həm də ayrı bir dövlət kimi götürsək, hər iki halda, Azərbaycanda inkişafın getdiyi, qarşıya qoyulan məqsədlərin inamla, qətiyyətlə nail olunduğunu görərik.
Aparılan həm daxili, həm də xarici siyasət nəticəsində dünyaya inteqrasiyanın müsbət amillərindən maksimum istifadə etməyə, neqativ hallardan isə maksimum uzaqlaşmağa şərait yaradır.

Ötən il xarici siyasətimiz üçün uğurlu olub

2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan münaqişəsinə dair çox önəmli və ədalətli qətnamə qəbul etdi. Beləliklə, münaqişənin həlli ilə bağlı gedən işlərdə ölkəmizin siyasi və diplomatik mövqeləri daha da möhkəmləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində bunu belə xarakterizə edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun.
Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır.
İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır".

2010-cu il əlamətdar hadisələrlə yadda qaldı

2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Ötən bir il ərzində görülmüş işlər və irəli sürülmüş təşəbbüs nəticəsində Azərbaycanda 6 milyondan çox ağac əkildi. Bu, tarixdə misli görünməmiş bir nəticədir.
Əhalini, xüsusilə, çaylar boyu yerləşən kəndlərdə yaşayan insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular tikilib. Artıq o çaylar boyu yerləşən kəndlərdə yaşayan 300 min Azərbaycan vətəndaşı təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təchiz edilir.
2010-cu ildə bizim iqtisadiyyatımızın aparıcı sahəsi olan neft-qaz sektorunda da böyük uğurlar əldə edilib. Ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. 2010-cu ildə Azərbaycanda böyük qaz yatağı kəşf edildi. Azərbaycan neftçiləri tərəfindən kəşf edilən "Ümid" yatağı dünyada böyük səs salıb və Azərbaycanın enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün bu hadisənin böyük önəmi olacaqdır.
Ölkəmiz dünyada öz nüfuzunu artırdı, siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilib. Azərbaycan Ordusu daha da güclənib. Silahlı Qüvvələrin maddi-texniki bazası modernləşdirilib, hərbçilərin peşəkarlıq səviyyələri artıb.
Göründüyü kimi, 2010-cu il Azərbaycanın həyatında əlamətdar hadisələrlə yadda qaldı. Xalqımız daha bir uğurlu ilə yekun vurdu və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı qarşıdakı illərdə daha böyük uğurların şahidi olacaq.

Digər xəbərlər