PDF Oxu

Siyasət

  • 922

Şuşa Zəfəri – milli qürurumuzun və sarsılmaz iradəmizin təntənəsi - ŞƏRH

Şuşa Zəfəri – milli qürurumuzun və sarsılmaz iradəmizin təntənəsi - ŞƏRH

8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş möhtəşəm tarixi hadisənin təntənəsidir. Bu gün yalnız bir şəhərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin, qəhrəmanlığının və dövlətimizin qüdrətinin təcəssümüdür. Şuşanın azadlığı Azərbaycanın çoxəsrlik tarixində yeni bir səhifə açmış, xalqımızın öz tarixi torpaqlarına qayıdış arzusunu gerçəkləşdirmişdir.

Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Uzun illər ərzində bu qədim şəhərin azad olunması hər bir azərbaycanlının ən böyük arzusu, milli həsrətimizin və mənəvi mübarizəmizin əsas məqsədi olmuşdur. Lakin Azərbaycan xalqı heç zaman öz tarixi torpaqlarından imtina etməmiş, ədalətin bərpa olunacağına inamını itirməmişdir.

Bu inamın gerçəkləşməsində Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, düşünülmüş strategiyası və güclü dövlət quruculuğu siyasəti həlledici rol oynadı. Dövlətimizin başçısı bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə müdafiə etdi. Eyni zamanda, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, ordumuzun müasir standartlara uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Xüsusilə Şuşa əməliyyatı hərb tariximizə unikal döyüş nümunəsi kimi daxil oldu. Sıldırım qayaları, keçilməz dağ yollarını aşan igid əsgər və zabitlərimiz şəhəri əlbəyaxa döyüşlər nəticəsində azad etdilər.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək tarixi müjdəni verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu sözlər milyonlarla insanın qəlbində sevinc, qürur və sonsuz fəxarət hissi yaratdı. Həmin gün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq Zəfər gününə çevrildi.

Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Bu qələbə Azərbaycanın hərbi gücünü, xalqımızın yenilməzliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Zəfər həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurlu davamı idi.

Bu gün Şuşa şəhəri günü dövlətimizin qüdrətini, xalqımızın birliyini və qəhrəman şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək üçün mühüm gündür. Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizin fədakarlığı heç zaman unudulmayacaq.

8 Noyabr həm də gələcək nəsillərə ötürülən qürur və vətənpərvərlik dərsidir. Şuşa artıq yalnız keçmişimizin deyil, qalib Azərbaycanın bu gününün və gələcəyinin rəmzidir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər