"Aydındır ki, Ermənistan-Azərbaycan münaqişəsi həll edildikdən sonra regionda yaranan ən mühüm reallıqlardan biri Zəngəzur dəhlizi, yəni TRIPP marşrutudur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.Onun sözlərinə görə, xatırlayırsınızsa, Ermənistan bu marşrutun ilk dəfə Azərbaycan tərəfindən irəli sürülməsinə çox çətinliklə yanaşır, tərəddüd edir və təklifi qəbul etmək istəmirdi: "Hətta 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanarkən də kommunikasiya əlaqələrinin açılması məsələsi konkret şəkildə əks olunsa da, Ermənistan bu məsələyə ciddi tərəddüdlə yanaşır, müxtəlif manipulyasiyalara əl atırdı.Sonradan Ermənistan anladı ki, bu marşrutun reallaşdırılması, əslində, ilk növbədə elə Ermənistanın öz maraqlarına xidmət edir. Buna görə də sonrakı mərhələdə bu istiqamətdə danışıqlar davam etdirildi. Ermənistan ABŞ ilə müvafiq razılaşma imzaladı. Amerikanın logistika və kommunikasiya məsələləri ilə məşğul olan şirkəti TRIPP marşrutunun idarə olunması ilə bağlı məsələləri öz üzərinə götürdü. Səhmlərin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsusdur.Təbii ki, bütün bunlar məsələnin logistika və texniki tərəfləridir. Siyasi və geosiyasi tərəfinə gəldikdə isə aydın məsələdir ki, Azərbaycanın iştirakı və razılığı olmadan, eləcə də Türkiyənin mövqeyi nəzərə alınmadan bu məsələdə irəliləyiş əldə etmək və marşrutu reallaşdırmaq mümkün deyil.Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin necə təmin olunacağına gəldikdə isə Azərbaycanın əsas tələbi ondan ibarətdir ki, bu marşrut heç bir maneə, əngəl və problem olmadan Azərbaycanın Naxçıvanla kommunikasiyasını təmin etməlidir.Xüsusilə nəzərə alsaq ki, bu marşrut Orta Dəhlizin çox mühüm komponentidir. Çindən Avropaya qədər uzanan minlərlə kilometrlik Orta Dəhlizin mühüm bir hissəsidir. Burada süni şəkildə əlavə problemlər yaratmaq, bürokratik məsələləri qabartmaq Ermənistan tərəfindən marşrutun reallaşdırılmasına ciddi zərər vura bilər.Bu məsələdə təkcə Ermənistanın maraqları deyil, həm də böyük güclərin maraqları kəsişir. Söhbət Çindən Avropaya qədər uzanan geniş coğrafiyada ABŞ-nin, Azərbaycanın, Türkiyənin, Ermənistanın, Çinin və digər ölkələrin maraqlarından gedir.Ona görə də hesab edirəm ki, Ermənistan tərəfindən bundan sonra hər hansı formada çətinlik yaradılması, manipulyasiyalara yol verilməsi, marşrutun reallaşdırılmasına müxtəlif bəhanələrlə mane olunması və ya prosesin ləngidilməsi qəbuledilməzdir.Təhlükəsizlik məsələsinə gəldikdə isə Ermənistan bir dövlət olaraq bu marşrutun təhlükəsizliyinə zəmanət verməlidir. Çünki bütün dünyada mövcud olan beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizliyi onların keçdiyi ölkələr tərəfindən təmin edilir. Bu marşrutda da tam təhlükəsizlik təmin olunmalıdır. Hər hansı insidentin baş verməsi bəhanə gətirilərək marşrutun fəaliyyətinə xələl gətirilməsi yolverilməzdir.Məgər Azərbaycan ərazisindən çox böyük Orta Dəhliz marşrutları keçmir? İndiyə qədər bu istiqamətdə hər hansı ciddi insident yaşanmayıb. Əsas məsələ Ermənistanın təhlükəsizlik zəmanəti ilə bağlı ciddi düşünməsi, marşrutun fəaliyyətinin və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atmasıdır.Ehtiyac yaranarsa, Ermənistan Azərbaycanın qonşu ölkələri ilə, xüsusilə də Azərbaycanla məsləhətləşmələr aparmaq, yardım və dəstək almaq üçün müraciət edə bilər. Böyük ehtimalla, bu məsələlər siyasi və diplomatik kanallar vasitəsilə də müzakirə olunur.Çünki günün sonunda bu marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək. Artıq 35 ildən çoxdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan Naxçıvanla quru ərazi vasitəsilə birbaşa əlaqə saxlaya bilmir.Ona görə də bu məsələdə maraqları və həssaslığı ilk növbədə nəzərə alınmalı olan ölkə Azərbaycandır. Ermənistan bunu anlamalı və dərk etməlidir. Eyni zamanda, marşrutun təhlükəsizliyinin təmin olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".
Müəllif: Lətifə Musayeva