Uşaqlar həyatın ən gözəl çağı olan uşaqlıq illərini yaşamalı, məktəbə getməli, dostları ilə oynamalı, arzular qurmalı və gələcəyə ümidlə baxmalıdırlar. Lakin minlərlə uşaq bu gün həyatının ən çətin sınaqlarından biri ilə üz-üzədir. Söhbət uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olan leykemiyadan-qan xərçəngindən gedir.
Hər il 2-8 noyabr tarixlərində qeyd olunan leykemiyalı uşaqlar həftəsi bu xəstəliyə diqqət çəkmək, erkən diaqnostikanın əhəmiyyətini anlatmaq, xəstə uşaqlara və onların ailələrinə dəstək olmaq məqsədi daşıyır. Bu tarix xüsusilə Türkiyədə LÖSEV – Leykemiya ilə Mübarizə Fondunun təşəbbüsü ilə geniş maarifləndirmə tədbirləri çərçivəsində qeyd edilir. Həftənin əsas çağırışı cəmiyyəti xəstə uşaqların yanında olmağa və onların müalicəsinə dəstək verməyə səsləməkdir.
Leykemiya nədir və uşaqlar arasında niyə geniş yayılıb?
Leykemiya sümük iliyində qan hüceyrələrinin yaranması prosesinin pozulması nəticəsində meydana çıxan bədxassəli xəstəlikdir. Bu zaman orqanizmdə normal qan hüceyrələrinin inkişafına mane olan anormal ağ qan hüceyrələri nəzarətsiz şəkildə çoxalmağa başlayır. Nəticədə immun sistemi zəifləyir, orqanizmin infeksiyalara qarşı müqaviməti azalır, qanazlığı və qanaxma problemləri yarana bilir.
Uşaqlarda ən çox rast gəlinən forması kəskin limfoblastik leykemiyadır (ALL). Bundan başqa, kəskin mieloid leykemiya (AML) da uşaqlarda müşahidə olunur. Xəstəliyin təhlükəli tərəfi odur ki, bəzi əlamətlər ilkin mərhələdə adi yorğunluq, infeksiya və ya qanazlığı ilə qarışdırıla bilər. Buna görə də uzun müddət davam edən və səbəbi bilinməyən sağlamlıq problemləri diqqətdən kənarda qalmamalıdır.
Dünyada vəziyyət: hər il on minlərlə yeni xəstə
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada 0-19 yaş arasında təxminən 400 min uşaq və yeniyetmədə müxtəlif xərçəng xəstəlikləri aşkarlanır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) GLOBOCAN 2022 məlumatlarına əsaslanan hesablamalarında isə 15 yaşadək uşaqlar arasında bir ildə təxminən 64 566 yeni leykemiya halı qeydə alındığı göstərilir.
Bu rəqəm problemin miqyasını aydın nümayiş etdirir. Leykemiya uşaqlıq dövründə rast gəlinən xərçəng xəstəlikləri arasında ən geniş yayılmış növlərdən biridir. Daha bir mühüm məsələ müalicənin nəticələridir. ÜST bildirir ki, yüksək gəlirli ölkələrdə xərçəng diaqnozu qoyulan uşaqların 80 faizindən çoxu sağalır. Aşağı və orta gəlirli ölkələrin əksəriyyətində isə sağalma göstəricisi 30 faizdən aşağıdır. Bu fərqin əsas səbəbləri arasında xəstəliyin gec aşkarlanması, müasir diaqnostika və müalicəyə çıxışın məhdudluğu, dərman təminatı və tibbi xidmətlərdəki bərabərsizlik dayanır. Deməli, mübarizə yalnız xəstəliyin yaranmasının qarşısını almaqdan ibarət deyil. Vaxtında diaqnoz, keyfiyyətli müalicə və hər bir uşağın bu xidmətlərə bərabər çıxışının təmin edilməsi də həyati əhəmiyyət daşıyır.
Azərbaycanda uşaqlar arasında onkoloji xəstəliklər: narahatlıq doğuran rəqəmlər
Azərbaycanda da uşaqlar arasında onkoloji xəstəliklər diqqət tələb edən səhiyyə problemlərindən biridir. Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadənin 2024-cü ilin fevralında APA-ya verdiyi məlumata görə, 2023-cü ildə ölkədə 169 uşaqda onkoloji xəstəlik aşkarlanaraq qeydiyyata alınıb. Qeyd edək ki, göstərilən 169 nəfər müəyyən yaş qrupları üzrə göstəricilər bütün onkoloji xəstəliklərə aiddir, yalnız leykemiyaya yox.
2026-cı ilin fevralında isə parlamentdə səsləndirilən, Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən açıqlamada 0-13 yaşlı uşaqlar arasında hər 100 min nəfərə 7,1, 14–17 yaşlı yeniyetmələr arasında isə hər 100 min nəfərə 10,6 onkoloji xəstəlik göstəricisi olduğu bildirilib. Həmin açıqlamada son 14 ildə uşaqlar arasında onkoloji xəstəliklərin sayının iki dəfə artdığı qeyd edilib.
Xəstəlik niyə yaranır? Genetika, ətraf mühit və radiasiya amili
Uşaqlarda leykemiyanın yaranma səbəbləri müasir tibbin hələ də tam cavab tapa bilmədiyi məsələlərdəndir. Əvvəla, bir həqiqəti qəbul etmək lazımdır ki, bu xəstəliyə tutulan uşaqların əksəriyyətində konkret səbəb müəyyən edilmir.
Elmi araşdırmalara görə, leykemiyanın yaranmasında hüceyrələrin genetik materialında baş verən dəyişikliklər mühüm rol oynayır. Lakin bu, xəstəliyin mütləq valideynlərdən uşağa keçməsi demək deyil. Bəzi irsi sindromlar, məsələn, Daun sindromu, müəyyən leykemiya növlərinin yaranma riskini artıra bilər. Bununla belə, uşaqlıq leykemiyalarının böyük əksəriyyəti irsi xəstəlik hesab edilmir.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) uşaqlıq leykemiyasının müəyyən edilmiş risk amilləri sırasında əsasən bəzi genetik sindromları və yüksək dozada ionlaşdırıcı radiasiyaya məruz qalmanı göstərir. Beləliklə, ətraf mühit amilləri ilə bağlı da araşdırmalar davam edir. Xüsusilə yüksək dozada ionlaşdırıcı radiasiya, valideynlərin bəzi kimyəvi maddələrə, o cümlədən pestisidlərə peşə fəaliyyəti zamanı məruz qalması, bəzi irsi genetik sindromlar, müəyyən tibbi müalicələr və əvvəlki onkoloji xəstəliklər zamanı istifadə olunan kimyaterapiya preparatları-bu amillərin hər biri fərqli səviyyədə risk daşıyır. Onların heç biri hər bir uşaqda mütləq leykemiyaya səbəb olmur.
Telefon, kompüter və gündəlik radiasiya: valideynlər nəyi bilməlidir?
Müasir dövrdə uşaqların həyatını telefonsuz, planşetsiz və kompütersiz təsəvvür etmək çətindir. Bəzi uşaqlar günün böyük hissəsini ekran qarşısında keçirir, açıq havada oyun oynamağa, idmana və fiziki fəaliyyətə isə daha az vaxt ayırırlar. Bu vəziyyət haqlı olaraq sağlamlıqla bağlı suallar yaradır. Xüsusilə elektron cihazların yaydığı şüalanmanın xərçəngə səbəb olub-olmaması müzakirə mövzusudur. Burada iki fərqli radiasiya növünü ayırmaq lazımdır. İonlaşdırıcı radiasiya – rentgen və qamma şüaları kimi yüksək enerjili şüalanmadır. Yüksək dozada bu radiasiya hüceyrələrin DNT-sinə zərər verə və xərçəng riskini artıra bilər.
Qeyri-ionlaşdırıcı radiasiya – mobil telefonların, Wi-Fi cihazlarının və digər simsiz texnologiyaların istifadə etdiyi radiotezlik dalğalarını əhatə edir. Bu şüalanmanın enerjisi ionlaşdırıcı radiasiyadan fərqlidir və DNT-ni birbaşa zədələməsi məlum deyil.
ABŞ Milli Xərçəng İnstitutunun məlumatına görə, mobil telefonların yaydığı radiotezlik şüalanması ilə uşaqlarda xərçəng arasında səbəb-nəticə əlaqəsini təsdiqləyən ardıcıl elmi sübut yoxdur. Deməli, telefon və kompüterdən istifadə uşaqlarda leykemiyanın sübut olunmuş səbəbi olmasa da, onların ekran qarşısında keçirdiyi vaxtın məhdudlaşdırılması vacibdir. Uzunmüddətli ekran istifadəsi yuxu rejiminə, görmə rahatlığına, fiziki aktivliyə və sosial ünsiyyətə mənfi təsir göstərə bilər. Valideynlər uşaqların gündəlik həyatında texnologiya ilə yanaşı, hərəkətə, oyuna, idmana və ünsiyyətə də yer ayırmalıdırlar.
Çirkli hava və kimyəvi maddələr: təhlükə nə qədərdir?
Ətraf mühitin çirklənməsi artıq qlobal səhiyyə problemlərindən biridir. Avtomobillərin tüstüsü, sənaye müəssisələrinin emissiyaları, toz, bəzi kimyəvi maddələr və digər çirkləndiricilər uşaqların sağlamlığına mənfi təsir göstərə bilər.
Hava çirklənməsi ilə leykemiya arasında mümkün əlaqələr də elmi araşdırmaların predmetidir. Lakin mövcud elmi məlumatlar çirkli havanın uşaqlıq leykemiyasının əsas və birbaşa səbəbi olduğunu təsdiqləmir. IARC-nin qiymətləndirməsinə görə, uşaqlıq leykemiyasının yaranmasında ətraf mühit amillərinin rolu araşdırılsa da, indiyədək onların heç biri qlobal xəstəlik yükünün əsas səbəbi kimi müəyyən edilməyib. Lakin bu, ekoloji problemlərə laqeyd yanaşmaq üçün əsas deyil. Çirkli havanın uşaqlarda tənəffüs və ürək-damar xəstəlikləri də daxil olmaqla, müxtəlif sağlamlıq problemlərinə təsiri sübut olunub. Ona görə də şəhərlərdə yaşıllıqların artırılması, nəqliyyat emissiyalarının azaldılması, sənaye tullantılarına nəzarət və uşaqların yaşadığı mühitin sağlamlaşdırılması dövlət siyasətinin prioritetlərindən biri olmalıdır.
Hansı əlamətlərə diqqət yetirilməlidir?
Leykemiya bəzən adi xəstəliklərin əlamətlərinə bənzər simptomlarla özünü göstərə bilər. Buna görə də valideynlərin aşağıdakı hallara diqqət yetirməsi vacibdir:
-Uzun müddət davam edən səbəbsiz halsızlıq və yorğunluq;
-Dərinin nəzərəçarpacaq dərəcədə solğunlaşması;
-Tez-tez və səbəbsiz göyərmələr;
-Burun və diş əti qanaxmaları;
-Uzun müddət davam edən və təkrarlanan qızdırma;
-Sümük və oynaq ağrıları;
-Limfa düyünlərinin böyüməsi;
-İştahanın azalması və səbəbsiz çəki itkisi.
Bu əlamətlər mütləq leykemiya demək deyil. Onlar müxtəlif xəstəliklər zamanı da yarana bilər. Ancaq davamlı və izah olunmayan simptomlar olduqda pediatra müraciət edilməli, həkimin göstərişi ilə qan analizi və digər müayinələr aparılmalıdır.
Erkən tibbi qiymətləndirmə xəstəliyin vaxtında aşkarlanması və müalicəyə başlanması baxımından çox əhəmiyyətlidir.
Leykemiya artıq ümidsiz diaqnoz deyil
Müasir tibb uşaqlıq leykemiyasının müalicəsində böyük nailiyyətlər əldə edib. Xüsusilə kəskin limfoblastik leykemiyanın müalicəsində nəticələr xeyli yaxşılaşıb. Kimyaterapiya, uyğun xəstələrdə hədəfli müalicə, immunoterapiya və sümük iliyi transplantasiyası kimi üsullar xəstələrin həyatını xilas etməyə imkan verir. Lakin müalicənin uğuru xəstəliyin növündən, risk qrupundan, diaqnozun vaxtında qoyulmasından və müalicənin əlçatanlığından asılıdır. Ona görə də leykemiya diaqnozu qoyulmuş hər bir uşağın müasir müalicəyə çıxışı təmin edilməlidir.
Uşaqların sağlamlığı ümummilli məsuliyyətdir
2-8 noyabr tarixləri bizə bir daha xatırladır ki, uşaqların sağlamlığı yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Biz uşaqlara daha sağlam gələcək vəd etmək istəyiriksə, onların yaşadığı mühitdən tutmuş tibbi xidmətlərə çıxışına qədər bütün məsələlərə diqqət yetirməliyik.
Ekoloji təhlükəsizliyi gücləndirməli və səhiyyə sistemində profilaktika, erkən diaqnostika və müalicəyə daha çox diqqət ayırmalıyıq. Unutmayaq ki, leykemiya ilə mübarizə aparan hər bir uşağın arxasında bir ailənin ümidi, gözləntisi və gələcəyə inamı dayanır. Hər bir uşaq isə sağlam yaşamaq, sevinmək, oynamaq və gələcək qurmaq hüququna malikdir. Bu hüququ qorumaq isə hamımızın borcudur.
Mətanət Məmmədova