PDF Oxu

Siyasət

  • 615

Şuşa – Dirçəlişin və Zəfərin müqəddəs ünvanı - ŞƏRH

Şuşa – Dirçəlişin və Zəfərin müqəddəs ünvanı - ŞƏRH

8 Noyabr yalnız Azərbaycanın hərb tarixinə deyil, həm də Şuşanın yenidən doğulduğu gün kimi tariximizə qızıl hərflərlə həkk olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu tarixi gün, 28 illik həsrətdən sonra Qarabağın döyünən ürəyinin, mədəniyyətimizin beşiyinin azadlığa qovuşmasının və milli qürurumuzun bərpa olunmasının simvoludur.
Azərbaycan xalqının çoxəsrlik tarixində elə şəhərlər var ki, onların adı çəkiləndə insanın qəlbində xüsusi qürur və sevgi hissi yaranır. Şuşa məhz belə şəhərlərimizdəndir. Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət beşiyi, milli musiqimizin və incəsənətimizin beşiyi olan Şuşa xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq müqəddəs məkandır. Şuşa Şəhəri Günü isə yalnız bir şəhərin bayramı deyil, bütöv bir xalqın tarixi ədalətə qovuşmasının, milli birliyinin və dövlətçilik əzminin təntənəsidir. Şuşa hər zaman Azərbaycan xalqının mənəvi dünyasının ayrılmaz hissəsi olub. Bu şəhər özünəməxsus memarlığı, təbiətinin gözəlliyi, zəngin tarixi və yetişdirdiyi böyük şəxsiyyətlərlə tanınıb. Azərbaycan musiqisinin korifeyləri, görkəmli şair və sənətkarlar Şuşanın mədəni mühitində yetişərək milli mədəniyyətimizin inkişafına əvəzsiz töhfələr veriblər. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Cabbar Qaryağdıoğlu kimi şəxsiyyətlərin adları Şuşanı dünya mədəniyyət tarixində tanıdan mühüm amillərdəndir. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşanın işğal olunması Azərbaycan xalqının tarixində ən ağrılı səhifələrdən birinə çevrildi. Uzun illər doğma torpaqlarından ayrı düşən insanlar Şuşaya qayıtmaq arzusu ilə yaşadılar. Lakin Azərbaycan xalqı heç vaxt öz tarixi torpaqlarından imtina etmədi, Şuşanın azad olunacağına olan inamını itirmədi. 2020-ci il noyabrın 8-də bu inam möhtəşəm Zəfərlə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Sıldırım qayaları, çətin relyefi və mürəkkəb döyüş şəraiti ilə seçilən Şuşa əməliyyatı hərb tariximizin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan əsgərinin qəhrəmanlığı, Vətən sevgisi və döyüş əzmi bütün dünyaya nümayiş etdirdi ki, xalqımız öz torpaqlarını azad etmək əzmindədir. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının qüruru, milli ləyaqəti və tarixi ədalət bərpa olundu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşanın azad edilməsini tarixi hadisə kimi qiymətləndirərək bu qələbənin xalqımızın yaddaşında əbədi qalacağını vurğulayıb. 2022-ci ildə mayın 8-nin Şuşa Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi hadisənin əhəmiyyətini bir daha təsdiqlədi. Bu gün Şuşa yeni inkişaf və quruculuq mərhələsini yaşayır. İşğal dövründə dağıdılmış tarixi-mədəni abidələrimiz bərpa edilir, şəhərin infrastrukturu yenilənir, yeni yaşayış və ictimai obyektlər istifadəyə verilir. Şuşanın əvvəlki şöhrətinin qaytarılması istiqamətində həyata keçirilən layihələr dövlətimizin bu şəhərə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir. Şuşada keçirilən beynəlxalq tədbirlər, “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəniyyət tədbirləri şəhərin yenidən öz tarixi missiyasına qayıtdığını göstərir. Bir zamanlar işğal altında qalan bu torpaqlarda bu gün Azərbaycan musiqisi səslənir, üçrəngli bayrağımız dalğalanır, milli mədəniyyətimiz təbliğ olunur. Bu, həm də Azərbaycanın öz tarixinə, milli-mənəvi dəyərlərinə və gələcəyinə sahib çıxmasının parlaq nümunəsidir. Şuşanın dirçəlişi Böyük Qayıdış siyasətinin də mühüm istiqamətlərindən biridir. Doğma torpaqlarımıza qayıdan insanların üzündəki sevinc, yenidən qurulan evlər, abadlaşan küçələr və canlanan şəhər həyatı Zəfərimizin davam edən nəticələridir. Şuşa Şəhəri Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək hər birimizin mənəvi borcudur. Onların qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində bu gün Şuşamız azaddır. Şuşa bizim üçün sadəcə şəhər deyil. Şuşa milli kimliyimiz, tarixi yaddaşımız, qürurumuz və yenilməzliyimizin rəmzidir. Şuşanın azadlığı göstərdi ki, güclü dövlət, xalq-iqtidar birliyi və sarsılmaz iradə qarşısında heç bir çətinlik dayana bilməz.
Bu gün Şuşa yenidən qurulur, inkişaf edir və dünya miqyasında Azərbaycanın mədəniyyət paytaxtı kimi öz layiqli yerini tutur. Əminik ki, gələcək nəsillər Şuşanın tarixini qürurla öyrənəcək, bu müqəddəs şəhəri qoruyacaq və onun şöhrətini daha da yüksəklərə daşıyacaqlar. Yaşasın azad Şuşamız! Yaşasın müstəqil və qüdrətli Azərbaycan!

Sevinc Mustafayeva,
YAP Göygöl rayon təşkilatı üzrə 1 saylı ərazi partiya təşkilatının fəal üzvü

Digər xəbərlər