"Rusiya-Ukrayna münaqişəsinə ümumi yanaşmaq bir qədər çətindir. Bunun əsas səbəbi bölgədəki reallığın hər gün, hətta saatbasaat dəyişməsidir. Məsələn, bir müddət əvvəl Rusiyanın üstün mövqedə olduğu və Ukraynanın daha geniş ərazilərinin işğal ediləcəyi barədə danışılırdı. Çünki Rusiyanın irəliləmə sürəti artmış, Ukrayna ordusunun müqavimət imkanları isə xeyli zəifləmişdi. Lakin sonradan vəziyyət qəfil dəyişdi. Rusiya ordusunun irəliləməsində yavaşlama müşahidə olunmağa başladı. Ukraynaya göstərilən xarici dəstək və Ukrayna ordusunun öz müqaviməti nəticəsində Rusiya ordusunun irəliləməsi xeyli çətinləşdi. Daha sonra vəziyyət yenidən dəyişdi: bəzən Rusiyanın, bəzən isə Ukraynanın xeyrinə dinamika yarandı".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, müharibənin indiyədək keçdiyi mərhələlərə nəzər saldıqda, ümumi yanaşma əsasında konkret proqnoz vermək çətinləşir:"Ancaq məsələyə beynəlxalq münasibətlər, atəşkəs və sülh perspektivləri baxımından yanaşsaq, müəyyən qənaətə gəlmək mümkündür: mövcud qeyri-müəyyənlik hələ də davam edir və münaqişənin yaxın vaxtlarda başa çatması ehtimalı yüksək deyil.ABŞ-da keçiriləcək aralıq seçkilərinin nəticələri bu prosesə ciddi təsir göstərə bilər. Eyni zamanda, Qərb dövlətlərinin, xüsusilə Londonun, Parisin, Berlinin və müəyyən dərəcədə Romanın mövqeyi də mühüm rol oynayacaq. Əgər Trampın partiyası, yəni Respublikaçılar üstünlük qazansa, hadisələr bir istiqamətdə, Demokratlar üstünlük əldə etsə, başqa istiqamətdə inkişaf edə bilər.Bugünkü reallıq göstərir ki, hər iki tərəf müharibədən yorulub və onun başa çatmasını istəyir. Bununla belə, hər iki tərəfin konkret şərtləri və məqsədləri var. Həmin məqsədlərə çatmadan geri çəkilmək istəmirlər.Rusiya anlayır ki, Ukrayna müharibədən yorulub. Ukrayna da öz növbəsində Rusiyanın müharibədən yorulduğunu görür. Bu qarşılıqlı yorğunluq və tərəflərin öz mövqelərini qorumaq istəyi ortaq dil tapmağı, eləcə də tərəflərdən birinin müəyyən güzəştlərə getməsini çətinləşdirir.Məsələn, Rusiya Ukraynanın yorulmadığını, ABŞ-dan, Avropa ölkələrindən və digər tərəfdaşlarından davamlı maliyyə və hərbi dəstək aldığını görsəydi, müharibəni daha tez bitirmək istəyə bilərdi. Eyni şəkildə, Ukrayna Rusiyanın hərbi və iqtisadi baxımdan ciddi itkilər vermədiyini, ordusunun isə yorulmadığını görsəydi, daha çox itkiyə yol verməmək üçün müharibəni tez başa çatdırmağa çalışardı.Hazırkı vəziyyətdə isə hər iki tərəf qarşı tərəfin də ciddi şəkildə yorulduğunu düşünür. Buna görə də öz şərtlərindən və məqsədlərindən geri çəkilmək istəmirlər.Trampın son dövrlərdə Ukraynaya göstərdiyi təzyiqlər Kiyevi çətin vəziyyətə salıb və müəyyən güzəştlərə getməyə məcbur edib. Lakin Ukraynanın etdiyi güzəştlər Rusiyanı tam razı salmır. Buna görə də hələlik atəşkəs razılaşması əldə olunmayıb.Rusiya tərəfi anlayır ki, ABŞ-da aralıq seçkilərinin nəticəsindən asılı olmayaraq, Trampın hakimiyyətdə qalacağı müddət hələ ən azı iki ildir. Ukrayna isə başa düşür ki, Ukrayna məsələsi ABŞ-ın daxili siyasətində ciddi əhəmiyyət daşıyır. Trampın Ukraynanın qeyd-şərtsiz təslim olmasını tələb etməsi Respublikaçılar Partiyasının ciddi siyasi itkiləri ilə nəticələnə bilər. Hətta bu prosesin impiçmentə qədər gedib çıxması ehtimalı da müzakirə oluna bilər.Beləliklə, hazırda hər iki tərəfin həm zəif cəhətləri, həm də mövqelərini gücləndirən imkanları var. Buna görə də tərəflər öz məqsədlərindən çıxış etməyə davam edirlər.Bununla belə, həm Rusiyanın, həm də Ukraynanın ciddi şəkildə yorulduğu və müharibəni başa çatdırmaq istədiyi aydın görünür. İndi əsas məsələ şərtlərin konkretləşdirilməsi və tərəflərin irəli sürdüyü tələblərin cəbhədəki real vəziyyətlə uzlaşdırılmasıdır.Tərəflərdən biri və ya hər ikisi cəbhədə daha çox nəticə əldə etməyin mümkün olmadığını və müharibəni davam etdirməyin fayda verməyəcəyini anladığı zaman razılığa gəlmək və ortaq məxrəcə çatmaq daha asan ola bilər".
Müəllif: Günel Fərzəliyeva