8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş tarixi Qələbənin, milli birliyin, iradənin və Vətən sevgisinin təcəssümüdür. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin Ermənistan işğalından azad edilməsi Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin taleyini həll etməklə yanaşı, xalqımızın öz doğma torpaqlarına qayıdış əzmini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmişdir.
Şuşa Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik strategiyası, güclü ordu quruculuğu, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın iqtisadi potensialının artırılması gələcək tarixi Qələbənin əsasını təşkil etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını dövlət siyasətinin başlıca məqsədlərindən birinə çevirmişdir.
2020-ci il noyabrın 8-də Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini çatdıran Prezident İlham Əliyevin səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” bəyanatı xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi müraciətə çevrilmişdir. Bu sözlər təkcə hərbi Qələbənin deyil, həm də illərlə doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan milyonlarla azərbaycanlının sevincinin ifadəsi idi.
Şuşanın azad olunması Vətən müharibəsinin ən mürəkkəb və həlledici əməliyyatlarından biri olmuşdur. Mürəkkəb relyef şəraitində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq və peşəkarlıq nəticəsində şəhər düşmən işğalından azad edilmişdir. Şuşa əməliyyatı hərb tariximizə xüsusi qəhrəmanlıq nümunəsi kimi daxil olmuşdur. Prezident İlham Əliyevin Zəfərdən sonra səsləndirdiyi “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” fikirləri bu Qələbənin tarixi və mənəvi əhəmiyyətini bir daha ifadə edir.
Şuşa tarixən Azərbaycanın mədəniyyət, incəsənət və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün və bir çox görkəmli şəxsiyyətlərin adları ilə bağlı olan bu şəhər milli mədəniyyətimizin beşiyi hesab edilir. Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün yeni imkanlar yaranmışdır.
Dövlət başçısının rəhbərliyi ilə Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Şəhərin tarixi simasının qorunması, dağıdılmış mədəniyyət abidələrinin bərpası, yeni yaşayış komplekslərinin, sosial infrastruktur obyektlərinin və müasir turizm məkanlarının yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın hazırlanması bu qədim şəhərin gələcək inkişafının sistemli şəkildə təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevin azad edilmiş Şuşaya mütəmadi səfərləri şəhərin dirçəldilməsinə dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir. Cıdır düzündə Novruz tonqalının alovlandırılması, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin bərpadan sonra açılışı, eləcə də məscidlərin və tarixi abidələrin yenidən qurulması Şuşanın əvvəlki mədəni həyatının bərpasında mühüm rol oynayır.
Sonrakı illərdə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, beynəlxalq tədbirlər və müxtəlif mədəniyyət layihələri şəhərin yenidən dünyanın diqqət mərkəzinə çevrildiyini göstərir. Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun beynəlxalq nüfuzunun artmasına töhfə vermişdir. Eyni zamanda, şəhərdə yaşayış komplekslərinin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış proqramının mühüm nəticələrindəndir.
Bu gün Şuşa yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycanın dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərinin və mədəni irsinin yaşadıldığı məkandır. Burada aparılan quruculuq işləri xalqımızın öz torpaqlarına bağlılığını, tarixinə və gələcəyinə sahib çıxmaq əzmini nümayiş etdirir.
8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Bu tarix şəhidlərimizin qanı və qazilərimizin qəhrəmanlığı bahasına əldə edilmiş Zəfərin unudulmaz səhifəsidir. Şuşanın azadlığı ilə Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etmiş, milli iradəsini və dövlət suverenliyini nümayiş etdirmişdir. Bu gün Şuşada dalğalanan üçrəngli Azərbaycan bayrağı xalqımızın birliyinin, müstəqilliyimizin və əbədi qayıdışımızın rəmzidir.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı