PDF Oxu

Siyasət

  • 787

Şuşa – Zəfərin taci, Azərbaycanın əbədi qürur ünvanı - ŞƏRH

Şuşa – Zəfərin taci, Azərbaycanın əbədi qürur ünvanı - ŞƏRH

8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış, milli qürur və Zəfər salnaməmizin ən parlaq səhifələrindən birinə çevrilmiş əlamətdar tarixdir. Bu günün mahiyyəti yalnız bir şəhərin işğaldan azad olunması ilə məhdudlaşmır. Bu tarix əsrlərin sınağından çıxmış milli iradənin, Vətən sevgisinin, qəhrəmanlığın və tarixi ədalətin təntənəsidir.

Şuşanın taleyinə uzun illər ağrılı sınaqlar yazıldı. 1992-ci il mayın 8-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında sağalmaz yara açdı. Şuşanın həsrəti bütöv Azərbaycanın nisgilinə çevrildi. Ancaq xalqımız doğma şəhərinə qayıdacağına, üçrəngli bayrağımızın yenidən Şuşanın zirvələrində dalğalanacağına inamını itirmədi.
2020-ci il noyabrın 8-də bu inam möhtəşəm Zəfərlə gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək Şuşanı işğaldan azad etdi. Sıldırım qayaları, çətin relyefi və strateji mövqeyi ilə alınmaz qala hesab edilən şəhərin azadlığı hərb tariximizə qızıl hərflərlə yazıldı.
Həmin gün Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan tarixi bir müraciət səsləndi. Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində böyük fəxarət və qürur hissi ilə bəyan etdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu sözlər sadəcə bir qələbə xəbərinin ifadəsi deyildi. Bu, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qəlbinə məlhəm olan, şəhidlərimizin ruhunu şad edən, Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirən tarixi bəyanat idi.
Dövlət başçısının Şuşanın azadlığına verdiyi tarixi qiymət onun Vətən müharibəsi dövründə səsləndirdiyi fikirlərdə də öz əksini tapmışdı. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdı ki, Şuşasız qələbəmiz yarımçıq olardı. Çünki Şuşa təkcə strateji əhəmiyyətə malik şəhər deyil, Azərbaycan xalqının ürəyi, canı, milli-mənəvi varlığının ayrılmaz parçasıdır. Bu fikirlər 2022-ci il noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə keçirilən tədbirdə dövlət başçısının çıxışında bir daha xüsusi vurğulandı. Prezident Şuşanın azad edilməsi əməliyyatını Azərbaycan hərbçilərinin misilsiz qəhrəmanlıq nümunəsi kimi dəyərləndirdi.
Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin şəhərə səfərləri xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Dövlət başçısının 2021-ci il yanvarın 14-də Şuşaya ilk səfəri xalqımızın yaddaşında unudulmaz hadisə kimi qaldı. Həmin səfər zamanı Şuşada Azərbaycan bayrağı ucaldıldı, hərbçilərlə görüş keçirildi, tarixi və mədəni abidələrə baxış oldu. Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın büstlərinin yenidən öz doğma şəhərlərinə qaytarılması isə xüsusi rəmzi məna daşıyırdı. Sanki Şuşanın mədəni ruhu, sənət yaddaşı yenidən öz sahibinə qovuşurdu.
Prezidentin Şuşaya hər səfəri şəhərin dirçəlişinə, quruculuğuna və gələcəyinə verilən böyük önəmin göstəricisi oldu. 2021-ci il martın 16-da Şuşada olan dövlət başçısı şəhərin işğal dövründə dağıdılmış vəziyyətini gördükdən sonra onun gələcəyi ilə bağlı qətiyyətli mövqeyini ifadə edərək bildirdi ki, Şuşa Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu fikir bu gün həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas mənəvi istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 24-də Şuşanın Cıdır düzündə səsləndirdiyi fikirlər də xüsusi diqqətə layiqdir. Dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan xalqı illərlə bu günə inanıb və həmin müqəddəs günü şəhidlərimizin qanı-canı bahasına yaşayıb. Onun Şuşaya həmin il yeddinci dəfə səfər etdiyini bildirməsi şəhərə olan xüsusi bağlılığının və diqqətinin ifadəsi idi.

2022-ci il noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Şuşanın azad olunması Azərbaycan xalqının milli qürurunu bərpa edib. Dövlət başçısının sözləri ilə desək, bu Qələbə xalqımıza inam və ruh verdi. Həqiqətən də Şuşanın azadlığı Azərbaycan tarixində yalnız hərbi uğur deyil, milli özünüdərk və mənəvi dirçəliş hadisəsidir.
Bu gün Şuşa yenidən qurulur, dirçəlir, öz tarixi və mədəni simasına qovuşur. Tarixi abidələrin bərpası, yeni yolların, sosial obyektlərin, yaşayış və turizm infrastrukturunun yaradılması şəhərin gələcək inkişafına xidmət edir. Şuşada keçirilən Vaqif Poeziya Günləri, Xarıbülbül Beynəlxalq Musiqi Festivalı və digər mötəbər tədbirlər şəhərin əvvəlki mədəni şöhrətini yenidən dünyaya nümayiş etdirir.
Şuşanın dirçəlişi həm də Böyük Qayıdışın mənəvi təntənəsidir. Bu şəhərin hər küçəsində həyatın yenidən canlanması, muğamın və musiqimizin doğma məkanında səslənməsi, tarixi irsimizin qorunması böyük Zəfərimizin davamıdır.
Şuşa bizim üçün sadəcə keçmişin xatirəsi deyil, bu günün qüruru, sabahın ümididir. O, xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin, milli birliyimizin və Vətən sevgimizin əbədi rəmzidir.
Bu gün Şuşanın zirvələrində dalğalanan üçrəngli bayrağımız bir daha sübut edir ki, Vətən sevgisi ilə döyünən ürəklər heç zaman məğlub olmur. Şuşanın azadlığı ilə Azərbaycan tarixinin yeni və şərəfli səhifəsi yazıldı. Bu səhifənin adı əbədi olaraq Zəfər, qürur və milli birlik olacaq!

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər