Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası ölkə ictimaiyyətində maraq doğurub. Sözügedən iclasda 2010-cu ildə komissiyanın fəaliyyətinin yekunları və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş məsələlər müzakirə olunub.
"Neqativ hallar ölkəmizin nüfuzuna xələl gətirir"
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və aparılan islahatlar nəticəsində Azərbaycanın ötən il də sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığını, nəzərdə tutulan bütün proqramların icra olunduğunu qeyd edən natiq, toplantı iştirakçılarının və komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəldib.
"Həmin iclasda İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib"- PA rəsmisi bildirib.
Komissiyanın toplantısının Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə keçirildiyini bildirən Ramiz Mehdiyev deyib: "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır".
Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub.
26 nəfər ədliyyə orqanlarından xaric olunub
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasından sonra Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib. Nazirliyin bütün struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiyada ədliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması, ədliyyə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, penitensiar müəssisələrdə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin və məhkəmələrdə icra və əmək intizamının gücləndirilməsi barədə ciddi tapşırıqlar verilib.
Kollegiyada nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə ötən il 4 nəfər barədə materialların prokurorluğa göndərilməsi, habelə, 220-dən çox ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən, 26 nəfərin vəzifədən azad və ədliyyə orqanlarından xaric olunması diqqətə çatdırılıb, yoxlamalar zamanı prinsipiallığın artırılması, aşkar edilmiş nöqsanlarla bağlı ən sərt tədbirlərin görülməsinin zəruriliyi bildirilib, rəhbər işçilərin şəxsi məsuliyyəti vurğulanıb.
Son vaxtlar məhkəmə sistemində də korrupsiya faktları və vəzifədən sui-istifadə edilməsi hallarına qarşı mübarizə güclənib. Xeyli sayda hakimlər və digər məhkəmə işçiləri işdən azad edilib. Eyni proses polis və digər hüquq-mühafizə orqanlarında da həyata keçirilib.
Fevralın 1-də İqtisadi İnkişaf Nazirliyində də bu məsələ ilə bağlı geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığı inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə təkliflərin hazırlanması tapşırılıb.
İqtisadi inkişaf naziri müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin edilməsi, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib.
"Korrupsiyaya qarşı mübarizə daha ciddi aparılmalıdır"
Prezident İlham Əliyev hökumətin bütün iclaslarında bu məsələyə toxunur və bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib: "Azərbaycanda biznes mühiti müsbətdir, investisiya mühiti yaxşıdır. Adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə Azərbaycan, həmişə olduğu kimi, indi də MDB məkanında aparıcı yerlərdədir.
Ancaq bununla bərabər, biz biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməliyik. Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir. Biz istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha da çox vəsait daxil olacaq".
Dövlət başçısı dəfələrlə korrupsiyada əli olan dövlət qulluqçularını işdən azad edib. Bu sırada nazirlər və komitə sədrləri kimi yüksək rütbəli məmurlar da olub. Bu məsələ ölkə Prezidentinin ən böyük önəm verdiyi işlərdən biridir. Çünki Azərbaycanın inkişafını daha da sürətləndirmək üçün ilk növbədə korrupsiya, monopoliya hallarına tamamilə son qoyulmalıdır.
Korrupsiya ilə mübarizə təkcə dövlətin işi deyil
Ümumiyyətlə, son zamanlar Azərbaycanda korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Xüsusilə, vergi, gömrük, bələdiyyə, səhiyyə, məhkəmə, sistemində aparılan yoxlamalar bir çox qanun pozuntularının üzə çıxarılmasını və günahkarların cəzalandırılmasını təmin edib.
Qeyd edək ki, ötən il korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlərin səmərəliliyinin göstəricisi kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 188 şəxs barəsində 104 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. İdarənin fəaliyyət göstərdiyi 6 il ərzində 600 nəfərdən artıq şəxs barəsində cinayət işi qaldırıb.
Korrupsiya problemi az və ya çox dərəcədə dünyanın bütün ölkələrində mövcuddur. Təbii ki, korrupsiya, rüşvətin olmasında təkcə dövləti günahlandırmaq düzgün deyil. Burada cəmiyyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır. Gərək, vətəndaşların özü bunda maraqlı olsun. Azərbaycanda insanlar, təəssüf ki, qanunlara əməl etməyə o qədər də maraqlı deyil. Bir çox insanlar korrupsiya və rüşvətə qarşı mübarizə aparmaq əvəzinə, gedib hansısa məmura rüşvət verirlər.
Amma dövlət orqanları bu problemi aradan qaldırmaq üçün əlindən gələni edir. Son illərdə pensiyaçıların bank kartları ilə təmin edilməsi, elektron hökumətlə bağlı işlər, dövlət qurumlarında işə qəbulda müsabiqə yolunun tətbiqi, nazirliklərdə və digər dövlət qurumlarında yaradılan qaynar xətlər, vergi sistemində edilən yenilikləri və s. işləri korrupsiya hallarının qarşısının alınması üçün təqdirəlayiq işlərdən hesab etmək olar.
Korrupsiyaya qarşı Mübarizə İdarəsində hər il xeyli sayda dövlət qulluğunda çalışan adamlara cinayət işi açılır. Milli Məclisdə Hesablama Palatası tərəfindən dövlət qurumlarda aparılan yoxlamaların nəticələri barədə məlumatlar verilir. Bunlar onu göstərir ki, dövlət olaraq, korrupsiya ilə ciddi mübarizə aparılır.