“Müharibələr həmişə danışıqların aparılması və sazişlərin imzalanması ilə başa çatır. Azərbaycan ilə Ermənistan arasında baş verən münaqişənin gedişatı da göstərir ki, tərəflər əvvəl-axır razılığa gəlməlidirlər”.Bu sözləri politoloq Tofiq Abbasov SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, Ermənistan Azərbaycan kimi tam müstəqil və suveren dövlət olmadığı üçün kənar müdaxilələr ölkənin siyasi rəhbərliyinə, o cümlədən Baş nazir Nikol Paşinyana ciddi problemlər yaradır. Burada təkcə Fransa, Rusiya və ya digər dövlətlərdən söhbət getmir. Eyni zamanda, diaspor təşkilatları, ABŞ-dakı ANCA təşkilatı və kilsə də bu proseslərə təsir göstərməyə çalışır. Demək olar ki, bu qüvvələrin hamısı kiçik və zəif vəziyyətdə olan həmin dövlətin idarəçiliyində əsas təsir imkanlarını ələ keçirmək istəyirlər.Politoloq qeyd edib ki, Nikol Paşinyan hazırda sözün əsl mənasında bir neçə cəbhədə mübarizə aparır. Ölkə daxilində də vəziyyət gərgindir. Son günlər parlamentdə əlbəyaxa qarşıdurmalar baş verib. Demək olar ki, parlament tədricən qaydasız döyüşlər arenasına çevrilir.Onun fikrincə, belə bir şəraitdə baş nazir tədbirli olmalı, aydın plan və proqrama malik olmalıdır. Yaxınlarda bir forumda çıxışı zamanı Paşinyan 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin başdan-başa səhv sənəd olduğunu və Ermənistanı təhlükə altına qoyduğunu bildirib. Əslində, bu fikrin səsləndirilməsi təsadüfi deyil. Təbii ki, həmin bəyanat qondarma vətənpərvərləri və digər marginal qüvvələri ayağa qaldırıb. Onlar Paşinyanın bu mövqeyini Azərbaycanın diktəsi ilə hərəkət etmək kimi təqdim edirlər.Tofiq Abbasov vurğulayıb ki, Nikol Paşinyan problemin mahiyyətini görür və anlayır ki, Ermənistan, ilk növbədə, konstitusiya islahatlarına başlamalı, bununla bağlı referendum keçirməlidir. Əgər referendum keçirilməsə, Ermənistan əhalisinin, yəni seçicilərin Paşinyanı dəstəkləyib-dəstəkləməyəcəyini birmənalı şəkildə söyləmək mümkün olmayacaq.Politoloqun sözlərinə görə, son parlament seçkilərində Nikol Paşinyanın dəstək qazanmasının səbəbi ölkəsini müharibə yolundan uzaqlaşdırması idi. Artıq hamı başa düşür ki, bu istiqamətdə dəyişiklik edilməlidir. Ancaq digər tərəfdən, konstitusiya islahatları çərçivəsində referendum keçiriləcəyi və Qarabağ məsələsi həm Müstəqillik Bəyannaməsindən, həm də Konstitusiyadan çıxarılacağı təqdirdə, cəmiyyətin buna necə reaksiya verəcəyini əvvəlcədən söyləmək çətindir.O hesab edir ki, yenə də əksəriyyət Paşinyanın mövqeyini dəstəkləməlidir. Çünki Qarabağ məsələsi artıq həllini tapıb. Qarabağdan çıxmış bir neçə siyasi avantürist qalıb. İmkanları məhdud olsa da, onlar səs-küy salaraq vətənə qayıtmaq istədiklərini bildirirlər.Tofiq Abbasov diqqətə çatdırıb ki, Azərbaycan tərəfi bu məsələyə yüksək səviyyədə hazırdır. Elektron portal mövcuddur. Qayıtmaq istəyənlər həmin portalda qeydiyyatdan keçərək Azərbaycan vətəndaşlığını əldə etmək üçün bütün prosedurları həyata keçirə bilərlər. Bundan sonra heç bir problem yoxdur. Lakin bu proses onların istədiyi formada həyata keçirilməyəcək.Politoloq bildirib ki, sağlam düşüncəli, bu məsələlərdən az-çox məlumatlı insanlar başa düşürlər ki, Qarabağ qatarı ermənilər üçün artıq gedib və bir daha geri qayıtmayacaq.Onun sözlərinə görə, əsas məsələ bundan sonra Ermənistanın sağlam düşüncəyə əsaslanan yolla sülh sazişinə doğru hərəkətini davam etdirməsidir. Xüsusilə də Nikol Paşinyanın qarşıya qoyduğu iki hədəf var: real Ermənistanı və Dördüncü Respublikanı yaratmaq. Bu hədəflərin reallaşmasında Azərbaycanla sülh sazişinin bağlanması və imzalanması mühüm rol oynayacaq.Sonda politoloq əlavə edib ki, bu, təkcə Nikol Paşinyana deyil, bütövlükdə erməni xalqına lazım olan hədəfdir. Onlar anlamalıdırlar ki, gələcək rifahları, sabitlikləri və təhlükəsizlikləri məhz bu məsələnin həllindən asılıdır.
Müəllif: Günay Hacıyeva