PDF Oxu

Siyasət

  • 664

9 noyabr – Dövlət Bayrağı Günü: üçrəngli bayrağımız milli qürurumuzun, suverenliyimizin və zəfərimizin rəmzidir - ŞƏRH

9 noyabr – Dövlət Bayrağı Günü: üçrəngli bayrağımız milli qürurumuzun, suverenliyimizin və zəfərimizin rəmzidir - ŞƏRH

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası Azərbaycan dövlətçilik tarixində dönüş nöqtələrindən birinə çevrildi. Həmin sessiyaya sədrlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması və üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı. Bu qərarlar milli dövlətçilik düşüncəsinin yenidən dirçəlməsi və müstəqilliyə doğru atılan mühüm siyasi addımlar idi.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi bərpa edildi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktı qəbul edilərkən də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinə varislik prinsipi təsbit olundu.
Ulu Öndər Heydər Əliyevin 1990-cı il noyabrın 17-də atdığı bu tarixi addımın əhəmiyyəti yalnız bayrağın bərpası ilə məhdudlaşmırdı. Bu, sovet ideoloji sisteminin hələ mövcud olduğu bir dövrdə milli dövlətçilik iradəsinin açıq ifadəsi idi. Üçrəngli bayrağın Naxçıvanda yenidən ucaldılması bütün Azərbaycana müstəqillik mesajı verirdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində milli rəmzlərimiz yenidən dövlətçilik həyatımıza qayıtdı. Bu gün üçrəngli bayrağımızın müstəqil Azərbaycanın hər bir guşəsində dalğalanması həmin tarixi qərarın əhəmiyyətini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edildi. Bu qərar üçrəngli bayrağımızın tarixi və mənəvi əhəmiyyətinin dövlət səviyyəsində daha geniş təbliğ olunmasına, dövlət rəmzlərinə ehtiramın gücləndirilməsinə xidmət edir. Dövlət bayrağına hörmət əslində dövlətə, müstəqilliyə, Konstitusiyaya və milli dəyərlərə hörmət deməkdir.
Bayrağımız dövlət qurumlarının binalarında, diplomatik nümayəndəliklərimizdə, beynəlxalq təşkilatların tədbirlərində, idman yarışlarında və rəsmi mərasimlərdə ucaldılaraq Azərbaycanın dünyadakı mövcudluğunu nümayiş etdirir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı da dövlət rəmzimizə göstərilən ehtiramın mühüm nümunələrindən biri oldu. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə üçrəngli bayrağımız xüsusi təntənə ilə ucaldıldı. Dövlət Bayrağı Meydanı milli qürur məkanına çevrilməklə yanaşı, gələcək nəsillərə müstəqilliyimizin və dövlətçiliyimizin dəyərini xatırladan mühüm rəmzi məkan kimi də əhəmiyyət daşıyır.
Azərbaycan xalqının tarixi yaddaşında 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək tarixi Zəfər qazandı.
Bu Qələbə üçrəngli bayrağımızın uzun illər həsrətində olduğumuz torpaqlarda yenidən ucalmasına imkan yaratdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər ərazilərimizdə bayrağımızın dalğalanması xalqımızın milli qürurunu və tarixi ədalətin bərpasını ifadə etdi. Şuşanın azad edilməsi Zəfərin ən mühüm mərhələlərindən biri oldu. Qarabağın tacı sayılan bu şəhərdə üçrəngli bayrağımızın ucalması Azərbaycan xalqının mənəvi dünyasında xüsusi yer tutdu. Şuşa yalnız hərbi-strateji baxımdan deyil, həm də milli mədəniyyətimizin və tarixi yaddaşımızın rəmzi olduğu üçün onun azadlığı böyük mənəvi qələbə idi.
Hər bir azad edilmiş ərazidə bayrağımızın ucaldılması şəhidlərimizin qanı və canı bahasına əldə edilən Zəfərin rəmzinə çevrildi. Bu bayrağa baxarkən Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızı, qazilərimizin fədakarlığını və xalqımızın birliyini xatırlayırıq.
2023-cü il oktyabrın 15-i Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik hadisə ilə yadda qaldı. Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Prezident İlham Əliyev həmin gün Xankəndidə çıxış edərək bayrağın ucaldılmasını xalqımızın tarixi Zəfərinin təntənəsi kimi qiymətləndirdi. Bu hadisə Azərbaycan dövlətinin öz suveren ərazisində konstitusiya quruluşunu bərpa etməsinin və milli rəmzlərinin bütün ölkə ərazisində ucalmasının mühüm göstəricisi idi.
Bu gün üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda, şəhər və kəndlərimizdə, dövlət qurumlarının binalarında və ictimai məkanlarda dalğalanır. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurdlarına qayıtması bayrağımızın təcəssüm etdirdiyi müstəqillik və suverenlik anlayışına yeni məzmun verir. Üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması böyük qürur hissi doğurur.
Lakin bu qürurun arxasında xalqımızın ağır sınaqlardan keçən tarixi, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı dayanır. 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin bərpası ilə nəticələnən hadisələr xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin mühüm mərhələləridir. Şəhidlərimizin məzarları üzərində dalğalanan üçrəngli bayraq onların Vətənə sədaqətinin, milli ruhunun və qəhrəmanlığının rəmzidir.
Bu bayraq bizə xatırladır ki, müstəqillik yalnız əldə edilən hüquq deyil, həm də qorunmalı və gələcək nəsillərə ötürülməli olan müqəddəs əmanətdir. Ona görə də Dövlət Bayrağı Günündə şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizə minnətdarlığımızı bildirmək və gənc nəslə Vətən sevgisini aşılamaq hər birimizin mənəvi borcudur.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü

Digər xəbərlər