PDF Oxu

Siyasət

  • 781

Azərbaycan xalqının tarixi qələbəsi - ŞƏRH

Azərbaycan xalqının tarixi qələbəsi - ŞƏRH

Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin, birliyinin və qəhrəmanlığının təntənəsidir. Bu əlamətdar tarix xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə Vətən sevgisinin, torpağa bağlılığın və mübarizə əzminin ən parlaq nümunəsi kimi ötürüləcəkdir.
Hər bir xalqın tarixində onun taleyini dəyişən, milli ruhunu yüksəldən və gələcəyinə yeni istiqamət verən mühüm hadisələr vardır. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü məhz belə tarixi hadisələrdən biridir. Bu gün xalqımızın uzun illər qəlbində yaşatdığı torpaq həsrətinin sona çatmasının, milli birliyin və tarixi ədalətin bərpasının rəmzidir.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları Vətən müharibəsinin başlanğıcı oldu. 44 gün davam edən müharibə Azərbaycan xalqının iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda əzmlə mübarizə apardı. Bu müharibə yalnız hərbi əməliyyatlar deyil, həm də xalqımızın milli ruhunun, Vətən sevgisinin və dövlətçilik əzminin sınağı idi. Cəbhədə döyüşən əsgər və zabitlərimiz, arxa cəbhədə ordumuza mənəvi dəstək verən xalqımız vahid amal ətrafında birləşdi. Azərbaycan xalqı bir daha sübut etdi ki, Vətən torpağı uğrunda hər bir çətinliyə sinə gərməyə hazırdır.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyini dəyişən ən mühüm hadisələrdən biri oldu. Qarabağın tacı sayılan Şuşanın azad edilməsi Azərbaycan tarixində yeni səhifə açdı. Bu qələbə hərbi-strateji əhəmiyyəti ilə yanaşı, böyük mənəvi və tarixi məna daşıyırdı. Məhz bu şanlı qələbənin şərəfinə 8 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi.
Azərbaycanın qazandığı tarixi Zəfərin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və uzaqgörən strategiyası mühüm rol oynadı. Dövlət başçısının illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət, güclü ordu quruculuğu, beynəlxalq əlaqələrin inkişafı və milli maraqların qətiyyətlə müdafiəsi tarixi qələbəmizin əsasını təşkil etdi. Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edirik. Bu qələbənin hər səhifəsində onların qəhrəmanlığı, fədakarlığı və Vətən sevgisi vardır. Şəhidlərimiz Azərbaycan tarixinin ən şərəfli səhifələrini öz qanları ilə yazdılar.
Vətən müharibəsində Azərbaycan əsgəri böyük cəsarət, dözüm və peşəkarlıq nümayiş etdirdi. Onlar çətin relyef şəraitində, ağır döyüşlərdə belə irəlilədilər. Hər bir kəndin, qəsəbənin və şəhərin azad edilməsi uğrunda aparılan mübarizə xalqımızın azadlıq iradəsinin təzahürü idi. Azərbaycan əsgərinin gücü yalnız müasir silahlarla deyil, həm də onun qəlbində daşıdığı Vətən sevgisi ilə ölçülürdü. Hər bir döyüşçü bilirdi ki, onun mübarizəsi yalnız torpaq uğrunda deyil, həm də xalqının gələcəyi, milli ləyaqəti və dövlətinin suverenliyi uğrundadır.
Şuşa Azərbaycan xalqı üçün sadəcə coğrafi məkan deyil, milli-mədəni kimliyimizin, tariximizin və mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Bu şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının və incəsənətinin inkişafında mühüm rol oynayıb. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımızın çoxəsrlik tarixində unudulmaz hadisəyə çevrildi. Şuşa əməliyyatı Azərbaycan əsgərinin qəhrəmanlığını və hərbi məharətini nümayiş etdirdi. Bu qələbə ilə xalqımızın mənəvi dünyasında xüsusi yer tutan şəhərimiz yenidən öz sahibinə qovuşdu. Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələrin, məscidlərin, mədəniyyət ocaqlarının və yaşayış binalarının bərpası həyata keçirildi. Şəhərin əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atıldı. Bu gün Şuşa yenidən Azərbaycanın mədəniyyət və incəsənət mərkəzlərindən birinə çevrilməkdədir. Uzun illər işğal altında qalmış ərazilərin yenidən qurulması, dağıdılmış şəhər və kəndlərin bərpası, infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən oldu.
Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Yeni avtomobil yolları, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikildi. İşğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələri yaradılmağa başlandı. Ağalı kəndində həyata keçirilən layihə müasir kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və sosial infrastrukturun bir araya gətirildiyi nümunəvi yaşayış modeli kimi diqqət çəkdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda aparılan quruculuq işləri Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Zəfər Günü yalnız keçmişimizi xatırlamaq üçün deyil, həm də gələcəyimizi daha güclü qurmaq üçün mühüm mənəvi mənbədir. Bu tarix gənc nəslə Vətəni sevməyi, dövlətə sədaqətli olmağı, milli dəyərləri qorumağı və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyi öyrədir.
Gənclərimiz bilməlidirlər ki, bugünkü müstəqil və suveren Azərbaycan şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın mübarizəsi bahasına əldə edilmişdir. Hər bir vətəndaş ölkəmizin inkişafına öz töhfəsini verməli, bilik və bacarığı ilə dövlətimizin güclənməsinə çalışmalıdır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında heç zaman silinməyəcək tarixi hadisədir. Bu gün milli birliyimizin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Qoy 8 Noyabrın yaratdığı qürur hissi hər bir azərbaycanlının qəlbində daim yaşasın! Şəhidlərimizin müqəddəs xatirəsi əbədi, Zəfərimiz daim olsun!

Şükufə Bağırova

YAP Culfa şəhər İncəsənət Məktəbi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər