PDF Oxu

Siyasət

  • 658

Üçrəngli bayrağımız – müstəqilliyimizin və milli birliyimizin rəmzi - ŞƏRH

Üçrəngli bayrağımız – müstəqilliyimizin və milli birliyimizin rəmzi - ŞƏRH

Hər bir müstəqil dövlətin özünəməxsusluğunu, milli kimliyini və suverenliyini ifadə edən əsas atributları vardır. Dövlət bayrağı isə bu atributlar arasında xüsusi yer tutur. Bayraq xalqın tarixini, milli dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini, gələcəyə olan inamını özündə əks etdirən müqəddəs rəmzdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı da xalqımızın milli qürurunun, dövlət müstəqilliyinin və milli birliyinin parlaq təcəssümüdür. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü bu müqəddəs rəmzə olan hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, milli dövlətçilik tariximizə ehtiramın nümayişidir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratik inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir. Bu üç rəng xalqımızın milli-mənəvi dəyərlərini, tarixi köklərini və inkişaf istiqamətini özündə birləşdirir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət rəmzi kimi fəaliyyətini dayandırsa da, xalqımızın yaddaşında və müstəqillik arzularında yaşamaqda davam etmişdir.
Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tarixi təşəbbüslər sırasında üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsinə verdiyi töhfə xüsusi əhəmiyyət daşıyır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmiş, Azərbaycan SSR-in dövlət bayrağı ilə bağlı qərar dəyişdirilmişdir. Eyni zamanda, üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi tanınması məsələsinin ölkənin ali qanunvericilik orqanı qarşısında qaldırılması barədə qərar qəbul edilmişdir. Bu tarixi addım milli dövlətçilik düşüncəsinin dirçəldilməsi və müstəqilliyə aparan yolun möhkəmləndirilməsi baxımından mühüm hadisə olmuşdur.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində xalqımızın tarixi yaddaşında yaşayan üçrəngli bayrağımız yenidən dövlətçilik rəmzi kimi öz layiqli yerini tutmuşdur. Ümummilli Lider hər zaman milli atributlara hörmət və ehtiramın dövlətçilik şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulamışdır. Onun müəyyən etdiyi siyasi kurs nəticəsində müstəqil Azərbaycanın dövlətçilik əsasları möhkəmləndirilmiş, milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlət müstəqilliyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır və suveren hüquqlarını qətiyyətlə qoruyur. Dövlət Bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qərargahlarında, diplomatik nümayəndəliklərdə və mötəbər tədbirlərdə dalğalanaraq Azərbaycanın müstəqil dövlət kimi mövqeyini nümayiş etdirir. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımız üçün misilsiz qürur mənbəyinə çevrilmişdir. Bu mənzərə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, milli iradəsinin və sarsılmaz birliyinin rəmzidir.
Dövlət Bayrağı Gününün qeyd olunması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlət atributlarına hörmət hissinin aşılanması baxımından da mühüm əhəmiyyət daşıyır. Bayrağımıza göstərilən ehtiram, əslində, Vətənimizə, tariximizə, şəhidlərimizin müqəddəs xatirəsinə və müstəqilliyimizə olan sədaqətimizin ifadəsidir. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs rəmzi qorumağı, onun ucalığını və şərəfini yaşatmağı özünün mənəvi borcu hesab etməlidir.
9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, müstəqillik əzmini və dövlətçilik iradəsini özündə birləşdirən əlamətdar tarixdir. Üçrəngli bayrağımız keçmişimizdən gələcəyimizə uzanan milli yaddaşımızın, dövlət suverenliyimizin və vahid Azərbaycan ideyasının rəmzidir. Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, bayrağımız azad və müstəqil Azərbaycanın səmasında əbədi dalğalanacaqdır.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər