PDF Oxu

Siyasət

  • 516

Üçrəngli bayrağımız- Zəfər və əbədilik rəmzi - ŞƏRH

Üçrəngli bayrağımız- Zəfər və əbədilik rəmzi - ŞƏRH

Dövlət rəmzləri hər bir xalqın tarixi varlığını, siyasi iradəsini və suverenlik fəlsəfəsini təcəssüm etdirən ən ali dəyərlərdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı da əsrə bərabər mürəkkəb bir mübarizə yolunun, milli intibah ideyasının və sarsılmaz dövlətçilik ənənələrinin canlı təzahürüdür.
Noyabrın 9-u- Dövlət Bayrağı Günü milli yaddaşımızda sadəcə təqvim tarixi kimi deyil, müstəqilliyimizin hüquqi və mənəvi əsaslarının bərqərar olduğu, xalqımızın öz azadlıq idealına sədaqətini rəsmiləşdirdiyi qürur günüdür. Bu gün müqəddəs bayrağımızın suverenliyimizin bərpa olunduğu bütün ərazilərimizdə ucalması dövlətimizin qüdrətinin və siyasi varlığının əbədiliyini bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı milli dövlətçilik təfəkkürünün və azərbaycançılıq ideologiyasının konseptual təməlidir. Bayraqda təcəssüm olunan milli köklərə bağlılıq, müasirləşmə kursu və mənəvi-mədəni dəyərlər dövlətimizin strateji inkişaf fəlsəfəsini müəyyən edir. Bu ideoloji təməl müstəqilliyimizin hüquqi və mənəvi dayanıqlığını təmin edən ana amildir.
1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan strateji qərarlar qəbul edilmişdir. SSRİ-nin və Kommunist Partiyasının hələ mövcud olduğu mürəkkəb siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul olunması və qurumun adından "Sovet Sosialist" ifadələrinin çıxarılması suverenliyə doğru atılmış ilk rəsmi addım idi.Bu addım sadəcə inzibati qərar deyil, milli varislik hüququnun bərpası və müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi təməli idi. Naxçıvanda ucaldilan üçrəngli bayraq tezliklə bütöv Azərbaycanın milli azadlıq rəmzinə çevrilmiş və respublika miqyasında dövlət müstəqilliyinin bərqərar olunmasını şərtləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 17 noyabr tarixli sessiyasında qəbul edilən qərarlar bütöv Azərbaycan miqyasında dövlət atributlarının bərpasına güclü təkan verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tarixi qərar qəbul edərək üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi rəsmən təsbit etdi.Bu hüquqi aktla 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı tam suverenlik statusu qazanaraq dövlətin rəsmi rəmzinə çevrildi. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunması ilə üçrəngli bayrağımız müstəqil dövlətimizin milli suverenlik və siyasi varlıq rəmzi kimi göylərə ucaldı.
Dövlət rəmzlərinin təbliği və milli atributlara ehtiramın rəsmiləşdirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ucaldılan bu əzəmətli kompleks dövlət müstəqilliyimizin və milli həmrəyliyimizin əsas simvollarından birinə çevrilmişdir.Meydan sadəcə memarlıq kompleksi deyil, həm də dövlətçilik tariximizin təbliğinə xidmət edən mühüm ideoloji məkandır. Burada yerləşən Dövlət Bayrağı Muzeyi müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarını, gerblərini və konstitusiyalarını özündə əks etdirərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Ümummilli Lider Heydər Əliyevin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” kəlamı Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin ideoloji əsasını təşkil edir. Ulu Öndər üçrəngli bayrağı bütün azərbaycanlıları vahid ideya, amal və vətənpərvərlik ətrafında səfərbər edən müqəddəs mərkəz kimi qiymətləndirmişdir. Bu tarixi çağırış dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması və milli maraqların hər şeydən uca tutulması uğrunda səylərin birləşdirilməsinin zəruriliyini bəyan edir. Üçrəngli bayraq altında sıx birləşmək – Vətənə sədaqətin, dövlətçiliyə inamın və xalqın sarsılmaz iradəsinin ən ali təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” ifadəsi dövlət rəmzinin ideoloji və mənəvi mahiyyətini dolğun şəkildə təcəssüm etdirir. Dövlət başçısının bu konseptual yanaşması üçrəngli bayrağı təkcə suverenliyin hüquqi göstəricisi kimi deyil, həm də xalqımızın tarixi yaddaşının, milli özünüdərkinin və azadlıq iradəsinin təzahürü kimi dəyərləndirir. Cümhuriyyət irsinə sadiqlik və ümumbəşəri ideallara inteqrasiya müasir Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ana sütununu təşkil edir.
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı yalnız müstəqilliyimizin və dövlətçilik ənənələrimizin təzahürü deyil, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində tam bərpa olunmuş ərazi bütövlüyümüzün və suverenliyimizin ali rəmzidir. Ölkəmizin hər bir guşəsində, azad edilmiş doğma torpaqlarımızda qürurla dalğalanan üçrəngli bayrağımız xalqımızın yenilməz birliyini, tarixi ədalətin zəfərini və güclü Azərbaycan dövlətinin sarsılmaz gələcəyini təcəssüm etdirir. Bu müqəddəs bayraq müstəqil Azərbaycanın işıqlı sabahlarına doğru inamlı yürüşünün əbədi məşəli kimi dalğalanmağa davam edəcəkdir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər