PDF Oxu

Siyasət

  • 16

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır
İsveçrənin kurort şəhəri Davosda 41-ci Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələləri müzakirə olunur. Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak edirlər.
Yanvarın 28-də Forumun "Avropanın enerji gələcəyi" mövzusunda sessiyası keçirilmişdir. Böyük əhəmiyyətə malik bu sessiyada Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. "Yeni reallıq üçün ümumi normalar" devizi altında keçirilən builki toplantıda bir-biri ilə sıx bağlı olan yeni reallığa cavab, iqtisadi perspektivlər və hərtərəfli inkişaf siyasətinin müəyyənləşdirilməsi, "Böyük 20"-liyin gündəliyinin dəstəklənməsi, qlobal risklərdən qorunma şəbəkəsinin yaradılması kimi məsələlər ehtiva edilir. Əsas diqqət qlobal risklər, onların yüngülləşdirilməsi ilə bağlı strategiyaların hazırlanmasına yönəldilir. Sessiyada çıxış edən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolundan bəhs etdi. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, "Cənub dəhlizi" çərçivəsində nəzərdə tutulan layihələrin perspektivləri və digər məsələlər barədə danışdı. İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin yanvarın 28-də Davosda görüşü olub.
Bu görüşə böyük əhəmiyyət verdiklərini deyən Azərbaycan və Polşa prezidentləri ölkələrimiz arasında uğurlu əməkdaşlığın davam etdiyini vurğuladılar. Görüşdə ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında, xüsusilə də "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyəti, o cümlədən Polşanın bu istiqamətdə dəstəyi qeyd olundu. Dövlətimizin baş çısı Azərbaycan ilə Polşa arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Polşa siyasi, iqtisadi və müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Dövlət başçıları münasibətlərin bundan sonra da inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi apardılar. Prezident İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskini Azərbaycana səfərə dəvət etdi. Həmin gün Prezident İlham Əliyev Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi. Dünən eyni zamanda Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü keçirilib. Görüşdən sonra Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd imzalanıb. Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Sazişi və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzaladılar. Davosda işgüzar görüşlərini davam etdirən Prezident İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşüb. Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Qeyd olundu ki, RWE şirkəti Azərbaycan ilə enerji sahəsində səmərəli əməkdaşlıq qurub.
Energetika sahəsində əlaqələrin önəminin qeyd olunduğu görüşdə RWE şirkətinin Azərbaycan və bütövlükdə Xəzər regionu ilə əməkdaşlıqda, ölkəmizə investisiya qoymaqda maraqlı olduğu bildirildi.

Digər xəbərlər