PDF Oxu

Siyasət

  • 10

2010-cu ildə dövlətimiz xarici siyasət sahəsində yetərincə uğurlara imza atıb

2010-cu ildə dövlətimiz xarici siyasət sahəsində yetərincə uğurlara imza atıb
Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, dövlətin siyasi kursu konkret olaraq bir istiqamətə yönəlsə də, bu kursun müəyyən prinsipləri mütləq zamanın tələbləri ilə uzlaşdırılır. Yəni biz təxminən 15-16 il əvvəl öz fəaliyyətimizi dövlət müstəqilliyinin əbədiləşdirilməsi istiqamətində qururduqsa, həmin dövrdən 7-8 il sonra beynəlxalq aləmə inteqrasiyanın dərinləşdirilməsini əsas vəzifə kimi icra edirdik.
Artıq dünya ictimaiyyəti Azərbaycanı çoxsaylı islahatlar aparılan ölkə, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində irimiqyaslı layihələr həyata keçirən və böyük uğurlara imza atan dövlət kimi tanıyır. Ona görə də bu gün Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələ məhz Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ildə həyata keçirdiyi tədbirlər, bir daha sübut edir ki, dövlətimiz və dövlət başçımız bu məsələni daim diqqət mərkəzində saxlayır.
Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanın xarici siyasətdə dünyanın istənilən ölkəsi və bütün beynəlxalq təşkilatlarla müxtəlif formatlı əməkdaşlığı hələ bir neçə il əvvəl öz müsbət nəticələrini verirdi. Bu gün isə ən əsas vəzifə yaranmış vəziyyətdən və diplomatiyamızın qazandığı uğurlardan bəhrələnərək, dövlətimizin strateji maraqlarının təmin olunmasıdır. Bu baxımdan, 2010-cu il məhz həmin baxımdan dəyərli və uğurlu olubdur.
Ötən il Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələr çox olsa da, əsasən, bir sıra mühüm istiqamətlər diqqət mərkəzində saxlanılırdı. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həlli üçün aparılan sülh danışıqlarında müsbət nəticəyə nail olunması; Avropa və dünya miqyaslı beynəlxalq təşkilatlarla müxtəlif formatlı əməkdaşlığın nəticələrinin Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilməsi; Xəzəryanı ölkələrin (həmin ölkələrlə bir çox beynəlxalq təşkilatlar çərçivəsində genişmiqyaslı əməkdaşlığımız mövcud olsa da Xəzərin statusu məsələsində ümumi razılığa gələ bilməməyimiz rəsmi Bakının daimi diqqət mərkəzindədir) dövlət başçılarının Bakıda keçiriləcək sammitində maksimum nəticələrə nail olma; tarixi qonşularımız olan Rusiya, Türkiyə, Gürcüstan və İranla hərtərəfli əməkdaşlığın yeni üfüqlərinin açılması üçün yollar aramaq; Avropa Birliyi və Qərb ölkələri ilə tərəfdaşlığımızın çoxdan bəri gözlənilən nəticələrinə çatmaq üçün siyasi-diplomatik gedişləri intensivləşdirmək.
Qətiyyətlə deyə bilərik ki, dövlətimiz xarici siyasət sahəsində yetərincə uğurlara imza atmışdır. Belə ki, bəzi məqamlara diqqət yetirməklə bu uğurları konkret şəkildə görmək olar: ilk öncə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həll olunması üçün aparılan diplomatik danışıqlar və çoxsaylı görüşlər nəticəsində ötən il dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanın işğalçı dövlət olduğunu etiraf etdi və Azərbaycanın haqq işini dəstəkləyən bəyanatlar verdilər. İlin sonunda - dekabrın 12-də Qazaxıstanın paytaxtında keçirilmiş ATƏT-in 7-ci sammiti çərçivəsində qəbul edilən Astana Bəyannaməsi bir daha sübut etdi ki, dünyanın bütün təşkilatları Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edir. Sammit çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı birgə bəyanatda göstərilirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının 2009-cu ildə İtaliya və 2010-cu ildə Kanadada keçirilən G-8 zirvə toplantıları çərçivəsində qəbul edilən prinsiplər əsasında həlli vacibdir. Bir daha qeyd edildi ki, 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanan bəyanatın əsas müddəalarına - beynəlxalq hüququn norma və prinsiplərinə, bu çərçivədə qəbul edilən sənəd və qərarlara əməl edilməsi çağırışına riayət olunmalıdır. Eyni zamanda, ötən il Avropa Parlamenti tərəfindən qəbul edilən "Avropa Birliyinin Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağın və onun ətrafındakı işğal olunmuş rayonların Azərbaycan ərazisi olduğu növbəti dəfə təsdiqlənən və Ermənistan silahlı birləşmələrinin işğal edilən bütün ərazilərdən çıxarılması, doğma yurd-yuvalarından didərgin salınan qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunur.
Onu da qeyd etmək lazımdır ki, 2010-cu ildə Azərbaycan mötəbər qlobal və regional təşkilatların işində də fəal iştirak edib, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın təminatında ən nüfuzlu beynəlxalq təşkilat olan BMT ilə əldə etdiyi yüksək əməkdaşlıq münasibətlərinin daha səmərəli irəliləyişi istiqamətində səylərini artırıbdır. Belə ki, ötən il respublikamız YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə və BMT-nin Avropa İqtisadi Komissiyası nəzdində Ətraf Mühit və Səhiyyə Nazirləri Şurasına üzv seçilibdir. İslam Konfransı Təşkilatı ilə əməkdaşlığımızın yüksək səviyyəyə qaldırılması da ötənilki uğurlarımızdandır.
2010-cu ilin digər uğurlarından biri də, Xəzərin statusunun müəyyən edilməsi üçün uzun illərdən bəri aparılan gərgin danışıqlar, keçirilən çoxsaylı görüşlər, təşkil edilən səfərlər, nəhayət ki, ötən il ilk nəticəsini verdi. Bu nəticənin Bakıda - müstəqil Azərbaycanın paytaxtında əldə edilməsi isə dövlətimizin 2010-cu ildə əldə etdiyi çoxsaylı diplomatik uğurlardan biri kimi dəyərləndirilir. Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Bakıda keçirilmiş III Xəzər zirvə görüşündə ilk dəfə olaraq təhlükəsizlik sahəsində müvafiq sənəd imzaladılar. Zirvə görüşü sənədlərinin arasında həm birgə bəyanatın, həm də protokol qərarının qəbul edilməsi tədbirin yüksək əhəmiyyətinin və məhsuldarlığının göstəricisi idi.
İlin yaddaqalan məqamlarından biri də Azərbaycana dost ölkə və strateji tərəfdaş kimi xüsusi önəm verən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi maraq idi. Belə ki, Soçi və Sankt-Peterburqda keçirilən üçtərəfli görüşlərin təşkilatçısı olmuş prezident Dmitri Medvedev bu qəbildən olan növbəti görüşün oktyabrın 27-də Həştərxanda keçirilməsinə nail oldu. ATƏT-in Astana samiti ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı imkan yarandığını gözləyən Dmitri Medvedev Ermənistan prezidentinin növbəti şıltaqlığı ilə üzləşdi. Maraqlıdır ki, Azərbaycan Prezidentinin Türkiyə və Rusiyadan sonra bir ildə təkrar səfərə getdiyi üçüncü ölkə Ukrayna oldu. Oktyabrın 28-də Kiyevə səfər edən Prezident İlham Əliyev GUAM çərçivəsində Azərbaycanla əhatəli şəkildə əməkdaşlığı olan Ukraynada çoxsaylı görüşlər keçirdi və bir sıra sənədlərin imzalanmasına nail oldu. Qeyd edək ki, Ukrayna BMT çərçivəsində müzakirə olunan bütün məsələlərdə Azərbaycanın mövqeyini müdafiə edir.
Azərbaycanın 2010-cu il xarici siyasətində yaddaqalan məsələ tarixi qonşularımız olan Rusiya, Türkiyə, İran və Gürcüstanla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilməsidir. Prezident İlham Əliyevin bir ildə üç dəfə Rusiyaya (Soçi, Sankt-Peterburq və Həştərxan) rəsmi və işgüzar səfərlər etməsi Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsindən xəbər verirdi. Bu görüş və danışıqlar təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün zəmin yaratmır, eyni zamanda, başqa məsələlərin həllinə də öz müsbət təsirini göstərirdi. Məsələn, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilə"nin imzalanması 2010-cu ilin siyasi-diplomatik uğurlarındandır.
Beləliklə, ölkə Prezidenti İlham Əliyev 2010-cu ildə 16 dəfə xarici səfərdə olmuş, Serbiya, İordaniya, Belarus, Bolqarıstan, Mavritaniya, Türkiyə, Rusiya, Gürcüstan, Rumıniya, Qazaxıstan, İran, Türkmənistan və başqa ölkələrin dövlət başçıları ilə Bakıda, 50-dən artıq dövlət və hökumət başçıları ilə isə beynəlxalq təşkilatların sammit və toplantılarında görüşmüşdür. Bütün bu görüş və danışıqların əsas mövzuları ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının genişləndirilməsi, ən başlıcası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqların nəticə verməməsindən yaranan narahatlıqlar idi. Fakt odur ki, 2010-cu ildə dünyanın bütün ölkələrinin və beynəlxalq təşkilatlarının Ermənistanı işğalçı dövlət kimi tanımasına nail olmuşuq.
Bir sözlə, 2010-cu ildə Azərbaycanın xarici siyasəti xalqımızın və dövlətimizin strateji maraqlarının təmin edilməsi üçün reallaşdırılmış və kifayət qədər uğurlu nəticələr əldə edilmişdir.

Digər xəbərlər