Şuşa şəhəri Azərbaycanın çoxəsrlik tarixində özünəməxsus yeri olan, milli mədəniyyətimizin, ictimai və siyasi həyatımızın formalaşmasında mühüm rol oynayan qədim şəhərlərimizdən biridir. Qarabağın incisi adlandırılan Şuşa təkcə öz təbii gözəllikləri ilə deyil, həm də zəngin tarixi, memarlıq abidələri, musiqi ənənələri və yetişdirdiyi görkəmli şəxsiyyətlərlə xalqımızın yaddaşında xüsusi yer tutur. Bu şəhər əsrlər boyu Azərbaycanın mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi tanınıb, milli musiqimizin, ədəbiyyatımızın və maarifçilik ənənələrimizin inkişafına böyük töhfələr verib.Şuşanın tarixi əhəmiyyəti onun yalnız keçmişdə qazandığı şöhrətlə məhdudlaşmır.
Bu şəhər Azərbaycan xalqının milli kimliyinin, mənəvi dəyərlərinin və tarixi irsinin ayrılmaz hissəsidir. Məhz Şuşada yetişən sənətkarlar, musiqiçilər, şairlər və ziyalılar Azərbaycan mədəniyyətinin zənginləşməsində mühüm xidmətlər göstəriblər. Xüsusilə Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Natəvan kimi görkəmli şəxsiyyətlərin adı Şuşanın mədəniyyət tarixində əbədi yaşayır. Şuşa muğamın, poeziyanın və milli musiqi ənənələrimizin qorunub yaşadıldığı müqəddəs məkanlardan biridir.
Lakin şəhərin zəngin tarixi uzun illər işğalın ağır nəticələri ilə üzləşdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı, tarixi-mədəni abidələrimizə ciddi ziyan dəydi. Buna baxmayaraq, xalqımız öz doğma torpaqlarına qayıtmaq, tarixi ədaləti bərpa etmək inamını heç vaxt itirmədi. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı nəticəsində Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri oldu. Dağlıq ərazidə, mürəkkəb şəraitdə həyata keçirilən bu əməliyyat hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi daxil oldu.
Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti xalqımızın yaddaşında daim yaşayacaq.Bu tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, uzaqgörən rəhbərliyinin və Azərbaycan Ordusunun gücünün təntənəsi idi. Şuşanın azad olunması ilə Azərbaycan xalqı yalnız mühüm strateji əhəmiyyətə malik şəhəri deyil, həm də milli-mənəvi dəyərlərinin ayrılmaz parçasını özünə qaytardı. Bu hadisə xalqımızın birliyini, torpağa bağlılığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.Bu gün Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Tarixi binalar, məscidlər, mədəniyyət ocaqları və digər abidələr bərpa edilir, yollar və infrastruktur yenilənir, şəhərin turizm və mədəniyyət imkanları genişləndirilir. Şuşanın yenidən qurulması sadəcə tikinti prosesi deyil, həm də tarixi irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Şəhərin beynəlxalq tədbirlərə, mədəniyyət festivallarına və müxtəlif görüşlərə ev sahibliyi etməsi onun əvvəlki nüfuzunun yenidən bərpa olunduğunu təsdiqləyir.
8 Noyabr – Şuşa şəhəri günü xalqımız üçün həm qürur, həm də dərin minnətdarlıq günüdür. Bu tarix bizə azadlığın hansı böyük fədakarlıqlar hesabına əldə edildiyini xatırladır. Şuşa Azərbaycanın tarixidir, mədəniyyətidir, milli qürurudur. Onun hər küçəsində, hər daşında xalqımızın keçmişi və gələcəyə olan inamı yaşayır. Əminliklə demək olar ki, Şuşa bundan sonra da Azərbaycanın mədəni həyatında mühüm yer tutacaq, milli birliyimizin və tarixi Zəfərimizin rəmzi kimi gələcək nəsillərə ötürüləcəkdir.
Qənaət Əsgərov
YAP Kəlbəcər rayon təşkilatının sədr müavini