PDF Oxu

Siyasət

  • 16

Azərbaycan dünya birliyi üçün mühüm tərəfdaşa çevrilir

Azərbaycan dünya birliyi üçün mühüm tərəfdaşa çevrilir
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib. Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirib. Prezident İlham Əliyev yanvarın 26-da Davosda "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von ilə görüşüb. Görüşdə "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von rəhbərlik etdiyi qurumun hazırkı fəaliyyəti, perspektivləri barədə dövlətimizin başçısına məlumat verdi. Çey Tae-von rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan qurumun Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı fəaliyyət göstərdiyini məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev Koreya Respublikasına səfərini məmnunluqla xatırlayaraq səfər çərçivəsində nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı aparılan danışıqların nəticəsi kimi artıq bu layihənin yaxın vaxtlarda Azərbaycanda tətbiq ediləcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Koreya Respublikasının və Azərbaycan Respublikasının şirkətləri arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. Qeyd edək ki, "SK Group" şirkətlər qrupu 1953-cü ildə yaradılıb. Bu şirkət özündə 92 fəaliyyət sahəsini birləşdirir və sənaye, kimya, rabitə, informasiya texnologiyaları, tikinti və digər sektorlarda iri layihələr həyata keçirir. Şirkətin müxtəlif ölkələrdə 113 ofisi fəaliyyət göstərir. Həmin ofislərdə 300 mindən çox insan çalışır. Təkcə 2009-cu ildə şirkətin 80 milyard dollara yaxın ümumi gəlirləri olub. Prezident İlham Əliyev daha sonra Davosda "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşüb. "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirdi. "Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir",- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə "Statoil" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir. Prezident İlham Əliyev "Statoil"in "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarındakı iştirakını və ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirdi. Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Həmin gün Prezident İlham Əliyev Davosda "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşüb."Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Qeyd etdi ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurmuşdur. O, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində "Huawei Technologies" Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı şirkətin Azərbaycan ilə fəal işləməsindən və sonuncu "Bakutel" sərgisində də iştirak etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev "Huawei Technologies" Korporasiyasının Azərbaycanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirdi. Prezidenti İlham Əliyev Davosda həmçinin "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari ilə də görüşüb. Görüşdə "TeliaSonera Eurasia" şirkəti ilə Azərbaycan arasında fəal əməkdaşlığın qurulduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edildi. Tero Kivisaari onların Azərbaycandakı fəaliyyətini dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bildirildi ki, "TeliaSonera Eurasia" şirkəti Azərbaycanda əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verir. Görüşdə Azərbaycan ilə "TeliaSonera Eurasia" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı. Elə həmin gün dövlətimizin başçısı Davosda "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşüb. Görüşdə "Edison" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlıq, "Cənub dəhlizi" və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələri ilə bağlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər