Prezident bir sıra təbrik məktubları göndərib
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Braysa bu ölkənin Milli bayramı münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım General-Qubernator, Ölkənizin milli bayramı - Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında yaranmış dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda səylərimiz əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar açacaqdır. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına sülh və rifah diləyirəm."
* * *
Prezident İlham Əliyev həmçinin Hindistan Respublikasının Prezidenti xanım Pratibha Devisinqh Patilə də təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin daim genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."