Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir
Prezident İlham Əliyev yanvarın 21-də Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və "Cırtdan" uşaq əyləncə parkının açılışlarında iştirak edib. Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə Lökbatan qəsəbəsinin mərkəzində yerləşən Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, ölkənin ən böyük sənaye mərkəzlərindən olan Qaradağ rayonunun inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Qaradağ rayonunun inkişafı ilə bağlı böyük tədbirlər həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Diqqətə çatdırıldı ki, Heydər Parkının ərazisi əsaslı yenidənqurma işləri nəticəsində xeyli genişləndirilmiş, burada qəsəbə sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq inşa edilmiş parkda yeni yaşıllıq zolaqları salınmış, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, yaraşıqlı fəvvarələr tikilmişdir. Bildirildi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilmişdir. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik edərək bildirdi ki, burada görülən işlər onu çox sevindirir: "Sizi Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu, çox gözəl mərkəzdir. Biz bu mərkəzin açılışında da bərabər iştirak edirik. Mərkəz həm Qaradağ rayonuna, onun mərkəzi olan Lökbatan qəsəbəsinə əlavə yaraşıq verir, həm də funksional baxımdan çox dəyərlidir. Bütövlükdə burada gedən işlər məni çox sevindirir. Əminəm ki, siz də mənim fikrimlə razılaşırsınız. Qəsəbənin sakinləri burada gedən gözəl dəyişiklikləri görürlər və bu dəyişikliklərin həyata keçirilməsində fəal iştirak edirlər. İndi bu park demək olar ki, Bakının ən gözəl parklarından biridir. Gözəl şərait yaradılıb, abadlıq işləri görülüb. Parkdan başqa, bütün bu binalar təmir olunub, küçələr salınıb, genişləndirilib. Yəni, burada gedən abadlıq-quruculuq işləri onu göstərir ki, iradə, istək və işgüzarlıq olan yerdə hər şeyi etmək mümkündür. Mən çox şadam ki, son dövrlərdə Qaradağ rayonunda belə gözəl işlər görülmüşdür, özü də, qısa müddət ərzində. Bilirsiniz ki, Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub. Mənim demək olar ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən də çalışırdım ki, bu böyük etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonunun inkişafı üçün öz köməyimi göstərim.
Rayonun iqtisadi və sənaye inkişafı sürətli gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir."
Lökbatan qəsəbəsinin sakinləri adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirən Təranə İsmayılova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından təşəkkür etdi. Prezident İlham Əliyev daha sonra əlavə etdi ki, o daima Qaradağ rayonunun sosial-iqtisadi inkişafı üçün çalışıb: "Mən doğrudan da 1995-ci ildən 2000-ci ilə qədər çalışırdım ki, imkan daxilində rayonun problemlərini həll edim. O vaxt burada dediyiniz Fondun xətti ilə yaşayış binası da tikilmişdi, "Ümid" qəsəbəsi salınmışdı. Əlbəttə, o vaxt imkanlarımız o qədər də geniş deyildi. Amma bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Əlbəttə, ölkəmizin maddi imkanları da çox artıbdır. Biz çalışırıq və nail oluruq ki, bu böyük sərvəti ölkəmizin inkişafına, insanların rifah halının yaxşılaşmasına yönəldək. Təsadüfi deyil ki, keçən il dünyada hələ də maliyyə və iqtisadi böhran hökm sürürdü, Avropa qitəsində ölkələrin böyük əksəriyyətində maddi sıxıntılar ucbatından maaşlar, pensiyalar kəsilirdi və bilirsiniz ki, bu çox böyük etirazlara səbəb olurdu. Buna baxmayaraq, keçən il Azərbaycanda minimum əməkhaqqı, pensiyanın baza hissəsi artmışdır, investisiya layihələri icra edilmişdir, sosial məsələlər həll olunmuşdur, 70-dən yuxarı məktəb, 40-dan artıq xəstəxana tikilmiş və təmir edilmişdir, olimpiya kompleksləri, belə gözəl parklar, xiyabanlar, yollar salınmışdır.
Bəli, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır və təbii ki, iqtisadi imkanlarımız artdıqca biz daha da böyük işlər görməyə qadir olacağıq." Qəsəbə sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər. Sonra dövlətimizin başçısı burada orijinal üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Vurğulandı ki, burada ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılmışdır, müasir avadanlıqla təchiz olunmuş internet zalı fəaliyyət göstərir. Prezident İlham Əliyev mərkəzin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolara baxdı. Diqqətə çatdırıldı ki, mərkəzdə ümummilli liderin həyatından bəhs edən nəşrlərin toplandığı kitabxana, kiçik kafeteriya fəaliyyət göstərir. Burada 50 yerlik konfrans və 220 yerlik iclas zalları vardır.
Dövlətimizin başçısı iclas zalında yaradılan şəraitlə tanış oldu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 3D formatında hazırlanan filmə baxdı. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış "Cırtdan" uşaq əyləncə parkı ilə və Lökbatan qəsəbəsinin girişində yeni salınan dəmir yolu ötürücüsü ilə də tanış oldu. Prezident İlham Əliyev ətraf ərazilərdə abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.