PDF Oxu

Siyasət

  • 13

Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri Latviya KİV-lərinin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri Latviya KİV-lərinin diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri Latviya KİV-lərinin diqqət mərkəzində olmuşdur. Bu səfərlə bağlı məlumatlar mətbuatın, elektron KİV-lərin və internet-portalların informasiya buraxılışlarında ən çox diqqət yetirilən yeniliklər olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Riqaya səfəri başa çatdıqdan sonra da Latviya mass-mediası bu səfərin səmərəli yekunlarını şərh etməkdədir. Məsələn, "delfi.lv" internet portalında dərc edilmiş "Əliyev və Zatlers: əməkdaşlığın potensialı tükənməmişdir" adlı materialda deyilir: "Əliyev Latviya ilə siyasi dialoqu yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu dialoqun inkişaf etdirilməsi üçün iqtisadiyyat və mədəniyyət sahələrində xeyli imkan vardır". Məqalədə daha sonra deyilir: "Zatlers və Əliyev birgə bəyanat da imzalamışlar. Sənəddə, bütün başqa məqamlardan əlavə, Dağlıq Qarabağda münaqişənin dinc yolla həll edilməsinin zəruriliyi qeyd edilir. Tərəflər Latviyanın və Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini bildirirlər.
İki ölkənin prezidentləri ticarət, müdafiə, kommunikasiyalar, nəqliyyat və logistika, mülki aviasiya, turizm, təbabət, elm, təhsil və digər sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişlər".
Latviyanın "mixnews" multimedia informasiya portalında dərc edilmiş "Prezidentlər: Latviya və Azərbaycan hansı məqsədə can atdıqlarını bilirlər" sərlövhəli məqalə də ikitərəfli əməkdaşlıq potensialının artırılması mövzusuna həsr edilmişdir.
Bu materialda qeyd edilir ki, Prezident İlham Əliyevin sözlərinə görə, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, iqtisadiyyat və mədəniyyət sahəsində hələ görüləsi işlər də vardır. Latviya-Azərbaycan biznes forumunda Azərbaycan biznesinin 50-dən çox nümayəndəsinin iştirak etməsi faktı da bunu təsdiqləyir.
Zatlers isə, öz növbəsində, göstərmişdir ki, Latviyada da bu foruma böyük maraq müşahidə olunur. Latviya tərəfindən həmin forumda 250-dən çox sahibkar iştirak etmişdir.
Prezidentlər informasiya texnologiyaları, nəqliyyat, energetika və linqvistika sahələrində də əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.
"Qrani.lv" portalı Prezident İlham Əliyevin Riqaya səfəri barədə "Azərbaycan və Latviya iqtisadiyyat və informasiya texnologiyaları sahələrində əməkdaşlıq edəcəklər" sərlövhəli materialda yazır: "Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri iki ölkənin iqtisadi və mədəni əməkdaşlığını möhkəmlətmək məqsədi daşıyırdı".
Müəllif iki dövlətin münasibətlərinin kifayət qədər müsbət istiqamətdə inkişaf etməsini vurğulayan Latviya Prezidenti Valdis Zatlersə istinad edir: "İlk baxışda tənəzzül gözlənilən bu illər ərzində iqtisadi əməkdaşlığın həcmi 10 faiz artmışdır. Forumun işi nəticəsində Azərbaycan-Latviya işgüzar şurası yaradılması təkcə hökumətlər və dövlət rəhbərləri səviyyəsində deyil, həm də sahibkarlar arasında əlaqələri möhkəmlətməyə imkan verəcəkdir". "Qrani" portalındakı məqalənin sonunda deyilir: "Azərbaycan Prezidenti Seymin sədri Solvita Aboltinya ilə də görüşmüşdür. Söhbət zamanı Aboltinya ümidvar olduğunu bildirmişdir ki, iqtisadi böhrana baxmayaraq, iki dövlətin paytaxtları arasında birbaşa hava əlaqəsi iqtisadi əməkdaşlığı xeyli asanlaşdıracaq, bu əməkdaşlığa, eləcə də "ölkələr arasında adi insani əlaqələrə" kömək edəcəkdir".

Digər xəbərlər