Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Fərman imzalayıb. Prezidentin Fərmanında qeyd olunur ki, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin:
I qrup əlillərə - 150 manat, II qrup əlillərə - 130 manat, III qrup əlillərə - 100 manat. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin "Sosial müdafiə və sosial təminat bölməsi" vəsaiti hesabına ödənilir, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin və bu Fərman 2011-ci il yanvarın 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev həmçinin 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə əlavə edilməsi barədə Fərman və sərəncamlar imzalayıb.