“2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat, xərclərinin isə 42,4 milyard manat həcmində proqnozlaşdırılması nəzərdə tutulur. Büdcə siyasətinin əsas istiqamətlərini dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi təşkil edir”.SİA xəbər verir ki, bu sözləri maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin üç komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Nazir müavini bildirib ki, növbəti il üçün ümumi daxili məhsulun həcmi 141 milyard manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 2,7 faiz real artım deməkdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulunun isə 109,1 milyard manat olacağı və 4,4 faiz real artım göstərəcəyi gözlənilir.Himalay Məmişovun sözlərinə görə, ortamüddətli dövrdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsas prioritetlərindən biri olaraq qalacaq. Xam neftin bir barelinin orta illik qiyməti büdcə hazırlanarkən 65 ABŞ dolları səviyyəsində müəyyən edilib, orta illik inflyasiyanın isə 5,3 faiz olacağı proqnozlaşdırılıb.O qeyd edib ki, növbəti ildə manatın məzənnəsinin 1 ABŞ dollarına 1,7 manat səviyyəsində sabit qalması nəzərdə tutulur.Nazir müavini dövlət borcunun idarə olunmasına da toxunaraq bildirib ki, dövlət borcunun ÜDM-ə nisbətinin cari ilin sonunda 19,5 faiz, 2030-cu ildə isə 20,4 faiz səviyyəsində olacağı gözlənilir.Himalay Məmişov diqqətə çatdırıb ki, oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edib. Bu göstərici xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.O vurğulayıb ki, büdcə siyasətinin əsas məqsədi fiskal intizamı qorumaqla iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməkdir.
Müəllif: Günay Hacıyeva