Möhtərəm cənab Prezident!
1993-cü ildə müstəqil respublikamızının banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, ictimai-siyasi sabitliyin bərqərar olması, sosial-iqtisadi problemlərin həlli istiqamətində atılan fundamental addımlar ölkəmizdə söz və mətbuat azadlığının müdafiəsi, cəmiyyət həyatına digər demokratik dəyərlər kimi plüralizmin də daxil olması üçün əsaslı zəmin formalaşdırmış və qısa müddət ərzində bu istiqamətdə böyük tarixi nailiyyətlərə imza atılmışdır.
Həmin dövrdən etibarən, ölkəmizdə mətbuatın azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, dünya standartlarına cavab verən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi sahəsində əməli tədbirlər həyata keçirilmişdir.
Müstəqil Azərbaycan Respublikasının Ulu Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq qəbul edilən ilk Konstitusiyasında, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda respublikamızda kütləvi informasiya vasitələrinin azadlığı, birmənalı olaraq, öz əksini tapmış, ölkəmiz bu sahədə bir sıra beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuş, Ümummilli Liderimizin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fundamental sənəd qəbul edilmişdir.
Ulu Öndərimiz Heydər Əliyev 2001-ci ilin 18 dekabrında ölkənin bir qrup aparıcı KİV rəhbərləri ilə görüşündən sonra isə milli mətbuatımızın mövcud problemlərinin həlli və Azərbaycan jurnalistikasının inkişafı məqsədinə yönələn bir sıra tarixi qərarlara imza atmış, bu sənədlər mətbuatın maddi-texniki bazasının daha da gücləndirilməsini, onlara güzəştli kreditlərin verilməsini, çoxsaylı qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunun dondurulmasını nəzərdə tutmuşdur. Jurnalist əməyinə bu cür yüksək diqqət və qayğının bariz nümunəsidir ki, 2001-ci ildə Ulu Öndərimiz Heydər Əliyev "Azərbaycan jurnalistlərinin dostu" elan olunmuşdu.
Bu gün böyük iftixar və fəxarət hissi ilə vurğulayırıq ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq, Siz söz, mətbuat azadlığının qorunması, inkişafı və gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirirsiniz.
Siz Ulu öndərimizin ənənələrinə sadiq qalaraq, redaksiyaların və jurnalistlərin maddi durumunu yaxşılaşdırmaq məqsədilə mühüm addımlar atmış, 31 iyul 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" son dərəcə mühüm əhəmiyyət kəsb edən tarixi bir sənəd imzalamısınız.
Konsepsiyaya müvafiq olaraq, 3 aprel 2009-cu il tarixində Sizin imzaladığınız digər sənəd - "Azərbaycan Respublikası Prezidenti Yanınıda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamınız ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasnı qoymuşdur.
Bu illər ərzində Sizin sərəncamlarınızla, bütövlükdə, 300 nəfərdən artıq mətbuat işçisi orden və medallarla təltif edilmiş, fəxri adlar almış, Prezident təqaüdü ilə mükafatlandırılmışlar.
Siz hər zaman mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə də xüsusi diqqət yetirirsiniz. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 (beş) milyon manat vəsaitin ayrılması barədə Sərəncamınız da Sizin biz jurnalistlərə qayğıkeş münasibətinizin təzahürüdür.
Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad və müstəqil mətbuat mövcuddur, onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz və Zati-Aliləriniz bu azadlıq və müstəqilliyin qarantı kimi çıxış edir. Sizin "Jurnalistlərin dostu" adına layiq görülməyiniz də mətbuata qayğı və himayənizin nəticəsi olaraq, bütün mətbuat işçiləri kimi, "Səs" qəzetinin kollektivini də ürəkdən sevindirir.
Möhtərəm cənab Prezident!
Vətənimiz üçün son dərəcə mürəkkəb və təlatümlü bir dövrdə-1991-ci ilin yanvar ayında ilk sayı işıq üzü görən "Səs" qəzeti ilk gündən Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sarılaraq çətin, şərəfli və ləyaqətli bir yol qət edərək 20 yaşına çatmış və "Səs" qəzeti bu gün də öz prinsiplərinə sadiq qalaraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına və Sizin siyasi xəttinizə sadiqlik nümayiş etdirir. Ulu Öndərimizin siyasi varisi kimi Siz müstəqil respublikamızın inkişafı və tərəqqisi yolunda əzmlə çalışır və bütün imkanlarınızı bu yolda səfərbər edirsiniz.
Əmin ola bilərsiniz ki, "Səs" qəzetinin kollektivi bu yolda daim Sizinlə birgə olacaq, Ulu Öndərimizin arzularından qaynaqlanan Sizin siyasi kursunuzu hər zaman müdafiə edəcəkdir. Fürsətdən istifadə edərək 20 illik yubiley sevincimizi Sizinlə bölüşmək şərəfinə nail olmaqdan məmnuniyyət hissi ilə Sizə kollektivimizin hər bir üzvünün salamlarını, hörmət və ehtiramını çatdırıram. Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimizin çiçəklənməsi naminə işlərinizdə daha böyük uğurlar arzu edirəm.