Xəbər verdiyimiz kimi, yanvarın 17-də Riqada Azərbaycan-Latviya biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda iştirak etmişlər.
Forum iştirakçıları Azərbaycanın və Latviyanın dövlət başçılarını hərarətlə qarşıladılar. Biznes forumda hər iki ölkədən 200 iş adamı iştirak etmişdir. Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır.
Prezidentlər biznes forumda çıxış etdilər. Latviya Prezidenti Valdis Zatler öz çıxışında bildirib ki, iki ölkənin işgüzar dairələri arasında bu cür görüşlərin və biznes forumların təşkil edilməsinin ənənəyə çevrilməsini alqışlayır. Latviya Prezidenti vurğulayıb ki, Latviya-Azərbaycan Hökumətlərarası Komissiyası ikitərəfli əlaqələrin yüksəldilməsi və əlaqələndirilməsində, həmçinin hökumət səviyyəsində biznes prioritetlərinin dəstəklənməsində səmərəli bir alətə çevrilə bilib: "Tərəfdaşlığımızın ikitərəfli olmasını bu gün Prezident Əliyevin və mənim imzaladığımız Bəyannamə nümayiş etdirir. Bu, onu da göstərir ki, biz tərəfdaşlığımızın qanunvericilik bazasını elə bir səviyyədə genişləndirmək istəyirik ki, ikitərəfli əlaqələrimizin yüksəldilməsini daha da sürətləndirək. Hər iki tərəf malların və xidmətlərin bazarlara çıxışına şərait yaratmaqla, biznes mühitinin yaxşılaşdırılmasına dəstək verməklə və mütəmadi olaraq biznes forumların keçirilməsi yolu ilə iqtisadi artıma yardımçı olmağa razılıq verdi.
Bu Bəyannamədə, biz eyni zamanda, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün sərmayələrin vacibliyini qeyd etdik. Vədimiz odur ki, biz əlaqələri, beynəlxalq və regional təhlükəsizlik baxımından təcrübə mübadiləsini mütəmadi davam etdirəcəyik.
İqtisadi əməkdaşlıq Latviya və Azərbaycan arasındakı ikitərəfli əlaqələrdə ən mühüm amillərdən biridir. Biz ötən bir neçə il ərzində, bu əlaqələrdə müsbət inkişaf dinamikasının şahidi olduq. Misal üçün, 2009-cu ilin eyni dövrü ilə müqayisədə, 2010-cu ilin ilk üç rübündə Azərbaycan və Latviya arasında olan ticarət dövriyyəsi 10 faiz artmışdır. Son 5 il ərzində isə ölkələrimiz arasında ticarət dövriyyəsi 81 faizədək artmışdır. Bu, böyük nailiyyətdir. Lakin, eyni zamanda, o da aydın görünür ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır. Mən ölkələrimiz arasında səmimi dostluğu, həmçinin iqtisadi, sosial və mədəniyyət sahələrində uğurlu əməkdaşlığı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, siz ölkəmdə, Latviyada biznesin inkişaf etdirilməsi üçün yeni imkanlar tapacaqsınız.
X X X
Prezident İlham Əliyev öz çıxışında bildirib ki, bugünkü tədbir çox əhəmiyyətlidir. Artıq Latviya-Azərbaycan biznes forumlarının keçirilməsi gözəl ənənəyə çevrilibdir. Prezidenti bildirib ki, birinci dəfə deyil ki, ölkələrimizin iş adamları bir araya gəlirlər. Görünür, qarşılıqlı maraq o qədər böyükdür ki, biznes forumların mütəmadi qaydada keçirilməsi artıq reallığa çevrilibdir:
"Həqiqətən qarşılıqlı maraq böyükdür. Baxmayaraq ki, Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələr hazırda bizi qane etmir və bu gün biz cənab Prezidentlə bu barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, potensial daha da güclüdür. Ancaq bugünkü siyasi əlaqələr və iki ölkə arasında inkişafda olan əməkdaşlıq meyilləri biznes sahəsində inkişafa da gözəl şərait yaradır. Biz çalışmalıyıq ki, aramızdakı əlaqələr çoxşaxəli olsun, bütün sahələri əhatə etsin, o cümlədən iqtisadi sahədə daha da böyük işlərin görülməsi üçün yaxşı imkanlar vardır. Bu gün Latviya ilə Azərbaycan arasında çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bəyannamədə əks olunan məsələlər münasibətlərimizin perspektivlərini müəyyən edir və niyyətimizi ifadə edir. Bu gün, bütövlükdə mənim Latviyaya ikinci səfərim zamanı çox faydalı danışıqlar, geniş fikir mübadiləsi aparılmışdır. Əminəm ki, bu səfər iki ölkə arasındakı münasibətlərə güclü təkan verəcəkdir. Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Son illər ərzində iqtisadiyyatımız dünyada ən yüksək templərlə inkişaf etmişdir. Son 7 ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, yoxsulluq 4-5 dəfə azalmışdır, ölkəmizdə 900 mindən artıq yeni iş yeri açılmışdır, ölkə iqtisadiyyatına çox güclü təkan verilmişdir, Azərbaycana investisiyalar cəlb olunur. Təkcə keçən il ölkəmizə 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi artıq daxili sərmayələrdir. Azərbaycan şirkətləri və Azərbaycan dövləti tərəfindən 9 milyarddan çox vəsait qoyulmuşdur.
Eyni zamanda, Azərbaycan investisiyalar üçün də çox əlverişli ölkədir və biz Latviyadan investisiyaları gözləyirik. Əminəm ki, bu investisiyalar daha da böyük həcmlə ölçüləcək, Azərbaycan isə öz tərəfindən xarici ölkələrə böyük həcmdə investisiyalar qoymağa başlamışdır. Son bir neçə il ərzində qonşu ölkələrə bir neçə milyard dollar Azərbaycan investisiyaları qoyulubdur və bu proses davam etdirilir. Biz maraqlıyıq ki, bizim üçün dost olan ölkələrlə investisiya layihələri əsasında əməkdaşlığımızı gücləndirək.
Bizim üçün ənənəvi olan energetika sektoru Azərbaycanda sürətlə inkişaf edir. Keçən il Azərbaycanda 51 milyon ton neft və 27 milyard kubmetr qaz hasil olunmuşdur ki, bunların böyük hissəsi dünya bazarlarına ixrac edilmişdir. Bir neçə gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sektoruna dair çox vacib bəyannamə imzalanmışdır. Bu bəyannamənin Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığa da çox böyük təsiri olacaqdır. Mən bir daha qeyd etmək istəyirəm ki, hər bir iqtisadi təşəbbüs Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir. Mən bir daha biznes forumun bütün iştirakçılarını ürəkdən salamlayıram, latviyalı dostlarımıza, xüsusilə cənab Prezident Zatlersə bizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu biznes forumun gələcəkdə çox gözəl nəticələri olacaqdır."
Azərbaycan Prezidentinin və xanımının şərəfinə
Xəbər verdiyimiz kimi, yanvarın 17-də Riqada Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə çıxış etdilər.
Latviya Prezidenti Valdis Zatlerin çıxışı
- Cənab Prezident! Xanım Əliyeva! Zati-aliləri, xanımlar və cənablar!
Mən və xanımım Azərbaycan Respublikasının Prezidentini və xanım Mehriban Əliyevanı Riqada qəbul etməkdən çox məmnunuq.
Mən 2009-cu ilin avqust ayında Sizin gözəl ölkənizə səfərimi məmnuniyyətlə xatırlayıram. Əminəm ki, bu səfər də Azərbaycan və Latviya müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində ölkələrimiz arasında qurulmuş qarşılıqlı anlaşmanın davamlı təsdiqinə xidmət edəcəkdir.
Cənab Prezident və xanım Əliyeva, 1918-ci ildən başlanmış müstəqilliyin ilk mərhələsi Latviya və Azərbaycanın inkişafı üçün həlledici olmuşdur. Təəssüf ki, o dövr Azərbaycan üçün 2 ildən az müddət davam etmişdir. Lakin bu müddət parlamentarizm və demokratiya toxumlarının ölkənizdə səpilməsi üçün kifayət etmişdir. Azərbaycan islam dünyasında ilk parlamentli respublika olmuşdur və Sizin ölkəniz qadınlara hətta Böyük Britaniya və ABŞ-dan da əvvəl seçib-seçilmək hüququnu vermişdir. Bunlar bu gün Azərbaycanı demokratik dəyərlərə doğru aparan tarixi əhəmiyyətə malik hadisələrdir.
Latviya və Azərbaycan coğrafi cəhətdən strateji mövqeyə malikdirlər. Biz Qərblə Şərqin, Avropa ilə Asiyanın kəsişməsində yerləşirik. Bu yerləşmə heç də hər zaman bizim insanlar üçün rifah və əmin-amanlıq gətirmir. Lakin bu, xalqlarımızın ruh yüksəkliyini möhkəmləndirmiş və mədəniyyətimizi əsaslı şəkildə zənginləşdirmişdir.
Cənab Prezident və xanım Əliyeva, ötən 20 il ərzində Latviya Avropa İttifaqının və Şimali Atlantika Müqavilə Təşkilatının tam üzvü olmaq kimi strateji məqsədinə çatmaq üçün böyük işlər görmüşdür. Mən həqiqətən də fəxrlə bildirmək istəyirəm ki, bizim üzvlük statusumuz, habelə, Azərbaycanın bu təşkilatlarla sadiq tərəfdaşlığı ölkələrimiz və regionlarımız arasında əməkdaşlığa daha geniş imkanlar açmışdır.
Qısa müddət ərzində Latviya ümumi Avropa məkanına qoşulmada böyük işlər görmüşdür. Biz hətta deyə bilərik ki, islahatlar sahəsindəki təcrübəmiz, nailiyyətlərimiz və uğursuzluqlarımız bu cəhətdən Latviyanın ən dəyərli ixracat məhsullarından biri olmuşdur. Biz Azərbaycanda islahatlar istiqamətində göstərilən səylərə dəstək olaraq öz təcrübəmizlə bölüşməyə hazırıq.
Cənab Prezident, xanım Əliyeva, nümayəndə heyətlərimizin son bir neçə gün ərzində keçirdiyi konstruktiv müzakirələri alqışlayıram. Çünki bu müzakirələr ölkələrimizin qarşılıqlı maraqlarını nümayiş etdirmişdir.
Ölkələrimiz arasında mövcud olan təkmilləşdirilmiş hüquqi və müqavilə bazası, hər ikimizin imzaladığı Bəyannamə ölkələrimiz üçün gələcək əməkdaşlığın sahələrini açıq şəkildə nümayiş etdirir. Mən Latviya və Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə kömək edəcək iqtisadi əlaqələri xüsusi olaraq vurğulamaq istəyirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında daim artan ticarət dövriyyəsi ilə nəticələnən mövcud iqtisadi tərəfdaşlıq, eləcə də iki ölkənin biznes dairələrindən ibarət nümayəndə heyətləri üçün bu gün keçirilmiş biznes forum sayəsində Latviya ilə Azərbaycan arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə artacaqdır.
Cənab Prezident, xanım Əliyeva, icazənizlə öz adımdan və xanımımın adından bu badəni Latviya və Azərbaycan arasında dostluq və uğurlu əməkdaşlığın, xalqlarımızın gələcəyi və rifahı şərəfinə qaldırıram. Sizin sağlığınıza, cənab Prezident! Sizin sağlığınıza, xanım Əliyeva! Yaşasın Latviya! Yaşasın Azərbaycan!
X X X
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident!
Hörmətli xanım Zatlere!
İlk öncə, nümayəndə heyətimiz adından Azərbaycan dilində söylədiyiniz sözlərə görə Sizə dərin minnətdarlığımızı bildirmək istərdim. Eyni zamanda, çox mürəkkəb Azərbaycan sözlərini belə ustalıqla tələffüz etməyiniz bizdə iftixar hissi yaratdı. Sizə söz vermək istəyirəm ki, növbəti görüşümüz zamanı, həmçinin mən də bir sıra sözləri latış dilində söyləyəcəyəm.
Hörmətli cənab Prezident!
Hörmətli xanım Zatlere! Xanımlar və cənablar!
İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm. Zəngin tarixi və mədəniyyəti, füsunkar təbiəti ilə seçilən dost ölkənizi ikinci dəfə ziyarət etməyimdən çox məmnunam.
Son altı ildə Azərbaycan Respublikasının və Latviya Respublikasının prezidentləri yeddinci dəfədir ki, görüşürlər. Bu, ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx münasibətlərin əyani göstəricisidir.
Sizin 2009-cu ildə Azərbaycana etdiyiniz səfər ölkələrimiz arasındakı əlaqələrin yeni müstəviyə keçməsində mühüm rol oynamışdır. Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Lakin iqtisadi əlaqələrimizin bügünkü göstəriciləri ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu olunan səviyyədə deyildir. Biz Latviya ilə əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıyıq.
Cənab Prezident, ümid edirəm ki, bu gün Sizinlə qarşılıqlı maraq doğuran məsələlər ətrafında apardığımız fikir mübadiləsi, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər, Birgə Bəyannamə və keçirilən biznes forum ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəkdir.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Latviya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına xüsusi önəm verən ölkələrdəndir.
"Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində qarşılıqlı fəaliyyətimiz faydalıdır və Azərbaycanı Avropa ailəsinə daha da yaxınlaşdıracaqdır.
Azərbaycan ilə Latviya arasında əlaqələrin tarixi kökləri vardır. Ötən əsrlərdə Latviyanın bir çox nümayəndələri - diplomat Antons Balodis, rəssam Yanis Yaunsudrabinş, yazıçılar Ernest Birzniyek-Upits, Pavlis Rozitis, Sudrabu Edjus, Yanis Vanyuskis və Avqust Arays Berts uzun illər Azərbaycanda yaşayıb yaratmışlar.
İnanıram ki, burada yaşayan, Latviya vətəndaşları olan soydaşlarımız ölkənizin həyatında fəal iştirak edir, onun inkişafına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfə verir və bundan sonra da bu missiyanı davam etdirəcəklər.
Ötən illər ərzində Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Bunun nəticəsi olaraq son 7 ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4-5 dəfə azalmış, ölkəmizə 82 milyard dollar həcmində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.
Azərbaycan zəngin təbii resurslara malikdir. Neft ehtiyatları ilə yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdən artıqdır. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycanın enerji ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən neft və qaz boru kəmərləri çəkilmişdir. Ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsinə mühüm əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün öz töhfəsini verməyə hazırdır.
Bütün bunlarla bərabər, Azərbaycanın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur. Bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qərarları yerinə yetirilməlidir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, Latviyaya səfər etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və uğurlar arzulayır, bu badəni Sizin və xanımınızın şərəfinə, Latviya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırıram. .
Prezident İlham Əliyevin Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın, müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparıldı.
Energetika, qarşılıqlı investisiyaların qoyuluşu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması önəminin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyi qeyd olundu.
Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın və geniş imkanların olduğu vurğulanan görüşdə bu əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edildi.
Prezidentin səfəri başa çatıb
Dünən Prezident İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri başa çatıb. Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hava limanında Prezident İlham Əliyevi Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Həmin gün dövlətimizin başçısı Vətənə qayıtdı.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.